Ölkəmizdə “Uber” və “Bolt” qadağan olunsun? – Deputatlardan reaksiya

08, 06, 23
20:00

Ölkəmizdə “Uber” və “Bolt” qadağan olunsun? – Deputatlardan reaksiya


Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan şirkətlərdən narazılıq pik həddə çatıb. Taksi sürücülərinin sərnişinlərə qarşı qeyri-etik davranışları, narkotik aludəçilərinin heç bir sənəd olmadan işə götürülməsi, əxlaqsız təkliflər, yollarda təhlükə saçmaları, eləcə də bu kimi digər problemlər “Uber” və “Bolt” kimi xidmətlərdən imtina məsələsini gündəmə gətirib.

Sosial şəbəkələrdə açılan müzakirələrdə Türkiyə praktikası əsas gətirilərək, qardaş ölkədə olduğu kimi Azərbaycanda da qeyri-sağlam rəqabətə yol açan “Uber” və “Bolt” şirkətlərinin fəaliyyətinin qadağan olunması təklif edilir.

Bəs Azərbaycanda belə bir qadağa tətbiq oluna bilərmi? 

"Azərbaycan Reallığı" xəbər verir ki, mövzu ilə bağlı Modern.az-a danışan parlamentin İqtisadi siyasət komitəsinin üzvü Rüfət Quliyev ölkəmizdə taksi xidməti ilə bağlı islahatların aparılacağını bildirib:

“Bildiyimiz kimi, ölkəmizdə“Uber” və “Bolt” kimi xarici taksi şirkətləri fəaliyyət göstərir. Əvvəlcə onların fəaliyyəti müsbət dəyərləndirilirdi. Çünki onlar sərnişinlər üçün müəyyən qədər ucuz daşınmaya şərait yaradırdılar. Amma sonra problemə çevrildi. Burada problem avtomobillərin nəzarətsiz formada xəttə buraxılması, taksi sürücülərinin uyğunsuz vəziyyətdə avtomobil idarə etməsi, sərnişinlərlə davranış qaydalarına riayət edilməməsi, qanun pozuntuları və vergidən yayınma hallarıdır. Əlbəttə ki, bu kimi hallar hamısına aid deyil. Amma əksəriyyəti belədir. Bu səbəbdən dövlətin müəyyən addımlar atması vacibdir. Taksi fəaliyyətində milli maraqlara, insanların və dövlətin marağına uyğun olaraq dəyişikliklər edilməsi nəzərdə tutulur”.

Deputat Bakıda fəaliyyət göstərən taksi şirkətlərindən birinin rəhbərinin etnik erməni olduğunu və bunun təhlükə doğurduğunu deyib:

“Taksi şirkətlərindən birinin sahibkarının etnik erməni olduğunu bilirəm. Mən idarəsində erməni olan qurumun daim təhlükəli olduğunu düşünürəm. Mühüm məsələlərdən biri bu şirkətlərin fəaliyyəti nəticəsində ölkəmizdən xaricə valyuta axınıdır. Biz heç də bu məsələyə əks deyilik. Amma hər bir iş nəzarət altında olmalıdır. Sərnişinlərin, dövlətin marağının qorunması, şəhərdə yaranan tıxacların qarşısının alınması və ictimai nəqliyyatı inkişaf etdirmək üçün islahatlar aparılacaq. Hansı taksi şirkəti Azərbaycan qanunvericiliyi ilə işləyirsə, qanunları pozmaq istəmirsə, sərnişinlərin marağına toxunmursa, vergi ödəyirsə, əlbəttə, onların fəaliyyətinə etimad daha çox olacaq”.

Deputat Fazil Mustafa isə taksilərin fəaliyyətinin vətəndaşların işini yüngülləşdirməkdə böyük rolu olduğunu, amma bu sahədə tənzimlənməyə ehtiyac olduğunu söyləyib.

“Hazırda hansısa taksi şirkətinin fəaliyyətinin dayandırılması barədə fikir söyləmək çətindir. Hesab edirəm ki, taksi xidmətinin çoxşaxəli olması vətəndaşların işini yüngülləşdirir. Eyni zamanda qiymətə də öz təsirini göstərir. Çünki şirkətlərarası rəqabət şirkətlərin qiymətləri endirməsinə məcburiyyət yaradır. “Uber” taksi şirkətinin fəaliyyəti ilə bağlı əsas problemlərdən biri sürücülərin qeyri-peşəkarlığıdır. Həmçinin sürücülərin yorğun olması, hər hansı narkotik, yaxud başqa maddələrdən istifadə etməsi, sərxoşluq əlaməti daşıması ciddi problem hesab olunur. Düşünürəm ki, bu problemlər öz həllini tapmalıdır. Fikrimcə, bu, hədsiz istismar məsələsi ilə bağlıdır. Amma bütünlükdə bu sahədə tənzimlənməyə ehtiyac var”, – parlamentari vurğulayıb.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın