Əli Əhmədov vəzifəsini itirəcək? - Onun təkcə YAP-da deyil...

17, 12, 21
11:00

Əli Əhmədov vəzifəsini itirəcək? - Onun təkcə YAP-da deyil...


Hakim Yeni Azərbaycan Partiyasında həyata keçirilən kadr dəyişikliyi uzun illərdən bəri bu təşkilatda təmsil olunan stajlı funksionerlərin siyasi proseslərdən təcrid olunmasına gətirib çıxarıb. Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun YAP-ın ikinci simasına çevrilməsindən sonra idarəetmədə tətbiq edilən yeniliklər veteran YAP-çıları arxa plana keçirib. Deputatların, rektorların və digər vəzifəli şəxslərin partiyada vəzifə tutmasının qadağan olunması YAP-da yeni dövrün başlanğıcı kimi dəyərləndirilir.

YAP-dakı "islahat rüzgarı"ndan ən çox nəsibini alanlardan biri də Baş nazirin müavini, partiyanın sabiq icra katibi Əli Əhmədovdur. Partiyanın idarəçiliyindən de-fakto uzaqlaşdırılan Əhmədovun iqtidar komandasında da əvvəlki gücə və nüfuza sahib olmadığl deyilir. Onun təkcə partiyada deyil, həm də təmsil olunduğu hökumətdə təsir imkanlarını tamamilə itirdiyi bildirilir.

YAP-ın aparıcı funksionerlərindən biri bizimlə söhbət zamanı Əli Əhmədovun iqtidar düşərgəsində "arzuolumaz şəxs"ə çevrilməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ildə keçirilən parlament seçkilərindən sonra məşhur YAP-çıya münasibət dəyişməyə başlayıb. Buna səbəb kimi partiyanın namizədlərinin müəyyənləşdirilməsi prosesində onun regional təəssübkeşlik etməsi, dostbazlıq, qohumbazlıq mərəzindən xilas ola bilməməsi gostərilir.

Sabiq icra katibinin korporativ maraqlardan çıxış edərək layiqli namizədləri seçki kampaniyasından uzaqlaşdırması onun "vurulması" ilə nəticələnib. Əhmədovun YAP-dakı vəzifəsinin ardından hökumətdəki postunu da itirəcəyi şübhə doğurmur.

"Hakim düşərgədə hesab edirlər ki, YAP-ın nüfuzdan düşməsi ilk növbədə Əli Əhmədovun günahıdır. Çünki uzun müddət bu partiyaya faktiki olaraq o rəhbərlik edib. Cəmiyyətdə mənfi reputasiyaya malik olan Hadı Rəcəbli, Hüseynbala Mirələmov, Abel Məhərrəmov, Tağı Əhmədov, Ramiz Göyüşov kimi adamlar məhz Əli Əhmədovun dəstəyilə YAP-da vəzifə tuta bilmiş, hakimiyyətdə mövqe sahibi olmuşdular. Bu adamların rüsvayçı şəkildə siyasətdən getməsi YAP-ın nüfuzuna ciddi zərbə vurdu. İndi Əli Əhmədov bu əməllərinin cəzasını çəkir. YAP-dakı islahatlar həm də bu adamın partiyadakı klanını sıradan çıxarmağa hesablanıb", - deyə mənbə fikrini tamamlayıb.

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın