"İdrak" cavab verdi, valideyin iddiaları "yalan" adlandırdı


"İdrak" liseyi rəhbəri Mönsüm Alışov valideyn Fikrət Cəfərovun Azerbaycanrealligi.com-da dərc olunmuş ""Idrak” liseyi pandemiya dönəmində müqavilə öhdəliyini yerinə yetirmədiyi halda həmin dövr üçün valideyinlərdən 100% təhsil haqqının ödənilməsini tələb edir. Bu təkcə qanun pozuntusu deyil, həm də "İdrak" liseylər şəbəkəsinin əsl sahibi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun insanlara hansı düşüncə il yanaşmasının göstəricisidir. Qoy dövlət qurumları da görsün ki, Zakir Fərəcovun liseyində nə baş verir?" fikirlərinə münasibət bildirib. 

Azerbaycanrealligi.com xəbər verir ki, Lisey rəhbərinin açıqlamasını Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev Arqument.az-a təqdim edib. 

Həmin açıqlamada lisey rəhbəri Cəfərovun fikirlərinin həqiqətəuyğun olmadığını deyib və iddialardan təəssüf hissi keçirdiyini vurğulayıb: "Nəzərinizə çatdırmaq istəyirəm ki, "İdrak" Liseyi ölkəmizin öndə gedən təhsil müəssisələrindən biridir və bu müəssisədə oxuyan şagirdlərin yüksək səviyyədə təhsil alması, onların gələcəyimizin layiqli davamçıları kimi yetişdirilməsi bizim fəaliyyətimizin əsas qayəsini təşkil edir. Lakin təəssüflər olsun ki, həmin valideyn pandemiya ilə bağlı yaranan vəziyyəti əsas gətirərək ödənişlə bağlı üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəmir, bizdən bu məsələdə ciddi güzəştlər tələb edir. Halbuki, özəl təhsil müəssisələri arasında ən aşağı təhsil haqqı tələb edən "İdrak" liseyində təhsil alan şagirdlərə görə bəlli miqdarda ödənişlərin həyata keçirilməsinin vacibliyi ilə bağlı valideynlərlə imzalanan  müqavilədə konkret müddəalar mövcuddur. Müəssisənin fəaliyyəti, tədris prosesində iştirak edən müəllim kontingentinin əməkhaqqı və s. məhz bu ödənişlər əsasında həyata keçirilir". 

Liseyin rəhbəri Mönsüm Alışov 

"Onu da vurğulayım ki, "İdrak" liseyi istər pandemiya dönəmində, istərsə də ondan əvvəlki dönəmlərdə təhsil haqqını ödəməkdə çətinlik çəkən valideynlərin müraciətinə hər zaman həssaslıqla yanaşıb, onlara bu məsələdə çoxsaylı güzəştlər edib. Baxmayaraq ki, lisey üzərinə götürdüyü bütün öhdəlikləri pandemiya problemindən irəli gələn yeni şərait və şərtlərə uyğun olaraq yerinə yetirib, onlayn tədris hesabına olsa da, tədris prosesində hər hansı fasiləyə yol verilməyib. Buna görə də, pandemiyanın əsas gətirərək təhsil ödənişi etməmək və ya qismən ödəniş etmək ədalətli yanaşma sayıla bilməz. Biz qanunların imkan verdiyi qədər yetərincə güzəşt etmişik, amma həmin valideyn pandemiyadan sui-istifadə edərək ümumiyyətlə cüzi miqdarda ödəniş etmək istəyir. Ancaq biz bundan artıq güzəşt edə bilmirik", - deyə Alışov bildirib. 

Mönsüm Alışov deyir ki, şikayət edən valideynə təhsil haqqının ödənilməsində ötən il ciddi miqdarda güzəşt edilib: "Bu il üçün isə həmin valideyn tərəfindən demək olar ki, heç bir ödəniş həyata keçirilməyib. Belə olan halda liseyi ictimai qınaq obyektinə çevirmək, onun haqqında əsassız iddialar səsləndirmək yolu ilə davamlı güzəştlər tələb etmək yolverilməzdir, eyni zamanda açıq şantaj yolu ilə istəyinə nail olunmaq cəhdidir".

"Təəssüf doğuran digər bir məqam isə "İdrak" liseyinin adının əsassız yerə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı ilə əlaqələndirilməsidir. Saytınız vasitəsi ilə bəyan edirəm ki, "İdrak" Liseyinin Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı Zakir Fərəcovla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur və heç vaxt da olmayıb. "İdrak" liseyi müvafiq qanunvericiliyə əsasən mənim rəhbərliyim altında  fəaliyyət göstərir və Lisey adından alınan bütün qərarları da mən verirəm", - Mönsüm Alışov belə deyir. 

Onun sözlərinə görə, "İdrak" liseyi hər zaman öz fəaliyyətində humanist dəyərlərə ciddi yer verib: "Kömək məqsədi ilə ona edilən hər bir müraciəti müsbət dəyərləndirməyə çalışıb. Lakin hər kəs bilməlidir ki, təhsil müəssisəsi olaraq bizim də imkanlarımız sonsuz deyil və biz bütün fəaliyyətimizi yalnız güzəştlər əsasında qura bilmərik”.

Mönsüm Alışov "İdrak" liseyinin Zakir Fərəcovla əlaqələrini təkzib etsə də, Sumqayıt Şəhər İcra Hakimiyyəti və ya hər hansı bir rəsmi nümayəndəsi bu iddianı nə təkzib, nə də təsdiq edib. 

Lisey rəhbərinin valideyn haqqında səsləndirdiyi "açıq şantaj yolu ilə istəyinə nail olunmaq cəhdi" iddiasına Fikrət Cəfərov belə münasibət bildirib: "Lisey rəhbərinin açıqlaması başdan-ayağa yalandır. O hələ professor dərəcəsi də alıb, amma mən onun bu dərəcəni necə aldığını da bilirəm. Mən bu mövzuya sonra qayıdacağam. Əvvəla, onun dediyi kimi liseyin heç böyük uğurları yoxdur. Lisey rəhbəri məni onları şantaj etməkdə ittiham edirsə, öncə müqaviləyə nəzər salsın. Mən onu necə şantaj edə bilərəm ki, bütün açıqlamalarımda müqavilə şərtlərinə istinad edirəm. Müqavilədə göstərilib ki, şagirdlər səhər saat 8:00-dan axşam saat 18:00-a qədər lideydə olmalıdırlar. Onlar orada əyani dərs keçirlər, gündə hardasa, 4 dəfə yeməklə təmin olunurlar. Orada ev tapşırıqlarını da icra edirlər. Orada 6-ya yaxın məşğələ və digər imkanlar var, şagirdin asudə vaxtını keçirməsi ilə bağlı və s. İndi mən sual edirəm ki, pandemiya dövründə lisey bağlı olduğu halda, müqavilə şərtlərini necə yerinə yetirə bilərdi? Əgər onun deiyi kimidirsə, sübut etsin görək pandemiyaya qədər ödənişlə bağlı hər hansı bir problem olubmu? Olmayıb, təbii ki. Mən başa düşürəm ki, liseyin arxasında kim dayanır və bununla bağlı da fikirlərimi bildirmişəm. Amma yenə də o fikirdəyəm ki, lisey müqaviləyə əsasən yerinə yetirə bilmədiyi ödəliklə bağlı valideynlərdən ödəniş almamalıdır". 

Valideyn Fikrət Cəfərov

Fikrət Cəfərov deyir ki, lisey rəhbəri arxasında dayanan oliqarxa güvənərək valideynləri sıxışdırır: "İstəyir ki, əlavə ödəniş alısın. Bəs bu necə ədalətli yanaşmadır ki, icra etmədiyin öhdəliyə görə valideyndən ödəniş alırsan? Şantaj edən adam necə müqavilə şərtlərinə əsasən öhdəliklərə görə 30 faiz ödəniş təklif edə bilər? Deyir, yox e, tam ödəniş etməlisən. Sual olunur: lisey öhədlikləri yerinə yetirmir, yoxsa valideyn? Təbii ki, lisey. Yetirə də bilməzdi, çünki pandemiya ilə bağlı qapalı olub, yalnız dərsləri onlayn həyata keçirib. Bəs digər öhdəliklər? Ona görə də mən onlara 30 faiz ödəniş təklif etdim, çünki ödənişlərin 10 faizi texniki işçi və müəllimlərə gedir, qalanı da liseyə. Yəni 20 faiz bunlara qazanc qalır yenə də, amma bunlar qapalı bir məkana görə 100 faiz ödəniş tələb edirlər. İndi mən soruşuram ki, hanı şagirdə təyin etdiyin 6 məşəğələ? Axı valideyn bütün bunların hamısına görə vəsait köçürür liseyə. Dəhşət burasıdır ki, bunlar pandemiya dövründə 20 faiz qazanca razılaşmırlar. Amma özləri də bilirlər ki, müqavilədəki öhdəlikləri tam yerinə yetirə bilməyiblər. Ona görə də mən onlara sübut edəcəyəm ki, mən şantaj etmirəm, onlardan müqaviləyə əməl edib öhdəliklərə uyğun ödəniş almağı tələb edirəm. Bununla bağlı aidiyyəti qurumlara da müraciət edəcəyəm. Çalışacağam ki, orada ədaləti bərpa edim". 

Azerbaycanrealligi.com

Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

Rəmişin dəfn olunacağı yer müəyyənləşdi

  • 06 apr, 14:00
Rəmişin dəfn olunacağı yer müəyyənləşdi
Onları koronavirusa görə itirdik... - Siyahı

Onları koronavirusa görə itirdik... - Siyahı

  • 30 mar, 18:00
Onları koronavirusa görə itirdik... - Siyahı
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)

  • 07 mar, 18:00
Xalq artisti 8 martdan İMTİNA ETDİ - BUNLAR İSƏ... (FOTO)
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal

  • 06 mar, 20:00
“30 ildi şəhidimiz var, bəs niyə oxuyurlar?“ - Qalmaqal
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar