Ölüləri yaşadan Bağça müdirəsindən prokurora ağır ittiham - ŞOK FAKTLAR

15, 05, 23
21:00

Ölüləri yaşadan Bağça müdirəsindən prokurora ağır ittiham - ŞOK FAKTLAR


Xatırladaq ki, bu yaxınlarda “Saxta sənəd düzəldən müdirə” başlıqlı məqalə dərc etmişdik. Həmin məqalədən bir gün sonra redaksiyamızın elektron poçtuna Bakı şəhəri üzrə Təhsil İdarəsindən məktub daxil olmuşdur. Məktubda qeyd edilirdi ki, həmin bağçada araşdırma aparılır və nəticəsi barədə bizə əlavə məlumat veriləcəkdir. Bizə qaranlıq qalan bir neçə məqama görə bu mövzuya yenidən qayıtmaq qərarına gəldik.

"Azərbaycan Reallığı" xəbər verir ki, Redaksiyamıza yeni daxil olan məlumatlara görə xəstəlik adıyla bülletenə çıxan 139 nömrəli Körpələr evi-uşaq bağçasının müdirəsi Aytən Fərəcova (Quliyeva) iki gündür ki, işə çıxır. İşə çıxan kimi isə öz komandasını başına toplayaraq köhnə qaydalarla işləyəcəyini, “yuxarıların haqqını verərək” “prokurorluqdakı və təhsildəki araşdırmaları” həll etdiyini bildirmişdir.

Bizə də maraqlıdır ki, görəsən bağçadakı işçilərin izahatlarını alan Nəsimi rayon Prokurorluğunun əməkdaşı Aytən Ramazanova və Bakı şəhəri üzrə Təhsil İdarəsinin bir neçə məsul vəzifəli şəxsi bu qədər yeyinti və qanun pozuntuları hallarını bilə-bilə araşdırmanı necə yekunlaşdırıblar?

Görəsən kartları A.Fərəcovada olan aşbaz vəzifəsində işləməli olan Zeynalova Gülzar Ağaəli qızının, xadimə kimi sənədləşdirdiyi qızı Quliyeva Gülsüm Məmmədəli qızının, paltaryuyan kimi işləməli olan Cəfərova Arzu Qaybalı qızının, gözətçi kimi güya işə götürdüyü Kaşenkon Marina Vladimirovnanın və Nağıyeva Ülviyyə Mahir qızının illərdi maaşlarını mənimsəyən müdirənin qanunsuz əməllərinə nə vaxtacan göz yumacaqlar?!

Qeyd edək ki, bağçaya yoxlama gəldikdən sonra kartları illərdi müdirədə olan “ölü canlardan” – tərbiyəçi Əliyeva Rübabə Tofiq qızı, müsiqi rəhbəri Quliyeva Xanımqız Xasay qızı, tibb bacısı Mustafayeva Aysel Mübariz qızı artıq işə çıxırlar. 

Havadarlarından xeyir-dua alan Nəsimi rayonundakı 139 nömrəli Körpələr evi-uşaq bağçasının əməkdaşları daim valideynlərdən məhz direktor Aytən Fərəcovanın adı ilə aylıq ödəniş tələb edirlər. Uşaq qəbulu da rüşvətlə olan həmin bağçada bu aylıq ödəniş daim tələb edilibdir. Uşaqların yeməkləri də keyfiyyətsizdir və bu hal da müdirəni heç maraqlandırmır.

Maraqlıdır ki, daxil olan məlumata görə bağça müdirəsi A.Fərəcova pandemiya vaxtı işçilərinə saxta COVİD-19 pasportu düzəldirməklə də məşğul olduğu üçün işdən çıxarılmaq məsələsi qoyulsa da, hələ də vəzifəsini icra etməkdədir. Bu yaxınlarda yenə onun işində ciddi nöqsanlar aşkarlansa da, hansısa gözəgörünməz qüvvələr yenə onu vəzifəsində saxlaya bilmişdir.

Deməli buradan belə məlum olur ki, müdirə xanımın öz yaxın ətrafına “yığdığını yuxarılara ötürməsi və onu heç kimin işdən çıxara bilməyəcəyi” barədə dediyi düzüymüş. Ümidvarıq ki, bu yazımızdan sonra əlaqədar orqanlar həmin uşaq bağçasındakı nöqsanlara görə günahkarları cəzalandıracaqdır.

P.S. Qeyd edək ki, Nəsimi RİH saytında müdirənin familiyası Fərəcova, BŞTİ-də rəsmi sənədlərdə Quliyeva kimi getdiyindən biz hər iki familiyadan istifadə etmişik.

Qarşı tərəfi də dinləməyə hazırıq.
 
AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın