Jurnalist Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verir

12, 06, 18
11:44

Jurnalist Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verir

Bu ilin aprel ayında mülki şəxslər tərəfindən saxlanılaraq, daha sonra qeyri-qanuni olaraq Naxçıvana hərbi xidmətə aparılan Xeberman.com xəbər saytının baş redaktoru Polad Aslanov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə verib. Bu barədə Azerbaycanrealligi.com saytına jurnalistin həyat yoldaşı Gülmirə Aslanova məlumat verib: "Polad Aslanovun saglamlığında problemlər var. Bu üzdən də o, hərbi xidmətə səfərbərlik dövründə yararsız hesab olunub. Amma baş redaktoru olduğu Xeberman.com saytında bəzi məmurları sərt şəkildə təndiq etdiyi üçün jurnalisti susdurmaq üçün onu qanunsuz olaraq hərbi xidmətə aparmaq yolunu seçiblər. Bununla bağlı bir neçə dövlət qurumlarına müraciət edilsə də, hələ müsbət cavab alınmayıb." Polad Aslanovun ailəsi çıxış yolunu artıq məhkəmədə görürlər. Jurnalistin vəkili Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətini məhkəməyə vermək üçün sənədləri hazırlayır. Gülmira xanım Azərbaycan məhkəmələrindən ədalətli qərar çıxarılacağını gözləmir, amma sona qədər mübarizə aparacaqlarını, Avropa məhkəməsinə qədər gedəcəklərini bildirərək sonunda ədalətin bərqərar olacağına ümid edir. Qeyd edək ki, fəaliyyətdə olan siyasi partiyalar da, yerli hüquq müdafiəçiləri də Polad Aslanovun hərbi xidmətə aparılmasını qeyri-qanuni hesab edirlər. Beynəlxalq təşklatlar və mövcud qurumlar jurnalistin indiki şəraitdə və gözlənilməz halda Naxçıvana hərbi xidmətə aparılmasını pisləyən bəyanatla çıxış etmiş və bunun ölkədə mediaya növbəti basqı halı kimi dəyərləndirmişlər.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın