Əli Kərimlinin müavini Türkiyə düşmənini dəstəkləyən status yazdı, ortalıq qarışdı

16, 02, 23
11:00

Əli Kərimlinin müavini Türkiyə düşmənini dəstəkləyən status yazdı, ortalıq qarışdı


AXCP sədri Əli Kərimlinin müavini Seymur Həzi bu günlərdə bir statusu ilə gündəmə gəldi. Əslində, gündəmə yox, tənəyə, qınağa gəldi yazsaq, daha düz olar.

Nə yazıb Seymur? Niyə qınağa gəlib? Nədən özünü və təmsil olunduğu təşkilatı hədəfə çıxarıb? Gəlin, öncə Feysbukda yazdığı statusa baxaq:

“Səlahəddin Dəmirtaşın fəaliyyətini coğrafiya üçün, çoxmillətli ölkələr üçün cəsur bir nümunə hesab edirəm”.

Səlahəddin Dəmirtaş haqda geniş təqdimata gərək varmı? Fikrimizcə, yoxdur. Onu Azərbaycan ictimaiyyətinin böyük hissəsi yaxşı tanıyır. Adam Türkiyəyə düşmən münasibəti ilə tanınır, seçilir. Türkiyə Cümhuriyyətinin bölünməsi, orada Kürd dövlətinin yaradılması təklifləri ilə çıxış edir. PKK-nı, terrorbaşı Abdulla Öcalanı dəstəkləyir. Bir türk və Türkiyə düşməni kimi ad çıxarıb. S.Dəmirtaş 2016-cı ilin 4 noyabrından həbsdədir. O, “cinayət törətmək üçün təşkilat yaratmaq”, “terror təşkilatına üzv olmaq”, “silahlı terror təşkilatına üzv olmaq”, “terror təşkilatı adından cinayət törətmək” ittihamları ilə saxlanılıb. Barəsində cinayət işi açılıb, məhkəmə hökmü ilə həbs edilib.

Belə birini Seymur Həzinin müdafiə etməsi, onu nümunə siyasətçi kimi öyməsi, sırf sevgidən, sayğıdan irəli gələn məsələdirmi? Əli Kərimlinin sədr olduğu Azərbaycan Xalq Cəbhəsi Partiyası özünü heç vaxt solçu, liberal, sosial demokrat, LGBT heyranı və s. yöndən təqdim etməyib. Bu partiya qurucu lider, milli-azadlıq hərəkatının rəhbərlərindən olmuş, sabiq prezident Əbülfəz Elçibəyi hələ öndər kimi qəbul edir. AXCP iddia edir ki, o, Azərbaycanda ana müxalifətdir, həmçinin milli-demokratik ideologiyanın başında dayanan təşkilatdır.

O zaman Seymur Həzinin bu statusu hardan çıxdı, hansı ehtiyacdan yazıldı? S.Həzinin PKK yanlısı, Türkiyə düşməni Dəmirtaşa bu isti münasibəti həm də Əli Kərimlinin münasibəti hesab oluna bilərmi? Ortada bir susqunluq var. Bu susqunluqla o, müavininin mövqeyini bölüşdüyünü demək istəyir? Ə.Kərimli Feysbuk hesabında mövzu haqda heç nə yazmayıb. Vardanyanın Xankəndidə yenidən peyda olmasını, Bəxtiyar Hacıyevin həbsdə qalmasını, İlham Əliyevlə Vladimir Putinin telefon danışığını tənqid edir, amma partiyada ən yaxın adamlarından olan Seymur Həzinin Türkiyənin əleyhinə açıq separatçılıq fəaliyyəti göstərən Dəmirtaşı öyməsinə heç nə demir.

Hesab edək ki, Türkiyənin aparıcı müxalifət partiyasının sədr müavinlərindən biri Qarabağdakı separatçıların rəhbəri Arayik Arutyunyanı, Seymurun tərzi ilə yazsaq, cəsur siyasətçi kimi təbliğ edir. Yaxud Vardanyanın Azərbaycan əleyhinə olan fəaliyyətini tərifləyən post paylaşır. Azərbaycan cəmiyyətinin buna münasibəti necə olarsa, hazırda Türkiyə cəmiyyətinin Azərbaycanla maraqlanan hissəsində də AXCP sədrinə, onun müavininə rəy o cürdür.

Səlahəddin Dəmirtaş PKK liderləri ilə

AK Partiya iqtidarı, Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda İkinci Qarabağ müharibəsindən sonra daha çox sevildi. İllərdir azərbaycanlılar Qarabağ məsələsində Türkiyədən açıq, birmənalı mövqe umurdu. Türkiyənin təkcə sözdə yox, əməldə Azərbaycanın yanında olmasnı, Qarabağın işğaldan azad edilməsində bizə gərəkən dəstəyi verməsini tələb edirdik.

Bu tələb həm də “uman yerdən küsərlər” həqiqətinə, qardaş ərkinə bağlı olub. Əslində mövzu təkcə Ərdoğan şəxsiyyəti, iqtidarı deyil. Məsələyə daha geniş baxış bucağından yanaşmaq lazımdır. Söhbət Türkiyə Cümhuriyyətindən gedir. O cümhuriyyətin təməlinə, ərazi bütövlüyünə, konstitusiyasına, unitar dövlət quruluşuna qarşı fəaliyyət göstərən bir zehniyyətin başında dayanan şəxsi AXCP-nin sədr müavini müdafiə edir, onu qəhrəman elan edir. Türkiyə Dövlətinə düşmən münasibətdə olan birini AXCP rəhbərliyi qəhrəman hesab edir. Həm də bir qatı cinayətkarı müdafiə edir. O zaman harda qaldı Xalq Cəbhəsi Partiyasının milli-demokratikliyi, Azərbaycançılığı, Türkiyəçiliyi!?

Seymur Həzi Səlahəddin Dəmirtaşı müdafiə etməklə nəyə nail olmağa çalışır? Nədən Türkiyə mövzusu Azərbaycanda əsas və həssas olduğu indiki vaxtda ortaya belə bir mövqe qoyuldu? Təsadüfə oxşamır. Xüsusilə siyasətdə heç nə təsadüflə baş vermir. Görünür, bizim bəzi ictimai-siyasi fəallar kimi, Əli Kərimli və çevrəsi də Türkiyədə növbəti dəfə hakimiyyət “dəyişikliyi” edirlər.

Necə deyərlər, post-Ərdoğan dövrünə indidən təməllər atırlar.

İstənilən siyasətçi seçimində sərbəstdir. Əli Kərimli, Seymur Həzi Rəcəb Tayyib Ərdoğanı yox, Kamal Kılıçdaroğlunu, Meral Akşeneri dəstəkləsə, kifayət qədər normal mövqe sayılar. Amma PKK-nı, Abdualla Öcalanı, separatizmi dəstəkləyən, Türkiyə Cümhuriyyətini bölməyə, dövlət quruluşunu dəyişdirməyə çağıran, bunun üçün ortaya mövqe qoyan, ağır dövləti cinayətdə suçlanaraq 7 ildir həbsdə olan Səlahəddin Dəmirtaşı müdafiə etməyə haqqı yoxdur. Azərbaycanın adını bu cür mövzularda kirlətməyə, Türkiyə ilə münasibətləri zədələməyə hesablanan davranışlara getməyə kimsənin ixtiyarı çatmır. Bu artıq bir siyasətçinin, bir siyasi partiyanın məsələsi deyil, Azərbaycanın, xalqın, dövlətin məsələsidi

Azər Ayxan 

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın