MƏKTƏB DİREKTORU HAQDA ŞOK İDDİALAR - İşdən qanunsuz olaraq çıxarıldığını iddia edən müəllimədən ölkə rəhbərliyinə müraciət

02, 04, 23
20:00

MƏKTƏB DİREKTORU HAQDA ŞOK İDDİALAR - İşdən qanunsuz olaraq çıxarıldığını iddia edən müəllimədən ölkə rəhbərliyinə müraciət


Şirvan şəhərində yaşayan Əliyeva Təranə Əlövsət qızı  tərəfindən "Azərbaycan Reallıığı"na şikayət məktubu daxil olub. Şikayətçi Şirvan şəhərində yerləşən 10 saylı məktəbin direktoru Arif Əliyevi onu qanunsuz şəkildə işdən uzaqlaşdırmaqda ittiham edir: 

“Mən Əliyeva Təranə Əlövsət qızı, Şirvan şəhər sakiniyəm. Ali  təhsilliyəm, rus dili müəlliməsiyəm. 25 ilə yaxın pedaqoji stajım  var. 20 ilə yaxın müddətdə  Şirvan  şəhər, Elçin  İmanov  adına  10 saylı  məktəbdə  rus  dili  müəlliməsi  kimi  işləmişəm. İşlədiyim  müddətdə   heç  vaxt  dərsdən  qalmamış, bulletenə  belə çıxmamışam. İntizamlı müəllimə olmuşam.

Bu işimdən əlavə, qeyri-hökümət təşkilatlarında da işləmişəm. 2007-2008-ci illərdə kurikulumun nazırlıq  mərhələsində  Amerikada - Nyuorkda qrant layihəsinin rəhbəri olmuşam. Misir  Mərdanovun nazir olduğu dönəmdə 5 min dollarlıq mükafata layiq görülmüşəm.  İngilis və rus dili fənləri  üçün “Xalqalr dostluğu” başlıqlı layihənin  rəhbəri olmuşam. O layihənin  sayəsində  bizim  məktəbin  xarici  dil  müəllimləri  10 il müddətində   həmin otaqdan   istifadə  etdilər.

2017-ci  ildə,  iyun  ayında  müəllimlərin  qol  çəkdiyi  vaxtda Şirvan  şəhər, 10 saylı  məktəbin  direktoru  söhbət  əsnasında  mənə  bildirdi ki,  niyə sən  yay  tətilində  işləməyə  getmirsən,  ailə  vəziyyətində  çox  ağırdır? Həqiqətən də mənim  ailə  vəziyyətim  çox  ağırdır. Evimdə  xəstə  anam,  böyük  külfət -  hamısı  mənim  üzərimdə idi. Mən də direktor  Arif  Əliyevlə  aramızda  danışdıq ki, biraz  özümü  düzəldənə  kimi məni  işimdə idarə etsin.

Fikirləşdim ki, məzuniyyət  pulumu  alım,  sonra  görüm  nə  iş  tapıram, hec  olmasa,  bir az  borclarımı,  kreditlərimi  idarə  edim. Mən  ona  dedim ki, məzuniyyətimi  aldıqdan  sonra  kartımı  sizə verərəm, 2-3 ay idarə  edin, sonra  işə  qayıtdıqda  kartımı  götürərəm. Məni  şirin  dilinə  salıb  aldatdı,  əslində isə  mənim  yerimə  adam axtarırmiş ki, 7 min AZN qarşılığında işə  götürsün. Lakin yerimə seçilən müəllimə gəlib görəndə ki, bu mənim yerimdir, razılaşmayıb”.

Şikayətçi deyir ki, sonradan direktor onu qanunsuz olaraq işdən azad edib: “2017-ci il sentyabrın 15-də guya öz  xahişimlə  işdən  azad  olmuşam. Həmin vaxtdan  mənə  hec  bir  sənəd  təqdim  olunmamışdır. Əmək  kitabçamı  2021-ci  ilin  noyabr  ayında,  çox  get-gəldən  sonra  almışam. Mənə  əmrim  verilməmişdi.  Əmrimi  2022-ci  il, avqustun  22-də  aldım . Avqustun 29-da sənədlərimi məhkəməyə təqdim  etdim. İddia  ərizəsində  sadəcə  ərizəmin  yoxlanılmasını,  xəttşunaslıq  ekspertizasından  keçirilməsini  istədim ki, iş çox uzun çəkməsin.

2022-ci il 3 oktyabr tarixində Şirvan şəhər Məhkəməsində  hazırlıq  iclasımız  oldu. Prosesdə məktəb direktoru israr etdi ki,  “işdən  getmək haqda ərizəni  müəllimənin  qızı  yazib”. Yəni, guya, qızım  sentyabr  ayında  mənim  adımdan  ərizə  yazıb. Amma  bu  savadsız  direktor  bilmir ki, işdən  getmək haqda  ərizəni  müəllimin  özü  yazmalıdır.

Azərbaycan  qanunlarına  əsasən, mənim qızım, yaxud hansısa ailə üzvüm o  vaxt mənim adımdan ərizə  yaza  bilər ki, mən onların  adına etibarnamə verərdim. İşdən  getmək haqda ərizənin üstünə  etibarnamənin surəti  tikilməli və əmək  kitabçama  da  belə  yazılmali  idi. Məsələn,  filan  saylı etibarnaməyə  əsasən, Əliyeva Təranə  Əlövsət  qızı  öz  xahişi ilə  işdən  azad  olunur”.

Təranə Əliyevanın sözlərinə görə, direktor Arif Əliyev müəllim  deyil, sadəcə məşqçidir, üstəlik 65 yaşı 2022-ci il aprelin 15-də tamam  olsa da, hələ təqaüdə  getməyib: “Yəqin ki, havadarları  çox  güclüdür. Hələ  öz  taxt-tacında, öz səltənətində “vəzirləri”, “vəkilləri”  ilə ömür  sürur.

Məktəbin  bütün  rəhbərliyi  Arif  Əliyevin  öz  adamlarıdır. Məktəb  onların  gəlir  mənbələri,  “ticarət  mərkəzləri”dir. Məktəbin 2-ci, 3-cü mərtəbələri  hazırlıq  keçmək  üçün  müəllimlərə icarəyə verilir. Guya  bundan Təhsil Nazirliyinin, rayon Təhsil Şöbəsinin, Şirvan icra  başçısının xəbəri yoxdurmu? Var, sadəcə hər kəsin haqqını  yüksək  şəkildə  verir. O, məktəbi  “yeyib  dağıdır”,  onu  durduran  yoxdur. Maraqlanmaq laızmdır ki, Arif  Əliyevin  və  Rövşən  Allahverdiyevin havadarları kimlərdir”.  

Şikayətçi yazır ki, iyulun 7-də Təhsil nazirinin müavini, İnsan  Resurslarının müdiri Eşqi Bağırovun qəbulunda  olub: “Eşqi  Bağırov qəbulda Səlyan  Regional  Təhsil  İdarəsinin  müavini  Rövşən  Allahverdiyevi tərifləməyə  başladı. Cavabında  ona  dedim ki,  Rövşən  Allahverdiyevi  ona  görə  tərif  edirsiniz ki, MİQ-də sizə əla pul gətirir. Çünki kim MİQ imtahanından keçmək  istəyirsə, Rövşən  Allahverdiyevi  axtarır. Artıq müəyyən bir məbləğ qoyublar, qiymət 20-25 min AZN arasında dəyişir”.

Təranə Əliyeva deyir ki, direktorun qanunsuz qərarı ilə bağlı məhkəməyə də müraciət edib: “2022-ci  il, 3 oktyabr tarixində  Şirvan  şəhər  Məhkəməsində  Arif Əliyev hakim Elçin  Qurbanova  işdən çıxmaq haqda əmrimi  təqdim  etdi. Mənim təqdim etdiyim əmrlə onların təqdim etdiyi əmrin arasındakı fərqi hakim də gördü. Mənə verilən əmrdə belə  yazılıb: “Öz xahişi ilə azad olunub”. Direktorun təqdim etdiyi əmrdə isə, guya,  xəstəliklə  işdən öz  xahişimlə çıxdığım qeyd olunurdu. Yəni ortada 2 fərqli əmr var idi. Hakim dedi ki, Arif müəllim,  bunu dəyişdirin, bu nədir  gətirmisiniz? Təbii ki, Elçin  Qurbanov da ancaq  Arif  Əliyevin  dediklərini təsdiqləyirdi və bunun səbəbi mənə qaranlıq qaldı”.

Haqsız yerə işdən çıxarıldığını deyən şikayətçi xanım vurğuladı ki, 2017-ci ildə etibarən bütün müvafiq strukturlara müraciət etsə də, heç bir nəticəsi yoxdur: “Məni haqsız yerə, xəbərim olmaya-olmaya işimdən azad ediblər. Bu nə  qədər  düzgün bir qərardır? Bu hadisəni imkansız, çarəsiz olmağımdan istifadə adlandıra bilərəm. 2017-ci ildən bu günə kimi mübarizə  aparıram, amma şikayətimə baxan yoxdur. Təhsil Şöbəsinin  müdiri Rövşən Allahverdiyev  indi “Salyan Regional”da müavin  işləyir, Arif Əliyevlə əlbir olub mənim işimə son veriblər”.

Şikayətçi sonda onu da bildirir ki, direktor və Təhsil şöbəsinin keçmiş müdiri onu aclığa məhkum ediblər: “Arif Əliyev və Şirvan  Təhsil şöbəsinin keçmiş  müdiri, indiki  “Salyan  Regional”ın müdir müavini Allahverdiyev  Rövşən əlimdən  axırıncı  tikəmi  də aldı  və  ailəm  ac-yalavac  vəziyyətdədir. “Hürriyyət” vasitəsilə Təhsil Nazirliyinə, Prezident aparatına müraciət edirəm! Xahiş edirəm ki, şikayətimə əsaslı şəkildə baxılsın”.

Jalə FAMİLQIZI

P.S. Ölkədə direktorların özbaşınalıqları sanki dəb halına düşüb. Bəs, təhsil şöbələrinin bir faydası olmayacaqsa, valideynlərin, müəllimlərin şikayətinə baxılmayacaqsa, bu qurumlar niyə var? Fikir verirsinizsə, şikayətçilərin heç biri məhkəmədən, polisdən, prokrorluqdan və s. orqanlardan düzgün nəticə gözləmirlər. Hər biri mətbuat vasitəsiylə Prezidentə müraciət edir. Hətta şikayətçilər tam yəqinliklə deyirlər ki, ölkə başçısına məktubları çatmır. Hansısa orqanların bu məktublara müdaxilə etdiyini bildirirlər…

Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841
 

Bizimlə əlaqə saxlayın