AXCP-dən separatçı HDP-yə dəstək: Seymur Həzinin gizli “missiyası”

15, 02, 23
21:00

AXCP-dən separatçı HDP-yə dəstək: Seymur Həzinin gizli “missiyası”


Bu yaxınlarda AXCP-nin sədr müavini Seymur Həzi qalmaqallı və bir o qədər də təəccüblü çıxışı ilə gündəmə gəlib. O, terror təşkilatı PKK ilə birbaşa əlaqəli şəxs olan HDP-nin sədri Səlahəddin Demirtaşı “siyasi məhbus” və “Türkiyə üçün kilid siyasətçi” adlandırıb. Öz çıxışında hazırda həbsdə olan Səlahəddin Dəmirtaşı az qala alqışlayan Seymur Həzi, daha da irəli gedərək onun fəaliyyətini “bu coğrafiya üçün cəsur nümunə” hesab etdiyini bildirib.

Bir neçə aydır ki, Türkiyədə səfərdə olan Seymur Həzinin PKK ilə birbaşa əlaqələrə malik Dəmirtaşı “göylərə qaldırması” ictimaiyyətdə ciddi çaşqınlığa səbəb olub. Əli Kərimlinin müavininin bu təxribatçı çıxışı nə üçün və niyə məhz indi etməsi isə bu istiqamətdəki şübhələri daha da artırıb.

Seymur Həzinin Türkiyə səfərinin məqsədi

Əvvəlcə onu qeyd edək ki, Seymur Həzi AXCP-nin sədr müavini, partiyanın bir neçə önəmli şəxsindən biridir. Bu mövqedə olan və özünü siyasətçi hesab edən bir şəxsin belə həssas mövzuda düşünülmədən və qeyri-iradi olaraq mövqe bildirməsi inandırıcı deyil. Bu ifadələrin ajiotaja və fərqli anlaşılmaya açıq olduğunu bilərək yenə də belə açıqlama vermək, baş verənlərin əvvəlcədən planlanmış hərəkət olduğunu deməyə əsas verir. Şübhəsiz ki, Seymur Həzi səsləndirdiyi ifadələrinin fərqli şəkildə anlaşılacağını çox yaxşı başa düşürdü, lakin o, hər şeyə rəğmən bu riski almağı seçdi. Sual edə bilərik niyə?

44 günlük müharibədən sonra AXCP-nin timsalında Azərbaycan müxalifətinin böhranı və vizyonsuzluğun səbəb olduğu çöküşü yəqin ki, hər kəs üçün aydındır. Artıq 3 ildir ki, əlacsız şəkildə sosial şəbəkə blogerlərinə çevrilən AXCP rəhbərliyi son bir ümid kimi nəzərlərini Türkiyədə bu il baş tutacaq seçkilərə çevirib. Azərbaycan və Türkiyə arasında genişlənən əlaqələri qısqanclıqla izləyən bu şəxslər, ölkədə mümkün dəyişikliyinin ancaq Türkiyədə baş verən hakimiyyət dəyişikliyi ilə bağlılığına inanırlar. Fanatiklik dərəcəsində batil inanca çevrilən bu yanaşma AXCP rəhbərliyinin son illərdəki fəaliyyətində və bəyanatlarında da özünü açıq şəkildə göstərir.

Seymur Həzi məhz bu iyrənc maraqların mərkəzində yer alan fiqurdur. Artıq bir neçə aydır ki, Türkiyədə səfərdə olan Seymur Həzi səfər çərçivəsində bir sıra müxalif partiyaların nümayəndələri ilə müntəzəm görüşlər keçirir, xüsusilə Türkiyə və Azərbaycan münasibətləri ilə bağlı müzakirələr aparır. Türkiyədəki dəyişikliyi “son şans” hesab edən Seymur Həzi öz diplomatik təmaslarında davamlı olaraq Türkiyədə nəyin bahasına olursa olsun “dəyişikliyin” olmasını və bunu Azərbaycan üçün önəmini vurğulayır.

Kiçik qurumun böyük iddiaları

Görünən odur ki, Azərbaycandakı siyasi proseslərə təsir gücü olmayan AXCP vəziyyəti düzəltməkdən, üzvləri ilə işləməkdən, qanunvericiliyin tələblərinə riayət etməkdənsə yenə də xam xəyalların dalınca qaçmağı seçir. Xəyallar o qədər böyüyüb ki demokratik Türkiyə cəmiyyətinin adından danışmaq, seçkilərinə təsir etmək iddiaları yaranıb. Çox maraqlıdır bəlkə Seymur Həzinin müavini olduğu qurum Türkiyə müxalif masasında özlərini 7-ci kimi görürlər?

Milli maraqlar yoxsa şəxsi ambisiyalar?

Seymur Həzi yazır: “Dəmirtaş kimi dəstəkləsə, o seçiləcək. Yəni tarazlığı o dəyişə bilər. Bu gün Türkiyə siyasətində olan əksər partiyalar onunla danışıq aparırlar ki, seçkidə birgə iştirak etsinlər”. 

Açıq şəkildə terroru dəstəkləyən, “uşaq qatili” Öcalanın heykəlini uçaltmağı təklif edən Dəmirtaş haqqında Seymur Həzinin bu mövqeyi ciddi suallar doğurur. Türkiyədə “dəyişikiyi” hər şeydən çox arzulayan Seymur Həzi öz məqsədinə çatmaq üçün Dəmirtaşı da, HDP-ni, lap Öcalanı da dəstəkləməyə hazır olduğu görünür.

Çünki Türkiyə müxalifətinin belə PKK ilə əməkdaşlıq edən Dəmirtaşı açıq şəkildə müdafiə etmədiyi bir zamanda, onu “bu coğrafiya üçün cəsur nümunə” hesab edən Seymur Həzinin davranışının başqa izahı mümkün görünmür.

AXCP rəhbərliyində təmsil olunan üzvün belə mövqe qoyması digərlərinin isə “susaraq” onunla razılaşması partiya kimi qurumun iflic olduğunu və ya heç bir fikir ayrılığı olmadığını göstərir. Əgər elədirsə AXCP-nin milli maraqlar, vətənpərvərlik və s bu kimi dəyərlərdən danışmağa Azərbaycanda partiya kimi fəaliyyət göstərməyə haqqı yoxdur... AXCP-nin bu mövqeyi Azərbaycanın milli təhlükəsizliyinə gələcəkdə ciddi problemlər yarada bilər.....

Ümid edirik ki, qardaş Türkiyə Cümhuriyyətinin müvafiq qurumları, Seymur Həzi və onun şübhəli “missiyası”na, açıqlamalarına, terroru legitimləşdirmək cəhdlərinə lazımı diqqəti göstərəcək. Seymur Həzi isə artıq saqqıza çevirdiyi “proqressiv dəyərlər” ifadəsinin terroru müdafiə etməklə eyni şey olmadığını başa düşəcək.

AZƏRBAYCANREALLIĞI.COM    

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 

Bizimlə əlaqə saxlayın