SON DƏQİQƏ! DTX Fazil Mustafanın sui-qəsdə məruz qalması ilə bağlı açıqlama yaydı

29, 03, 23
10:00

SON DƏQİQƏ! DTX Fazil Mustafanın sui-qəsdə məruz qalması ilə bağlı açıqlama yaydı


Dövlət Təhlükəsizlik Xidməti (DTX) millət vəkili Fazil Mustafanın sui-qəsdə məruz qalması ilə bağlı açıqlama yayıb. 

"Azərbaycan Reallığı" xəbər verir ki, açıqlamada deyilir:

“28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

İctimaiyyətə əlavə məlumat veriləcəkdir”.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın