Deputat və polkovnikdən Çingiz Abdullayevə cavab: - “Birinci Qarabağ müharibəsi olub, vəssalam!”

03, 11, 21
12:00

Deputat və polkovnikdən Çingiz Abdullayevə cavab: - “Birinci Qarabağ müharibəsi olub, vəssalam!”


“Birinci Qarabağ müharibəsi olmayıb, bu, yalandır”.


Bu sözləri Xalq yazıçısı Çingiz Abdullayev ötən gün Sumqayıtda oxucuları ilə görüşündə deyib. O, oxucularından “Birinci Qarabağ müharibəsi” ifadəsini işlətməməsini xahiş edib:

“Birinci Qarabağ müharibəsi deməyin! Bu müharibə olmayıb, yalandır. Ermənilər Sovet qoşunlarına pul verib, tanklarından istifadə edib bizim torpaqlarımızı alırdılar. Bizim ordumuz olmayıb. Xocalıya girən 366-cı alayda komandirlərin hamısı erməni idi. Əsl müharibə indi olub. 44 günlük müharibə ki, bizim müstəqil ordumuz olub, komandiri olub”.

Qeyd edək ki, Xalq yazıçısı bir müddət əvvəl Vətən müharibəsi haqda özünün “Facebook” hesabında paylaşım etmişdi:

“Mən “Birinci” və “İkinci Qarabağ savaşı” terminlərinin əleyhinəyəm. “Birinci Qarabağ müharibəsi” olmayıb. Müharibə iki dövlətin orduları arasında silahlı konfliktə deyilir. Bu isə sadəcə yox idi! Sovet süquta uğradığı vaxtda sadəcə xalqın özünün müdafiə məqsədli yaratdığı könüllülər dəstəsi var idi. Qonşularımızın isə yetərincə sayda hazırlıqlı zabitləri olsa da, keçmiş sovet komandirlərinə pul ödəyərək onların texnika, hətta canlı qüvvəsindən istifadə edirdilər”.

Qeyd edək ki, Çingiz Abdullayevin olmadığını iddia etdiyi Birinci Qarabağ müharibəsində 18 500 nəfər şəhid olub, 3700 nəfər itkin düşüb, 39 500 nəfər isə yaralanıb. Xalq yazıçısının bu açıqlaması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb və onun barəsində çox kəskin tənqidlər səsləndirilib. Ç.Abdullayevin rusdilli olduğunu nəzərə alsaq, fikrini düzgün ifadə etmədiyini və qərəzli olmadığını düşünmək olar. Sadəcə olaraq, bu fikirləri “Facebook” hesabında paylaşmaq və oxucuları ilə görüşdə səsləndirmək nə dəcədə doğrudur? Nəzərə alsaq ki, Qarabağ bizim həssas nöqtəmizdir, bu məsələdə ifadələr xüsusi diqqətlə seçilməldir.

Azərbaycanın ilk nizami hərbi hissəsi olan Laçın alayının keçmiş komandiri, polkovnik Arif Paşa Cebhe.info-ya açıqlamasında deyib ki, belə fikirlər səsləndirmək ayıbdır və qürurumuzu bu qədər tapdalamaq olmaz:

“Əlsində Birinci və ya İkinci Qarabağ müharibəsi anlayışı yoxdur. Hesab edirəm ki, ümumi olaraq Qarabağ müharibəsi var. Bu müharibə 1988-ci ildən bəri dayanmadan davam edir. Birinci Qarabağ müharibəsində hökumət dəstəyi olmadı, sadəcə olaraq millət özü ermənilərlə mübarizə apardı. Lakin bu gün Birinci və İkinci Qarabağ müharibəsinin şəhidlərini ayırırlar. Birinci müharibənin əlillərinə hələ də sığorta haqqı ödənilmir.

Bu nə deməkdir? Nə üçün qazilərimizi bölürsünüz? Bu nə ədalətsiz yanaşmadır?

Hesab edirəm ki, bu tip yanaşmalar millətin əxlaqına və ləyaqətinə kəc baxmaqdır. Onu da qeyd edim ki, Birinci Qarabağ müharibəsində Azərbaycan ordusu var idi. Hətta ordumuz təzə qurulmasına baxmayaraq, ermənilərlə qəhrəmancasına döyüşürdü. Üstəlik, Azərbaycan həmin dönəmdə 20 mindən çox şəhid verdi və 30 mindən çox insan qazi oldu.

Bəs bu döyüşənlər kim idi? Onlar məgər öz torpaq sahələrində döyüşürdülər? Ümumiyyətə, bu tip halların yaranmasına səbəb millətin unutqunluğu və bizim fəaliyyətimizə biganəliyidir.

Birinci və İkinci Qarabağ müharibəsi iştirakçısı kimi bizi kateqoriyalara ayırıblar. Amma unutmayın ki, onuncu pilləkənə çatmaq üçün birinci pilləkənə addım atmalısan. Həmçinin, “müstəqil ordu yox idi” fikrə ilə də qətiyyən razı deyiləm. Əgər ordumuz olmasaydı, bu qədər şəhid və qazi olmazdı. Bu xalqın tarixinin unutmayın! Niyə xalqın ziyalıları belə fikirlər səsləndirir axı? Bunların məqsədi nədir? İnsanların səbri, əsəbi və mənliyi ilə bu qədər oynamaq olmaz”.

Milli Məclisin deputatı Aqil Abbas isə bildirib ki, Çingiz Abdulayevin niyə elə söz dediyini bilmir:

“Onun belə fikirlərini mən də oxumuşam. Düşünürəm ki, səhv edib və fikrini izah edə bilməyib. Onu dəqiq deyə bilmərəm, amma hər halda Birinci Qarabağ müharibəsi olub. Üstəlik, Birinci Qarabağ müharibəsində təxminən 20 minə yaxın əsgər və sıravi vətəndaşımız şəhid olub. Həmçinin, o dövrdə Azərbaycanın Müdafiə Nazirliyi də artıq yaranmışdı. Reallıq budur ki, Birinci Qarabağ müharibəsi olub, vəssalam!”

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın