“Hədəflərim yüksəkdir” – Repetitor yanına getmədən 700 bal toplayan Nərmin– VİDEO

31, 07, 18
18:08

“Hədəflərim yüksəkdir” – Repetitor yanına getmədən 700 bal toplayan Nərmin– VİDEO

İlk imtahanda 690 bal toplasa da, bununla razılaşmayan nərmin ikinci imtahanda məqsədinə çatıb.

ARB TV xəbər verir ki, Şəki şəhər Fizika-Riyaziyyat və Humanitar təmayüllü liseyin məzunu İsmayılova Nərmin Etibar qızı DİM tərəfindən keçirilmiş III ixtisas qrupu üzrə imtahanda 700 bal toplayıb.  

Oxuduğu məktəbi maksimum nəticə ilə bitirən Nərminə Şəki Təhsil Şöbəsi rəhbərliyi tərəfindən fərqlənmə attestatı verilib.

Nərmin İsmayılova – Məzun: “İlin əvvəlində məqsədim əslində 690 bal toplamaq idi. Lakin birinci imtahandan sonra gördüm ki, mən 700-ə xeyli yaxınlaşmışam. Dedim ki, niyə də olmasın? Məhz buna görə də daha dərindən hazırlaşdım və nail oldum. Hədəflərim yüksəkdir. İxtisasımı öyrəndikdən sonra əsasən sosial işlərdə daha yaxından iştirak etmək istəyirəm”.

Heç bir repetitor yanına getməyən Nərmin, göstərdiyi maksimum nəticə ilə məktəb təhsilinin nə qədər önəmli olduğunu bir daha sübut etmiş olub. Onun sözlərinə görə, yüksək nəticə göstərmək üçün dərslərə sistemli şəkildə hazırlaşmaq lazımdır. 

Ən böyük istəyi hüquqşunas olmaq olan Nərmininin addımladığı bu yolda ona ən böyük dəstəkçiləri isə müəllimləri və valideynləri olub.

Günel Məmmədova – Sinif rəhbəri: “Həm sinif rəhbəri, həm də Dil və Ədəbiyyat müəllimi kimi onunla fəxr edirəm. 
Nərmin liseydəki adını layiqincə doğrultdu. Nərmin kimi yüksək bal toplayan şagirdlərimi də təbrik edirəm”.

Etibar İsmayılov – Atası: “Öz müəllimlərinin sayəsində, məktəbdə olan nizam-intizam sayəsində, özünün çalışqanlığı sayəsində, bir də ki, az da olsa bizim də zəhmətimiz var ailə olaraq. Hər tərəfli razıyam, çox şadam”. 

Qeyd edək ki, Şəkidə bu il 1200 nəfərdən çox abituriyent ali məktəblərə qəbul olunmaq üçün ərizə verib, 1 nəfər 700 bal, 70 nəfər 600 baldan yuxarı, 183 nəfər isə 500 baldan yuxarı nəticə göstərib.
 

Bizimlə əlaqə saxlayın