Anklavlar, eksklavlar - bu məsələdə yanlış naxış deyil, baxışdır

24, 04, 23
19:00

Anklavlar, eksklavlar - bu məsələdə yanlış naxış deyil, baxışdır


Terminlərlə işləmək başqa şeydir, vallah. Bunu hər adam bacarmır. Biri termini (məsələn, “kampaniya” əvəzinə “kompaniya”) düz yazmır, hərf səhvi buraxır, o biri terminin mənasını bilmir, yerində işlətmir.

Məsələn, o zamanlar, AXC-nin hakimiyyətə gəlmək üzrə olan vaxt liderlərdən biri (vəfat etdiyi üçün adını yazmıram) eyzən “amal” sözü yerinə, “amil” deyirdi,. Cümlə “bizim amalımız var” olmalıykən, “bizim amilimiz var” olurdu. Düzdür, bu da düz idi, axırda Cəbhə hakimiyyətə məhz o AMİLin gücüylə gəldi, amma söhbət amaldan gedirdi.

Paytaxtı bilmirəm, bizim kənddə bu sözə görə xırda-xırda bizə (cəbhəçilərə) sataşırdılar.

İndi AXCP-nin liderlərindən biri olan Nurəddin Məmmədli də “anklav” terminini düz yerində işlətməyib, sosial şəbəkəyə sanki bomba düşüb. Fəallar “Amor mio” mahnısını “Amamio” kimi oxuyan Musa Musayevi necə hoydu-hoyduya götürmüşdülərsə, professora da, türkün sözü, eyni müamiləni yapırlar.

Əlbəttə, “Amor mio”nu “Amamio” kimi oxumaq tələffüz yanlışıdırsa (əslində Avropa dillərində on minlərlə sözdə R səsinin yeyilməsi, tələffüz edilməməsi adi haldır), Qarabağdan danışarkən “anklav” kəlməsi işlətmək siyasi səhvdir. Professor Məmmədli bunu bilməliydi.

Yox, o, həmin sözü bilə-bilə işlədibsə və dalında durursa, demək, bu, onun məsələyə orijinal baxışıdır. Onda “Yeddi oğul istərəm” filmində Humayın sevgilisi Cəlalın at belində gələn güllələnmiş meyidiini görəndən sonra komsomol Bəxtiyara dediyi sözü yada salmaq gərəkdir. (Həmin replikanı burada bilə-bilə yazmıram ki, bilməyənlər gedib milli filmlərimizə baxsınlar).

Çünki anklav başqa şeydir. Anklav bir dövlətin kiçik bir hissəsinin ölkədən kənarda, başqa bir dövlətin içində yerləşməsi hadisəsidir. Qarabağda heç bir qanuni dövlət olmadığı üçün o, Ermənistanın və ya başqa bir dövlətin anklavı deyil. Necə deyərlər, Qarabağ Azərbaycandır! O vaxt Paşinyan da “Valday”da elə bir şey dedi və cümləsinin axırına “nöqtə” qoyan kimi elə bir nidalı cavab aldı ki, hələ də hakimiyyəti sual altındadır.

Görünür, professor Xankəndi və ətrafında yaşayan xalqla İrəvan və ətrafında yaşayan xalqın etnik qohumluğunu nəzərdə tutur, amma buna anklav deyilməz.

Heç buradan-bura bizim Naxçıvan da anklav deyil, çünki bir dövlətin içində yerləşmir, 3 ayrı-ayrı dövlətlə (İran, Türkiyə və Ermənistanla) sərhəddə yerləşir) və bizim eksklavımızdır. (Bəli, eksklav termini də var).

Nurəddin Məmmədli

Dünyada başqa anklav və eksklav məkanlar da var. Məsələn, gendən baxanda (zatən, buna məcburuq) Alyska ştatı ABŞ-ın anklavı kimi görünür, çünki ölkəyə birbaşa bağlılığı yoxdur, arada Kanada var, amma dəniz yolu olduğu üçün Alyaska ABŞ-ın yarımanklavı və yarımeksklavıdır.

Rusiyanın Kalininqrad vilayəti Baltik dəniziylə, Polşa və Latviya ilə əhatə olunduğu üçün yarımeksklavdır, amma yarımanklav deyil.

Yeri gəlmişkən, Stalinin komandasının üzvlərinin adları verilmiş şəhərlərin, vilayətlərinin hamısının adı bərpa olunsa da, təkcə Kalininin adını daşıyan bu şəhərin əski adını özünə qaytarmırlar. Halbuki Kalinin o komandanın ən qurumsaq üzvlərindən biri olub, üstəlik, Kalininqradın əski adı daha qədim və möhtəşəmdir – Köniqsberq (böyük filosof İmmanuil Kantın vətəni).

Uzun sözün kəsəsi, indi durub burada dünyanın bütün anklav və eksklavlarını bircə-bircə sadalasaq, yer çatmaz. Onlar çoxdurlar. Bir xeylisi də kənd-kəsəkdir, Qırğızıstanda, Tacikistanda, başqa yerlərdə də var. Məsələ o deyil.

Məsələ terminləri düzgün, yerində işlətməkdir. Bir var, bu səhvi universitetdə dərs deyən professor buraxsın, bir də var bir siyasi təşkilatın rəhbərliyində yer alan professor. Birincinin nə dediyinə fikir verməzlər, amma ikincinin bu sözünü skrinşot edib, məqalə yazarlar. Düşmən isə bu fikri əsas götürüb hay-küy sala, üzərimizə de-marş götürə bilər ki, baxın, düşmən ölkənin professorları da həqiqətin nədən ibarət olduğunu bilirlər.

Yadımdadır, 20 il öncə bir dəfə yanımda 4-5 dəfə “de-marş” kəlməsi işlətdilər, gedib, lüğətdə baxdım ki, nə deməkdir. İndi ildə bir-iki dəfə yeri gələndə işlədirəm.

“De-marş” pis söz deyil, hərbi termindir, əsgərləri hücuma qaldıranda əmr verirlər ha, bax, o, de-marşdır, deyirlər, “marş, irəli” o da gedir qabağa. Allaha şükür, “marş” deməyə əsgərimiz var və anklavla eksklavın fərqini düşmənə başa sala bilir.

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın