“Qaydalara əməl edilməsə, qapanmalar olacaq” – Deputatdan xəbərdarlıq

29, 07, 21
23:00

“Qaydalara əməl edilməsə, qapanmalar olacaq” – Deputatdan xəbərdarlıq


Nazirlər Kabineti yanında Operativ Qərargah 2021-ci il iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verdi. Bundan sonra bir çox ailələr toy etsə də, bəziləri hələ də say məhdudiyyətinə görə, toylarını keçirmir. Son günlər sosial şəbəkələrdə Məhərrəm ayından sonra 300-500 nəfərlik toyların keçirilməsinə icazə veriləcəyi ilə bağlı məlumatlar gəzir. Bu nə dərəcədə doğrudur?

Azerbaycanrealligi.com xəbər verir ki, Məsələ ilə bağlı Milli Məclisin deputatı Cavid Osmanov Yenisabah.az-a Şadlıq saraylarında qaydalara uyğun olmayan şəkildə toyların keçirilməsinə cəhd edildiyini söyləyib:

“Bir ildən sonra toyların keçirilməsinə icazə verildi. Lakin son günlərdə koronavirusa yoluxanlar arasında artım müşahidə olunur. Rəsmi mənbələrdən görürük ki, bəzi şadlıq sarayları toylarla bağlı qoyulan qaydaları pozurlar. 

Portala vurulmamış say çoxluğu və qaydalara uyğun olmayan şəkildə toyların keçirilməsinə cəhd edirlər. Təbii ki, bunlar müsbət hal deyil. Çünki qoyulan qaydalar birmənalı olaraq, Azərbaycan vətəndaşının sağlamlığını qorumaq məqsədi daşıyır. Epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün tətbiq edilib”.

Deputatın fikrincə, yoluxma sayında artım müşahidə olunduğuna görə, daha çox insanların toplaşması mümkünsüzdür:

Cavid Osmanov

“Lakin bütünlükdə epidemioloji vəziyyət nəzərə alındıqdan sonra gələcəkdə bütün bu qərarların verilməsini Operativ Qərargah həyata keçirəcək. Vaksinləşmə prosesini daha tez və sürətli şəkildə həyata keçirmək lazımdır. Ümumdünya Səhiyyə Təşkilatı və mütəxəssislər tərəfindən müəyyənləşən yeganə çıxış yolu vaksinləşmədir. İnsanlar ilk növbədə peyvəndləmə prosesində yaxından iştirak etsinlər. 

Eyni zamanda da Operativ Qərargah tərəfindən qoyulan qaydalar birmənalı olaraq əməl olunmalıdır. Artıq bəzi Avropa ölkələrində koronavirusun 4-cü dalğası yayılıb. Qaydalara əməl edilməlidir ki, yoluxanların sayı azalsın. Əks təqdirdə yenidən qapanmalar olacaq”.

C.Osmanov yeni yaranan virusların daha çox təhlükə yarada biləcəyini qeyd edib: “Düşünürəm ki, 300-500 nəfərlik toyların keçirilməsinə icazə verilməyəcək. Çünki əhalinin yarısı vaksin olunmayıb. Real göstərici vaksinasiyadır. Yeni yaranan viruslar daha çox təhlükə yaradırlar. Bu baxımdan vaksinləşmə prosesi tez bir zamanda başa çatdırılmalıdır. 

Bunun üçün Azərbaycan bütün addımları atıb. 4 növ vaksin mövcuddur. İnsanların istəklərinə uyğun olaraq, peyənd vurulur. Bu baxımdan da böyük kütlənin bir yerə toplanması gözlənilmir. Lakin bütün hallarda epidemioloji vəziyyət nəzərə alınaraq bütün qərarlar verilə bilər”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın