Hüquqşünas: "Lisey şagirdi tədrisdən uzaqlaşdırmaqla onun təhsil hüququnu pozub"

21, 03, 21
09:47

Hüquqşünas: "Lisey şagirdi tədrisdən uzaqlaşdırmaqla onun təhsil hüququnu pozub"


Təhsil eksperti: "Pandemiya dövründə təhsilhaqqı 50 faiz azaldılmalı idi”

"Pandemiya dövründə təhsil onlayn keçirildiyi halda,"İdrak” liseyi valideynlərdən illik ödənişi 70 faiz tələb edir”.

Azerbaycanrealligi.com xəbər verir ki, Bunu Meydan TV-yə valideyn Fikrət Cəfərov deyir.

Bildirir ki, təhsil müəssisəsi valideynlə-lisey arasında imzalanan müqavilədəki öhdəlikləri yerinə yetirməyib:

"Müqavilə şərtlərində göstərilir ki, şagird səhər saat 8-dən axşam saat 6-dək liseydə olur. Bu müddətdə təhsil alan dörd dəfə qida ilə təmin olunur. Ona əyani dərslər keçilir, ev tapşırıqları yerinə yetirilir, həmçinin asudə vaxtının səmərəli keçirilməsi üçün dərnəklərə qatılır. Lisey pandemiya dönəmində, 2020-ci ilin martından etibarən dərsləri onlayn rejimdə keçməyə başladı. Mən 2020-ci ilin noyabrında liseyə rəsmi müraciət etdim ki, təhsil müəssisəsi bağlı olduğu və müqavilədə göstərdiyi şərtləti pandemiya ilə əlaqədar yerinə yetirə bilmədiyi üçün ödənişi 30 faiz olmaqla qəbul etsin. Lakin buna məhəl qoyulmadı, lisey bizdən 70 faiz ödəniş tələb etdi”

Fikrət Cəfərov

Valideyn deyir ki, lisey onun təkrar müraciətini əhəmiyyət verməyib. Əksinə, 2021-ci il fevralın 22-də liseyin 7-ci sinfində oxuyan oğlunu onlayn dərs prosesindən kənarlaşdırıb: "Bu, övladımın təhsil almaq hüququnun kobud şəkildə pozulmasıdır. Lisey rəhbərliyi heç nəyə məhəl qoymur, yenə öz bildiyini edir, şagirdi dərsə buraxmır. Məsələ ilə bağlı Vergi Xidmətinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, həmçinin Təhsil Nazirliyinə müraciət etmişəm. "İdrak” liseyi təhsil şəbəkəsi Sumqayıtın icra başçısı Zakir Fərəcovundur. Ona görə də şikayət və etirazımıza məhəl qoyulmur”.

Fikrət Cəfərov Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdiyini bildirib. Məsələnin hüquqi yolla həllinə inandığını deyir: "Bunlar elə düşünür ki, özəl liseydirsə, valdeyni sıxışdırıb, ödənişin 70 faizini almaq olar. Oğlumun illik ödənişi 4500 manat idi. Hazırda liseydə orta təhsilhaqqı 7-8 min manatdır. Yüksək qiymətlər sonradan təhsil alanlara tətbiq olunur. Yüksək təhsilhaqqı ödəyən valideynlər narazılıq edir. Onlar müqavilə öhdəliyini yerinə yetirməyən liseyə həmin 7-8 min manatın 30 faizini ödəmək istəyirlər. Orada tanıdığım onlarla valideyn var ki, kirayədə yaşayır, amma övladını özəl liseyə qoyub ki, gələcəyini təmin etsin. Bu, Azərbaycanda yaranan ümumi problemdir. Tam əminəm ki, ödənilən təhsilhaqqının heç 10 faizi müəllim və texniki işçilərin əməkhaqqlarına getmir. Məndə olan məlumata görə, liseydəki müəllim və texniki işçilərin əməkhaqqı 250-500 manat arasındadır”.
Vəkil: Telefonundan SMS göndərilən atanın inzibati məsuliyyətə cəlb  edilməsi qanunsuzdur - Meydan.TV
Hafiz Həsənov

Hüquqşünas Hafiz Həsənov məsələni şərh edərkən deyib ki, fors-major hallarda müqaviləyə yenidən baxıla, tərəflər razılığa gələ bilər. O, əlavə edib ki, lisey şagirdi onlayn tədrisdən ayırmaqla təhsil hüququnu pozub: "Lisey nələrləsə razılaşmırdısa, bunu uşağı təhsildən ayırmadan edə bilərdi. Valideyn birmənalı olaraq demir ki, ödəniş etmirəm. Valideynin ödənişi 30 faiz etməyə haqqı var, çünki lisey pandemiya dövründə müqavilədə göstərilən öhdəliklərin 70-80 faizini yerinə yetirməyib. Hesab edirəm ki, məhkəməyə müraciət olunduğu halda, qərar valideynin xeyrinə çıxarılmalıdır. Çünki lisey öz öhdəliklərini tam yerinə yetirməyib, üstəlik, şagirdin təhsil hüquqlarını pozub. Əgər valideyn liseyə qarşı məhkəmə iddiası qaldırsa ki, mən ödəmişəm, sən öhdəliklərini yerinə yetirməmisən. Bəs onda məsələ necə olacaq? Valideyn paralel olaraq, məhkəmədə övladının onlayn təhsilini davam etdirməsi ilə bağlı öhdəlik qoymalıdır. Məhkəmə prosesi müddətində şagird təhsildən kənar qalmamalıdır”.
Kamran Əsədov: “Azərbaycan təhsil tam məhv olmadığına görə repititorlara  borcludur” - FOTOLAR
Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov açıqlamasında deyib ki, fövqaladə vəziyyətdə, bu tipli situasiyalarda bir tərəf digərinə güzəştə getməlidir: "Pandemiya dövründə ölkədəki özəl liseylərin heç biri bu prosesdə şagirlərə güzəşt etmədilər. Çünki bir il ərzində bu kimi fors-major halları qanunvericiliyə tətbiq etməmişik. Ona görə də belə problemlər yaranıb. Azərbaycanda bunun hələ də hüquqi tənzimlənməsi olmadığı üçün burada hər iki tərəf də haqlıdır. Məsələ dövlətlə həll olunmalıdır. Hər bir uşaq qəbul olanda, istənilən lisey ona müəyyənləşdirilmiş xidməthaqqı verir. Vergi Xidməti də portalda görür ki, hər bir uşağa görə nə qədər vəsait daxil olacaq. Hətta valideyn ödəməsə də, onun vergisini lisey ödəyir. Pandemiya dövründə təhsilhaqqı 50 faiz azaldılmalı idi. Bu da bütün portallarda görünməli idi. İkili standart olanda, ortaya belə anlaşılmazlıqlar çıxır”.
Fədakar Cümhuriyyət qadını - Mehriban Vəzirin araşdırması
Mehriban Vəzir

Mehriban Vəzir açıqlamasında deyib ki, Fikrət Cəfərinin oğlu onlayn dərslərdən uzaqlaşdırılıb. Bu olay bir daha göstərir ki təhsil mənən və ruhən təhsilə, məktəbə yad insanların əlindədir. Özəl məktəblər, liseylər isə  zəngin və yeyibdoymaz dövlət məmurlarının daha bir qazanc mənbəyidir. Başqa cür olsaydı ödənişə görə valideynin liseylə haqlı davasının  davam etdiyi bir vaxtda İdrak liseyi şagirdi onlayn dərslərdən uzaqlaşdırmazdı. İdrak liseyinin rəhbərliyində ruhən və mənən müəllim olan biri olsaydı bu mübahisə bitmədən öz yetirməsinə belə ağır cəza kəsməz,  şagirdin İtirdiyi hər dərsin acısını qəlbində hiss edərdi. Lakin... təəssüf... puldan başqa İDRAK etdikləri bir şey yox... Bu, İdrak Liseyinin öz yetirməsinə qarşı amansız, qanunsuz, insafsız davranışı... əslində... liseyin şagirdə qarşı mənəvi işkəncəsidir...

Azerbaycanrealligi.com


 

Bizimlə əlaqə saxlayın