Ekoaktivistlər Vardanyan kartının istifadə müddətini bitirdi

11, 02, 23
10:00

Ekoaktivistlər Vardanyan kartının istifadə müddətini bitirdi


Erməni mediasında özünü Qarabağ separatçılarının “dövlət naziri” kimi elan edən milyarder Ruben Vardanyanın Qarabağın dağlıq hissəsindən qaçıb Moskvaya sığındığı bildirilib.

Bəs Vardanyanın bir müddətdir ki, ortakıqdan itməsinin səbəbi nədir?

Vardanyanın Moskvaya qaçışı bir neçə tərəfdən dəyərləndirilə bilər.


Moskvadan yeni təlimarlarln alınmasl məsələsi daha çox gündəmdədir. Məlumdur ki, o, Xankəndinə göndərilərkən Rusiya tərəfdən qarşısına müəyyən tapşırıqlar qoyulmuşdu.

İlk tapşırıq Qarabağda separatizmi daim canlı tutmaq, vaxt uzadaraq status kvonu saxlamaq, ikinci tapşırıq isə yeni lider kimi nüfuz qazanmaq idi. Yeni lider olaraq xarizmanın qazanılması yalnız Xankəndiyə deyil, həm də İrəvana yönəlik plan idi. Ancaq planlar demək olar ki, fiaskoya uğradı.

Qarabağda separatizm hələ də aradan qaldırılmasa da, Rusiya gözləmədiyi şəkildə oyundan kənar vəziyyətə düşdü. 2022-ci ildə Avropa tərəfinin moderatorluğu daha da gücləndi. Üstəlik lider olaraq xarizma qazanmaq tapşırığı da yerinə yetirilmədi. Vardanyan Qarabağ ermənilərinə özünü rəhbər olaraq qəbul etdirməyi bacarmadı.

Hətta tam əksinə erməni əsilli əhali arasında Azərbaycana inteqrasiya meyilləri gücləndi. Son zamanlar baş verən bir sıra hadisələr, istər Qarabağda aparılan tikinti işləri, yol çəkilişləri zamanı mülki ermənilərin davranışları bunu söyləməyə əsas verir.

Bu məsələdə Vardanyanın yarıtmazlığından əlavə, prezident İlham Əliyevin peşəkar siyasətçi olması əsas rol oynadı. Qarabağ ermənilərinə dəfələrlə ölkə qanunları çərçivəsində firavan yaşayacağı ilə bağlı Prezident İlham Əliyevin tezisləri atılan strateji addımları gücləndirdi.

Üzərinə Laçın yolunda azərbaycanlı ekofəalların etirazı Rubeni daha da çıxılmaz vəziyyətə saldı. İki aydan artıqdır ki, etirazçılarımızın Laçın-Xankəndi yolunda icra etdikləri aksiya Vardanyanın planlarını alt-üst etdi.

Onun əsas məqsədlərindən biri də, zəngin yataqların istismar edilməsi və əldə edilən qazancla həm “sahibinin” razı salınması, həm də separatçıların saxlanması olduğu üçün, Laçın yolunda etirazlar artıq bu istiqamətdə fəaliyyəti tamamilə məhdudlaşdırdı. Bu, həm də onu deməyə əsas verir ki, ekoaktivistlər Vardanyan kartının istifadə müddətini bitirdi.  

Vardanyanın Xankəndidən qaçması Bakının Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində uğurlu taktikasının göstəricisi olmaqla yanaşı, həm də torpaqların əsl sahibinin kim olduğunu da göstərdi.

Prezident İlham Əliyevin çıxışlarında “….yaşamaq istəməyənlər üçün qapı hər zaman açıqdır” bəyanatını artıq Vardanyan icra etməyə başladı. Başqa yol onsuzda mümkünsüzdür. Azərbaycanın maraqlarının əksinə Qarabağda heç bir fəaliyyət icra oluna bilməz, bu maraqlara tabe olmayan şəxslər bu torpaqlara ayaq basa bilməz!

 Züriyə Qarayeva

Aznews.az portalının siyasi şərhçisi

AZƏRBAYCANREALLIĞI.COM   

Bizimlə əlaqə WhatsApp (055) 8288841 

Bizimlə əlaqə saxlayın