BDU-dakı bıçaqlanmanın səbəbi: “Abel Məhərrəmovun fəhləyə 40 min manat borcu olub”

05, 02, 22
10:00

BDU-dakı bıçaqlanmanın səbəbi: “Abel Məhərrəmovun fəhləyə 40 min manat borcu olub”


Ötən ilin iyul ayında Bakı Dövlət Universitetinin (BDU) rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyevi və komendant Şahlar Bəgalıyevi bıçaqlayan İsmixan Mirzəyevin cinayət işi ilə bağlı yeni detallar məlum olub.

Rektorun müşaviri Mirzə Mirzəyev bildirib ki, İ.Mirzəyev ilk dəfə 2019-cu ilin oktyabr ayında yanına gələrək universitetdən 20-40 min manat alacağı olduğunu deyib:

“Bildirdi ki, keçmiş rəhbərliklə bağlı məhkəməyə müraciət edəcək. Buna səbəb isə Abel Məhərrəmovun tapşırıqlarına əsasən gördüyü işlər üzrə yaranmış borcdur. Mən də bunu rektora məruzə edəcəyimi dedim. Lakin o, bu borcun qeyri-rəsmi borc olduğunu dedi. Guya Abel Məhərrəmov ona şəxsi işlərini gördürüb və bunun qarşılığında ona pul verməyib. Mən də ona dedim ki, bu onun şəxsi məsələsidir və universitetə heç bir adiyyatı yoxdur. Sonra yenidən yanıma gəlib maaşının azaldıldığını dedi. Bildirdi ki, əvvəlki rəhbərliyin vaxtında onu aldadıb vəzifəsini dəyişiblər, nəticədə əmək haqqı aşağı düşüb. İndi isə qaldırılmasını istəyir.

Araşdırdım ki, rəhbərlik dəyişən ərəfədə onu başqa ştata keçiriblər və maaşı azaldılıb. Bununla bağlı razılıq ərizəsi də yazıb. O əvvəllər BDU-nun nəzdindəki sexdə işləyib. Daha sonra isə vəzifəsi dəyişərək fəhlə olub. Növbəti dəfə mənim yanıma gələndə dedi ki, artıq fəhlə işləmək istəmir. O vaxt ki, rəhbərliyin həm şəxsi, həm universitet üçün lazım olan işlərini görüb. İndidə istəyir ki, eyni qaydada fəaliyyət göstərsin. Mən ona dövlət müəssisəsinin nəzdində şəxsi sex işlədilməsinin yol verilməz və qanunsuz olduğunu dedikdə isə alətlərini də götürüb gedib başqa yerdə işləmək istədiyini dedi. Bu zaman o səsini qaldırmışdı və heç gözləmədiyim anda məni bıçaqla vurdu”.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə İ.Mirzəyev ifadə verərək özünü təqsirli bildiyini deyib.

O bildirib ki, 11 il BDU-da sexdə işləyib: "Universitetdə rəhbərlik dəyişəndən sonra maaşımı 600 manatdan 400 manata saldılar. Etiraz edəndə mənə dedilər ki, səni başqa işə keçirəcəklər, maaşın bərpa olunacaq. Keçmiş rektorun dövründən işləyənlərdən yalnız mənim maaşım azalmışdı. Yeni rektorun qəbuluna düşə bilmədim. Rektorun müşaviri Mirzə müəllim isə dedi ki, xəbər edəcəyik. Hadisə günü öyrəndim ki, məni işdən çıxarıblar. Mirzə müəllimin yanına gedəndə mənə məsələni araşdıracağını dedi. Sexdən öz bıçağımı və sənədlərimi götürüb evə gedirdim. Sonuncu dəfə Mirzə müəllimlə görüşmək üçün yanına getdim. Bir anlıq özümü itirib bıçağı sənədlərin arasından çıxarıb onu vurdum. Həmin vaxt otağa Şahlar girdi. Özümdə deyildim, onu da bıçaqla vurdum".

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mirzəyev 7 il müddətinə azadlıqdan məhrum edilib. (Kriminalqafqaz)

Lamiyə Məmmədova

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın