Xameneinin tvitinin arxasında nə dayanır?

20, 07, 22
21:00

Xameneinin tvitinin arxasında nə dayanır?


Rusiya və Türkiyə prezidentlərinin İranın Dini Lideri Xamenei ilə görüşündən sonra İran liderinin yazdığı tvit 2 gündür ölkədə müzakirə olunur. 

Xamenei yazıb: “Qarabağın Azərbaycana qaytarılmasına çox sevinirik. Əlbəttə, işin içində İran_Ermənistan sərhədlərini blok etmək siyasəti varsa, İslam Cumhuriyyəti buna qarşı çıxacaq. Çünki bu sərhəd minlərlə illik əlaqə yoludur". Bu nə deməkdir?

Siyasi şərhçi Əziz Əlibəyli “Yeni Sabah”a açıqlamasında bildirib ki, İran liderinin yazdığı tvit Azərbaycan – Ermənistan münaqişəsi fonunda İran tərəfindən gözlənilən idi. Əlibəyli deyir ki, Azərbaycan prezidentinin bir neçə gün öncə Ermənistanın 10 noyabr öhdəliklərinin yerinə yetirməməsi ilə bağlı verdiyi açıqlamadan çıxan nəticə bundan ibarət idi ki, erməni tərəfi çox qısa müddət ərzində Qarabağdakı qoşunları çıxarmasa, o cümlədən də razılaşmanın digər öhdəliklərini yerinə yetirməsə, məsuliyyət daşıyan həm Rusiya olacaq, həm də Azərbaycan hərbi müdaxilə edə bilər:

“Bu artıq prezidentin atdığı konkret mövqe idi ki, milli maraqlarımızdan xəbər verirdi. Bu açıqlamadan cəmi 2 gün sonra görüş baş tutdu. Bu görüşdə 3 əsas məsələ qaldırılıb. Biri Suriya, ikincisi Zəngəzur, üçüncüsü isə İranın enerji ehtiyatlarının Avropaya çıxarılması məsələsidir. 

Bu açıqlamanın alt qatında dayanan məsələ odur ki, Azərbaycan güc və real qüvvə tətbiq edib Zəngəzur dəhlizini aça bilər. Belə olan halda İranın şimalı tamamən Azərbaycanın nəzarətinə keçir. İran bundan narahatdırmı görəsən? 

İkincisi, bu açıqlamanı verməkdə əsas nüans odur ki, burda Ermənistanın maraqları müdafiə olunur və dolayısıyla İran bəlkə də xristian dünyasının aparıcı güc mərkəzlərinə mesaj vermək istəyir ki, Rusiya ilə müharibədə Ermənistan faktorunu görməzdən gəlməyin və bərabər şəkildə körpü olaraq Ermənistanı qoruyaq və nəticədə Ermənistan üzərindən İran öz karbohidrogen ehtiyatlarını Avropaya versin? Yoxsa Azərbaycanın hərbi əməliyyatları baş verərsə, İran bunu qabaqlamağamı çalışır? 

Xameneinin tvitində 2 vacib məqam bundan ibarət idi ki, əslində yanlış olan sərhədin min illərlə əlaqə üçün mövcud olduğunu deməsidir ki, Ermənistanın yaradıldığı tarix məlumdur. 

İkincisi İran adına qeyd olunursa tarixdə İranın dövlət olaraq rəsmi şəkildə yaradılması da məlumdur. 

Üçüncüsü tamamən bu ərazinin İranın şimalı və Ermənistanın cənub ərazisindən söhbət gedirsə Çar Rusiyası ilə Qacar imperiyasının Türkmənçay və Gülüstan müqavilələrinə istinad eləmək lazımdı ki, burda da Ermənistanın adı yenə çəkilmir. 

Bütün hallarda bu məsələlərin İranın birinci şəxsi tərəfindən səsləndirilməsi, Ərdoğanla Xameneinin görüşündən dərhal sonra yazılması ona təsadüf edildi ki, həmin vaxt Bakıda Türkiyə nazirinin prezidentlə görüşü keçirilirdi. Bu tvitdən qısa vaxt sonra elan edildi ki, Ərdoğan Zəngilanda hava limanı açılışına gələcək. 

Bunların hamısını bir yerə yığsaq  başa düşə bilərik ki, Azərbaycanın hərbi əməliyyatarı başlatmaq niyyəti realdır və bu əməliyyatlardan İran narahatdır, ona görə də qabaqlayıcı açıqlama verərək İranın mövqeyini ortaya qoymağa çalışır”.

Dosent Zaur Əliyev isə düşünür ki, İran liderinin “Qarabağı qaytarmasına” ifadəsi kökündən yanlışdır və ərazi bütövlüyümüzə qarşı qeyri obyektiv addımdır:

“İranın ali dini lideri Xamenei Türkiyə prezidenti Ərdoğanla görüşü və görüşdən sonra Tvitterdə yazdığı status əslində qalsa bölgədə baş verən və verə biləcək hadisələrdə bu dövlətin rəsmi mövqeyini ortaya qoyur. 

İran rəsmisi açıq aşkar Ermənistana dəstək verdiklərini və bundan sonra da verəcəklərini bildirir. Fikir verin, İranın dini liderinin cümləsinə “Qarabağı qaytarmasına”. Azərbaycan tərəfi illərdir dünyaya Ermənistanın əzəli Qarabağ torpaqlarının işğal edilməsini bəyan edir və İran-Azərbaycan ikitərəfli görüşlərində İranın rəsmləri də dəfələrlə bunun işğal olduğunu etiraf etməsinə baxmayaraq Xameneinin “qaytarılması” sözü dolayısı olaraq Azərbaycanın ərazi bütövlüyünə qarşıdır. 

Qeyd edim ki, Azərbaycanın 44 günlük müharibəsi dövründə İran rəsmən Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirsə də Ermənistana və Xankəndiyə birbaşa yardımı açıq davam edirdi. 

Prezident İlham Əliyev xarici mediaya verdiyi müsahibələrin birində bildirib ki, Azərbaycan torpaqlarını azad etdikdən sonra da Qarabağa İrana məxsus yük maşınlarının girməsi məlumatlarını alıblar və bunu dayandırmaq üçün İranla "dostca danışıblar və buna son qoyulmalı olduğunu deyiblər". 

İlham Əliyevin sözlərinə görə, bu ilin iyul ayında, verdiyi bu göstərişdən sonra İrana məxsus yük maşınlarına Ermənistan qeydiyyat nişanı yapışdırmaqla "Azərbaycanı aldatmağa çalışıblar". 

Və açıqlamada “İran Ermənistan sərhədi min illərdir var” sözünə gələk. 

Birincisi, bu keçid tarixən iki Azərbaycan arasında kommunikasiya xətti kimi olub. Bu keçid var olandan bölgədə İran və Ermənistan adlı dövlətlər olmayıb. Tarixə nəzər salsaq 1923-cü ilin oktyabrında Rza xan baş nazir təyin olundu. Rza xan yaratdığı Taceddod partiyasına arxalanaraq məclisi Qacar sülaləsini devirməyə razı saldı. Məclis 1925-ci il oktyabrın 31-də Qacar sülaləsinin hakimiyyətdən kənar edildiyini elan etdi.
 
Beləliklə İran adlı dövlət yarandı. Eyni zamanda da tarixi Azərbaycan torpaqlarında 1918-ci ilin 28 mayında Ermənistan dövləti yarandı. 

Hər iki ad beynəlxalq birlik tərəfdən qəbul edildi. Bu zaman min illiklər haradan çıxdı? Demək İran da rəsmi olaraq erməni yalanların dəstəkləyərək guya burada qədimdə “erməni dövləti” olduğunu qəbul etdiyini göstərir. 

Və son olaraq qeyd edim ki, Azərbaycanın İranla hər hansı problemi yoxdur: Ölkənin daxili işlərinə qarışmırıq. Əvvəlki illərdən fərqli olaraq, İrana qarşı hər hansı siyasi çıxışların sayı da minimuma enib. 

Ancaq bu o demək deyil ki, İran bu cür davam etsə, ölkəmizdə Cənubi Azərbaycan məsələsi sükut içində qalacaq. 35 milyonluq Azərbaycanlının gözü Bakıdadır və bir söz olsa ayağa qalxa bilər.”

Nurlan Cəfəri

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın