Hüquqşünas: "Lisey şagirdi tədrisdən uzaqlaşdırmaqla onun təhsil hüququnu pozub"

16, 03, 21
08:40

Hüquqşünas: "Lisey şagirdi tədrisdən uzaqlaşdırmaqla onun təhsil hüququnu pozub"

Hüquqşünas:
Təhsil eksperti: "Pandemiya dövründə təhsilhaqqı 50 faiz azaldılmalı idi”
"Pandemiya dövründə təhsil onlayn keçirildiyi halda,"İdrak” liseyi valideynlərdən illik ödənişi 70 faiz tələb edir”.

Bunu Meydan TV-yə valideyn Fikrət Cəfərov deyir.

Bildirir ki, təhsil müəssisəsi valideynlə-lisey arasında imzalanan müqavilədəki öhdəlikləri yerinə yetirməyib: "Müqavilə şərtlərində göstərilir ki, şagird səhər saat 8-dən axşam saat 6-dək liseydə olur. Bu müddətdə təhsil alan dörd dəfə qida ilə təmin olunur. Ona əyani dərslər keçilir, ev tapşırıqları yerinə yetirilir, həmçinin asudə vaxtının səmərəli keçirilməsi üçün dərnəklərə qatılır. Lisey pandemiya dönəmində, 2020-ci ilin martından etibarən dərsləri onlayn rejimdə keçməyə başladı. Mən 2020-ci ilin noyabrında liseyə rəsmi müraciət etdim ki, təhsil müəssisəsi bağlı olduğu və müqavilədə göstərdiyi şərtləti pandemiya ilə əlaqədar yerinə yetirə bilmədiyi üçün ödənişi 30 faiz olmaqla qəbul etsin. Lakin buna məhəl qoyulmadı, lisey bizdən 70 faiz ödəniş tələb etdi”

Fikrət Cəfərov

Valideyn deyir ki, lisey onun təkrar müraciətini əhəmiyyət verməyib. Əksinə, 2021-ci il fevralın 22-də liseyin 7-ci sinfində oxuyan oğlunu onlayn dərs prosesindən kənarlaşdırıb: "Bu, övladımın təhsil almaq hüququnun kobud şəkildə pozulmasıdır. Lisey rəhbərliyi heç nəyə məhəl qoymur, yenə öz bildiyini edir, şagirdi dərsə buraxmır. Məsələ ilə bağlı Vergi Xidmətinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə, həmçinin Təhsil Nazirliyinə müraciət etmişəm. "İdrak” liseyi təhsil şəbəkəsi Sumqayıtın icra başçısı Zakir Fərəcovundur. Ona görə də şikayət və etirazımıza məhəl qoyulmur”.

Fikrət Cəfərov Sumqayıt Şəhər Məhkəməsinə müraciət etdiyini bildirib. Məsələnin hüquqi yolla həllinə inandığını deyir: "Bunlar elə düşünür ki, özəl liseydirsə, valdeyni sıxışdırıb, ödənişin 70 faizini almaq olar. Oğlumun illik ödənişi 4500 manat idi. Hazırda liseydə orta təhsilhaqqı 7-8 min manatdır. Yüksək qiymətlər sonradan təhsil alanlara tətbiq olunur. Yüksək təhsilhaqqı ödəyən valideynlər narazılıq edir. Onlar müqavilə öhdəliyini yerinə yetirməyən liseyə həmin 7-8 min manatın 30 faizini ödəmək istəyirlər. Orada tanıdığım onlarla valideyn var ki, kirayədə yaşayır, amma övladını özəl liseyə qoyub ki, gələcəyini təmin etsin. Bu, Azərbaycanda yaranan ümumi problemdir. Tam əminəm ki, ödənilən təhsilhaqqının heç 10 faizi müəllim və texniki işçilərin əməkhaqqlarına getmir. Məndə olan məlumata görə, liseydəki müəllim və texniki işçilərin əməkhaqqı 250-500 manat arasındadır”.
 
"İdrak" liseyi rəhbəri Mönsüm Alışov

"İdrak” liseyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynur İsmayılova Meydan TV-yə bildirib ki, Fikrət Cəfərovun övladı güzəştli şərtlərlə təhsil alır: "Onlayn dərslər pandemiyadan sonra tətbiq olunmağa başladı. Pandemiya ilə əlaqədar ötən və bu il üçün güzəştlər tətbiq etmişik. Bu il üçün təhsil alanlara otuz faiz endirimlər edilib. Liseydə güzəştli və güzəştsiz oxuyan hər bir şagirdə pandemiya ilə əlaqədar olaraq 30 faiz endirim olunub”.

Hüquqşünas Hafiz Həsənov məsələni Meydan TV-yə şərh edərkən deyib ki, fors-major hallarda müqaviləyə yenidən baxıla, tərəflər razılığa gələ bilər. O, əlavə edib ki, lisey şagirdi onlayn tədrisdən ayırmaqla təhsil hüququnu pozub: "Lisey nələrləsə razılaşmırdısa, bunu uşağı təhsildən ayırmadan edə bilərdi. Valideyn birmənalı olaraq demir ki, ödəniş etmirəm. Valideynin ödənişi 30 faiz etməyə haqqı var, çünki lisey pandemiya dövründə müqavilədə göstərilən öhdəliklərin 70-80 faizini yerinə yetirməyib. Hesab edirəm ki, məhkəməyə müraciət olunduğu halda, qərar valideynin xeyrinə çıxarılmalıdır. Çünki lisey öz öhdəliklərini tam yerinə yetirməyib, üstəlik, şagirdin təhsil hüquqlarını pozub. Əgər valideyn liseyə qarşı məhkəmə iddiası qaldırsa ki, mən ödəmişəm, sən öhdəliklərini yerinə yetirməmisən. Bəs onda məsələ necə olacaq? Valideyn paralel olaraq, məhkəmədə övladının onlayn təhsilini davam etdirməsi ilə bağlı öhdəlik qoymalıdır. Məhkəmə prosesi müddətində şagird təhsildən kənar qalmamalıdır”.

Təhsil eksperti Kamran Əsədov Meydan TV-yə açıqlamasında deyib ki, fövqaladə vəziyyətdə, bu tipli situasiyalarda bir tərəf digərinə güzəştə getməlidir: "Pandemiya dövründə ölkədəki özəl liseylərin heç biri bu prosesdə şagirlərə güzəşt etmədilər. Çünki bir il ərzində bu kimi fors-major halları qanunvericiliyə tətbiq etməmişik. Ona görə də belə problemlər yaranıb. Azərbaycanda bunun hələ də hüquqi tənzimlənməsi olmadığı üçün burada hər iki tərəf də haqlıdır. Məsələ dövlətlə həll olunmalıdır. Hər bir uşaq qəbul olanda, istənilən lisey ona müəyyənləşdirilmiş xidməthaqqı verir. Vergi Xidməti də portalda görür ki, hər bir uşağa görə nə qədər vəsait daxil olacaq. Hətta valideyn ödəməsə də, onun vergisini lisey ödəyir. Pandemiya dövründə təhsilhaqqı 50 faiz azaldılmalı idi. Bu da bütün portallarda görünməli idi. İkili standart olanda, ortaya belə anlaşılmazlıqlar çıxır”.
 


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın