“Yaşıl” şər imperiyası - Molla rejimi Bakıya düşmən kəsilib
ABŞ Prezidenti Ronald Reyqan düz 40 il bundan öncə – 1983-cü il martın 8-də Floridada çıxışı zamanı SSRİ-ni “şər imperiyası”, müasir dünyada “şərin mərkəzi” adlandırmışdı. Siyasi kəlama çevrilmiş bu deyim sovet rejiminin amorallığını və bu səbəbdən SSRİ ilə ABŞ-ın müqayisəsinin mümkünsüzlüyünü ehtiva edirdi.
SSRİ planlı iqtisadiyyat üzrə bir sosialist cəmiyyəti qurmaq yolunu tutmuş dövlət idi. Ancaq fakt budur ki, bu dövlət artıq 32 ildir öz mövcudluğunu dayandırıb. Sanki yerini cənub qonşusu, özünü islam respublikası adlandıran İrana təhvil verib. Bəli, bu gün dünyada şər imperiyası adlandırılacaq ölkələrdən biri də məhz İrandır. Əgər Reyqan SSRİ-ni şər imperiyası adlandırmışdısa, bu gün mollalar müqəddəs İslam dininin rəmzi olan yaşıl rəng altında dinimizə zidd əməllərlə, şər əməllərlə məşğuldurlar.
İranda insanların əsas hüquq və azadlıqları kobud şəkildə pozulur, rejimə qarşı çıxanlar ən sərt şəkildə cəzalandırılır. Orta Şərqin bu ölkəsində XXI əsrdə əsl orta əsr zehniyyəti hakimdir.
İran “izqoy” dövlətlər siyahısında
Molla rejimi yarandığı 1979-cu ilin fevralından təcrid edilmiş – “izqoy” dövlətdir. Sivil dünya, müasir yanaşma İran kimi dövlətləri qəbul etmir. İran rejimi 1981-ci ilin noyabrında ABŞ səfirliyinə hücumu stimullaşdırmaqla gerçək simasının nədən ibarət olduğunu bütün dünyaya nümayiş etdirib. Molla rejimi dünyanın bütün ölkələrindən gələn çağırışlara baxmayaraq, mənfur əməllərindən əl çəkmir.
Nəinki əl çəkmir, hətta onları daha da genişləndirir. İran hazırda Yaxın və Orta Şərq regionunda gərginlik yaradan əsas ocaqdır. Körfəz ölkələri (Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Səudiyyə Ərəbistanı) İranın əlindən zinhara gəliblər. İran onların daxili işlərinə müdaxilə edir, məzhəbçilik amili əsasında bu ölkələrdə daxili qarşıdurma yaratmağa cəhd edir, son illərdə ərəb ölkələri və Türkiyə ilə münasibətləri inkişaf yoluna qədəm qoymuş İsraili Yer üzündən silməklə hədələyir.
Tehrana qarşı beynəlxalq koalisiyanın yaradılması aktuallaşıb
Hazırda dünyanın gündəmində olan əsas məsələlərdən biri də İrana qarşı beynəlxalq koalisiyanın yaradılmasıdır. Son vaxtlar bu istiqamətdə çağırışlar daha da intensivləşib. ABŞ Müdafiə nazirinin köməkçisinin müavini Dana Struel bugünlərdə rəsmi Tehranın zərərli fəaliyyətinin qarşısını almaq üçün beynəlxalq koalisiya yaratmağa çağırıb.
Bu çağırış İranın uranın zənginləşdirilməsi ilə məşğul olan “Fordo” zavodunda zənginləşdirilmiş uran hissəciklərinin aşkarlanması və İran-Rusiya hərbi əməkdaşlığının davam etdirilməsi ilə bağlı hesabatların dərci ilə eyni vaxtda baş tutub. “Biz elə bir mərhələdəyik ki, İran hökumətinin təhdidləri artıq Yaxın Şərqlə məhdudlaşmır və beynəlxalq çağırış sayılır”, – deyə D.Struel qeyd edib.
Bu çağırışdan dərhal sonra Tehran Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) nüvə obyektlərinin monitorinqinə və yoxlanılmasına razılıq verib.
Agentliyin baş direktoru Rafael Qrossi martın 4-də Tehranda rəsmilərlə görüşlər keçirib. Qrossi buna nail olmağın çox vacib olduğunu vurğulayıb və əlavə edib ki, bu, İranın Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsində nüvə öhdəliklərini bərpa edəcəyi təqdirdə BAEA-ya lazım olan yeni əsasları yaratmağa başlamağa imkan verəcək. Görünür, təzyiq öz effektini verir.
Molla rejimi Bakıya düşmən kəsilib
İran Azərbaycanın müstəqillik qazanmasından üzü bəri ona hər zaman yumşaq desək, qısqanc münasibət bəsləyib. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbədən sonra bu qısqanclığı aşkar düşmənçilik mövqeyi əvəzləyib. Baxmayaraq ki, İran formal olaraq bu qələbə münasibətilə Azərbaycanı təbrik edib.
İran Azərbaycana münasibətdə yaxın qonşuluq və dostluq əlaqələrini, İslam qardaşlığını heçə sayaraq ermənilərə qucaq açıb. Dünyanın əksər sivil dövlətləri ilə düşmən olan İran onun üçün Avropaya açılan qapısı Azərbaycana münasibətdə tutduğu mövqe, yürütdüyü siyasət heç bir əndazəyə sığmır. Bu günlərdə yayılan məlumatda isə işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının simvollarından sayılan Füzuli və Zəngilan hava limanlarının Tehrandakı ayətullahlar tərəfindən “imperialistlərin İrana qarşı istifadə olunacaq poliqonu” adlandırılması rejim mənsublarının hansı təfəkkürə malik olduqlarını bir daha ortaya qoyur. Bu zehniyyəti izah etməkdə söz belə, acizdir.
Tehrandakı səfirliyimizə qarşı törədilən terror aktı, İrana işləyən casus şəbəkəsinin yetişdirilməsi, becərilən narkotikin Azərbaycana ötürülməsi, Zəngəzur dəhlizinin reallaşmasına əngəl yaradılması, Qafanda tələm-tələsik baş konsulluğun açılması qərarının verilməsi və bunun həyata keçirilməsi molla rejiminin ölkəmizə münasibətdə yaxın-uzaq keçmişdə yol verdiyi əməllərin natamam siyahısıdır.
İran Azərbaycana münasibətdə hər zaman məkrli siyasət yürüdüb. Tarixi torpaqlarımızın şimal qonşumuzla birgə bölüşdürülməsi, ardınca soydaşlarımız arasında tarixin saxtalaşdırılmasına çalışılması, ölkəmizin gücü əleyhinə ideoloji təlqin ritorikasının yürüdülməsi bu siyasəti tətikləyib. İndi isə Azərbaycanın tam müstəqil olması, güclənməsi, öz hərbi gücü hesabına torpaqlarını işğaldan azad etməsi cənub qonşumuzu hiddətləndirib. Molla rejimi günlərin birində ölkəmizin iki əsr öncə itirdiyi torpaqlarına da dönüş edəcəyindən narahatdır.
Üstəlik, şovinist ideologiya yürüdən bu ölkə regionda alternativ gücün formalaşmasından narahatdır. Bu gün Azərbaycan və Türkiyə ittifaqı regionda siyasi konfiqurasiyanı kökündən dəyişib, güclü Türk dünyası üçün əsl fundament formalaşdırıb, regionun əsas layihələrinin icraçısı və iştirakçısı olub. Uğurlarımızı həzm edə bilməyən, ölkəmizi qarşılıqlı reaksiya verməyə vadar edərək imicini pozmağa çalışan İran niyyətinə nail olmayacaq. Ancaq ən qısa zamanda etdiklərinin hesabını verəcək. Qardaşı Ermənistan kimi...
Züriyə Qarayeva
AZƏRBAYCANREALLIĞI.COM
Bizimlə əlaqə WhatsApp (055) 8288841