“Ramiz Mehdiyevin yerinə kim olsa, istefa verib nəticələri ilə vaxt keçirməyə gedər” - Adil Əliyevdən şapalaq təsirli ittihamlar

22, 06, 21
16:30

“Ramiz Mehdiyevin yerinə kim olsa, istefa verib nəticələri ilə vaxt keçirməyə gedər” - Adil Əliyevdən şapalaq təsirli ittihamlar

Azərbaycan Milli Məclisinin vitse-spikeri Adil Əliyev Ovqat.com-a müsahibə verib. Söhbət Ermənistandakı parlament seçkilərindən tutmuş Şuşa Bəyannaməsinə və AMEA-nın fəaliyyətinə qədər geniş spektri əhatə edib.

Azerbaycanrealligi.com olaraq vitse-spikerin müsahibəsini təqdim edirik:
 
-Adil müəllim, Ermənistanda keçirilən son parlament seçkilərində II Qarabağ savaşının məğlubu Paşinyan böyük fərqlə qələbə çaldı. Erməni xalqının yarıdan çoxu Paşinyana səs verdi. Hər seçkinin nəticəsi həm də xalqın dünyaya verdiyi bir mesajdır. Sizcə, erməni xalqı öz seçimi ilə hansı mesajları verdi və bu seçim regiona nə vəd edir?
 
-Ermənistandakı son parlament seçkilərinin nəticələri ilk növbədə onu göstərdi ki, erməni xalqı müharibə tərəfdarı siyasi partiyaların və qüvvələrin irəli sürdüyü ideyaları dəstəkləmir, sülh şəraitində yaşamağı arzulayır. Ona görə ki, Paşinyanın rəqibləri onu kaputilyasiya siyasəti yürütməkdə ittiham edir və 44 günlük müharibənin məğlubiyyətini bu adamın ayağına yazmağa çalışırdılar. Xalqa verdikləri vədlər də itirdikləri əraziləri yenidən işğal etmək məqsədi ilə müharibəyə başlamaq idi. 44 günlük müharibədə ağır itkilərlə üzləşən erməni xalqı isə yenidən eyni tale ilə üzləşməmək üçün istəməsələr belə, Paşinyana dəstəkləmək məcburiyyətində qaldılar. Açığı, bu seçim Paşinyana duyulan böyük hörmətdən irəli gəlmirdi. 44 günlük müharibədən sonra Paşinyan ölkədəki nüfuzunu böyük ölçüdə itirmiş və hara gedirdisə mütləq etirazla qarşılaşırdı. Bütün bunlara baxmayaraq, ermənilərin ona səs verməsi Paşinyana inamdan yox, rəqiblərinə inamsızlıqdan qaynaqlanırdı. Artıq erməni xalqı Azərbaycanla hərbi diliylə danışmağın mümkün olmadığını anlayır və perspektivi olmayan, ölkəyə ancaq məğlubiyyət gətirəcək təcavüzkar siyasətdən imtina etməyə çalışır. Bunun da əsas səbəbi Azərbaycan ordusunun qüdrəti ilə əlaqədardır. 44 günlük müharibə bir daha sübut etdi ki, Cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir neçə il əvvəl söylədiyi “Azərbaycanın güclü ordusu var” sözləri gəlişi gözəl ifadə deyil, real faktlara əsaslanır. Təsadüfi deyil ki, son Qarabağ döyüşlərində ordumuz bir an belə dayanmamış, ancaq irəli gedərək düşmən üzərində qəti qələbə qazanmışdı. Ermənistan 44 günlük müharibənin nəticəsində kaputilyasiya aktı saydığımız 10 noyabr Bəyanatına da məhz bu səbəbdən imza atmağa, hətta bu atəşkəsi özləri istəməyə məcbur olmuşdular. Çünki həmin dövrdə erməni ordusunun 20 mindən artır əsgəri faktiki olaraq Azərbaycan əsgərinin mühasirəsinə düşmüşdü və müharibə bir neçə gün də davam etsəydi, böyük canlı qüvvə itkisiylə üzləşə bilərdi. Öz ordusunun bütün hərbi arsenalının böyük əksəriyyətini, minlərlə canlı qüvvəsini itirən ermənilərin müqavimət göstərmək imkanları qalmamışdı. Övladlarını perspektivsiz müharibəyə qurban vermək istəməyən erməni xalqı, təbii ki, sülh çağırışlarına daha çox üstünlük verməli idi və verdi də. Ermənistanda keçirilən son seçkilərə bu aspektdən nəzər salanda onların niyə məğlub komandana səs verdiklərini anlamaq mümkündür.
 
-Amma Köçəryanın seçki öncəsi apardığı təbliğatlarda Rusiyanın dəstəyini alıb yenidən işğal etdikləri əraziləri geri qaytarmaq mesajı açıq seçilirdi. Sizcə, erməni xalqı bu çağırışlara niyə inanmadı?
 
-Çünki o çağırışların və vədlərin yalan olduğunu 44 günlük müharibədə gördü. Dəfələrlə Ermənistan rəhbərliyinin Moskvaya yardım çağırışlarına aldığı cavab indi də unudulmayıb. Moskva Azərbaycan ordusunun öz ərazilərində separatizmə qarşı mübarizə apardığını, bunun rəsmi Bakının suverenlik hüququndan irəli gəldiyini, KMTM Nizamnaməsində üzv dövlətlərin başqa ölkə ərazisinə təcavüz halında onu dəstəkləməklə bağlı hər hansı öhdəliyinin olmadığını açıq şəkildə bəyan etmişdi. Ölkəmizin haqlı müharibə aparması dünya dövlətləri tərəfindən də qəbul olunur, hətta erməniləri açıq şəkildə dəstəkləyən digər qüvvələr də bu reallıqla barışırdılar. Yadınızdadırsa, Fransanın çağırışı ilə toplanan BMT TŞ-da Azərbaycana qarşı sanksiyalar tətbiq olunması ilə bağlı təklifinə Böyük Britaniya veto qoymuş və bu qərar layihəsi keçməmişdi. Erməni ictimaiyyəti yaxşı başa düşür ki, Azərbaycana qarşı yenidən müharibəyə başlamağa öz gücləri çatmaz və beynəlxalq hamiləri onların yerinə bizimlə döyüşməz, hətta İrəvanı siyasi cəhətdən də dəstəkləməzlər. Hesab edirəm ki, bu qələbə Azərbaycan hakimiyyətinin 30 il ərzində yürütdüyü təmkinli, düzgün hesablanmış xarici siyasətinin və ordu quruculuğunun nəticəsidir. Bütün bu uğurlu siyasətin əsas müəllifi isə Ali Baş Komandanımız İlham Əliyevdir.
 
-Gəlin, etiraf edək ki, Azərbaycanla strateji müttəfiqimiz Türkiyənin imzaladığı Şuşa Bəyannaməsinə Moskvanın münasibəti qənaətbəxş olmadı. Sizcə, bu bəyannaməyə niyə belə sərt reaksiya verildi?
 
-Düşünürəm ki, Bəyannaməyə bu reaksiya yalnış anlaşılmadan doğdu. Rusiyanın etirazının kökündə NATO üzvü olan Türkiyənin Azərbaycanda öz hərbi bazalarını yaratmaq ehtimalından qaynaqlanırdı. Halbuki, Bəyannamədə elə bir maddə nəzərdə tutulmur. Üstəlik, nə Qoşulmayanlar Hərəkatının üzvü, hazırkı sədri kimi Azərbaycanın, nə də Türkiyənin elə bir niyyəti var. Hər iki strateji müttəfiqin yeganə planı Azərbaycan ordusunun qüdrətlənməsi, öz gücü hesabına ərazi bütövlüyünü qoruyacaq vəziyyətə gəlməsidir. Bu isə bizim bir dövlət kimi ən təbii haqqımızdır və heç kim buna etiraz etmir, edə də bilməz. O başqa məsələdir ki, Azərbaycan öz torpaq bütünlüyü uğrunda düşmənin regional müttəfiqlərinə qarşı müharibəyə girərsə, Türkiyə də istər-istəməz bizi dəstəkləməyə məcbur ola bilər. Amma bu ehtimal hazırda sadəcə nəzəri olaraq gündəmdədir. Çünki nə regional ittifaqların belə bir niyyəti var, nə də Azərbaycan öz qonşuları ilə müharibəyə hazırlaşır. Bizim yeganə niyyətimiz ərazi bütövlüyümüzü qorumaqdır və müasir silahlarla təchiz olunmuş, dünyanın ən güclü ordularının belə, heyrətlə izlədiyi qələbəni qazanmış Azərbaycan ordusunun öz dövlətini qorumağa kifayət qədər gücü çatar. Sadəcə hər bir dövlət kimi Azərbaycan da bu üstünlüyü ilə razılaşmır, öz ordusunu müasirləşdirmək və yeni nəsil silahlarla təchiz etmək istəyir. Şuşa Bəyannaməsi də bu məqsədə xidmət edir.
 
-Adil bəy, Azərbaycan ordusunun yeni texnologiyalarla təchizi elmi inkişaf səviyyəmizdən birbaşa asılıdır. Tarix sübut edir ki, ondan-bundan silah almaqla bir ordunu güclü hala gətirmək mümkün deyil. Ölkələr həm də öz hərbi sənaye komplekslərini qurmalı və müasir texnoloji kəşflərlə buna nail olmalıdır. Bu hədəfə çatmaq üçün Azərbaycanın elm xadimlərinin üzərinə böyük məsuliyyətlər düşür. Necə hesab edirsiniz, AMEA bu çağırışlara cavab verəcək səviyyədədirmi?
 
-Çox yaralı yerimizə toxunursunuz. Bilirsiniz ki, Şuşa Bəyannaməsində də Azərbaycanın müasir tələblərə cavab verən hərbi sənayə kompleksinin qurulması nəzərdə tutulur. Prinsip etibarilə, Azərbaycan xalqı bu potesiala malik toplumdur. Heç uzağa getməyək, II Dünya müharibəsində SSRİ-nin alman faşizmi üzərində qələbə qazanmasında Azərbaycanın elm xadimlərinin, xüsusilə Yusif Məmmədəliyevin məşhur kəşfləri mühüm rol oynamışdır. Onun tank əleyhinə yaratdığı kimyəvi kokteyl düşmən tanklarını əridib sıradan çıxarır, təyyarələr üçün hazırladığı yanacaq sovet hava qüvvələrini hərəkətə gətirirdi. Müharibədən sonra bir çox rus mütəxəssislər Yusif Məmmədəliyevin bu uğurlarını etiraf edərək deyirdilər: müharibəni Mikulinin motorları, Yakovlevin təyyarələri, Məmmədəliyevin benzini hesabına udduq. Məhz bu nailiyyətlərinə görə, Yusif Məmmədəliyev müharibədən dərhal sonra – 1945-ci ildə AMEA-nın prezidenti vəzifəsinə gətirilmişdi. Yəni indiki Ramiz Mehdiyevin yerinə. Müharibədən sonra onun raket yanacağını kəşfi nəticəsində SSRİ kosmosa çıxa bilmiş və dünya hegemoniyasında əsas rəqibi ABŞ-ı ən azı 15 il qabaqlamışdı. Qısası, SSRİ-nin həm II Dünya müharibəsində, həm də soyuq savaşda nailiyyətində Azərbaycan elm xadimlərinin misilsiz rolu var. Bu gün belə, o kəşflər hərb sənayesinin başlıca uğurlarından sayılır. Mən bu misalları çox uzada bilərəm. Amma sualdan yayınmamaq xətrinə Azərbaycanın digər bir çox alimlərinin elmə gətirdiyi yeniliklər üzərində çox dayanmaq istəmirəm. Demək istədiyim odur ki, dünya elminin istiqamətini, qlobal müharibələrin taleyini dəyişən AMEA-nın indiki vəziyyəti ürək ağrıdıcıdır. Yusif Məmmədəliyev kimi işıqlı akademikin yerində hazırda akademiyanı ailə şirkətinin bazasına, qohum-əqrəba, dost-aşna klubuna çevirən Ramiz Mehdiyev əyləşib. Səhv etmirəmsə, sizin saytdan oxudum, adını akademik qoyan bu adam həmin vəzifəyə təyin olunandan bəri 1 il 7 ay ərzində bir dəfə də olsun akademik tədbir keçirməyib. Bu müddət ərzində gördüyü iş savadlı akademikləri vəzifələrindən uzaqlaşdırıb yerlərinə elmlə əlaqəsi olmayan insanları gətirmək olub. Onun irəli çəkdiyi kadrların, demək olar ki, hamısının keçmişi isə qaranlıqdır. Bir çoxları məhz bu qara əməlləri nəticəsində işdən uzaqlaşdırılıblar. AMEA məhz bu adamın 1 il 7 aylıq xidməti sayəsində əsl akademiklərdən “təmizlənib”. Özü də tam qanunsuz şəkildə. Onlardan biri (Yəqin ki, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyevi nəzərdə tutur – Ovqat.com) bu yaxınlarda qanunsuz işdən çıxarılması ilə əlaqədar məhkəməyə müraciət etmiş və məhkəmə hökmü ilə işə bərpa olunmuşdu. Kim Ramiz Mehdiyevin yerinə olsa, məhkəmənin bu qərarından sonra bir gün də o postda oturmaz, dərhal istefa verib nəvələri, nəticələri ilə vaxt keçirməyə gedərdi. Bu adam isə dəfələrlə ifşa olunmasına baxmayaraq, öz postundan dörd əlli yapışır və AMEA kimi elm mərkəzini şəxsi qara biznesinin ofisinə çevirir.

Bilirsiniz ki, Azərbaycan prezidenti dəfələrlə elmə ayrılan vəsaitin tətbiqi elmlərin inkişafına sərf olunmasını tapşırıb. Elə bu tapşırığın özü, siz dediyiniz kimi, hərbi sənaye kompleksinin və iqtisadi böyümənin inkişafına yönəlməsini tələb edir və Şuşa Bəyannaməsinin ruhunu əks etdirir. Və bir daha sübut edir ki, ölkəmizin inkişafı, xüsusilə də müasir hərbi sənaye komplekslərinin yaradılması Şuşa Bəyanatından əvvəl də Ali Baş Komandanın başlıca prioriteti olub. Təbii ki, ölkə başçısı öz hərbi və iqtisadi hədəflərinin bundan daha aydın deyə bilməzdi. AMEA prezidenti isə mənasız qurumalar yaradaraq və o qurumlara özünün yaxınlarını gətirərək, akademik büdcəni göyə sovurmaqla məşğuldur. Hesab edirəm ki, akademik büdcənin hansı sahələrə yönəldildiyini araşdırsanız, daha dəhşətli faktlar ortaya çıxararsınız. Prezident çıxışlarında dəfələrlə jurnalistləri özünün ən yaxın dostları və etibar etdiyi mənbələr adlandırıb. Siz də bu etimadı doğruldaraq, Azərbaycanın elmi potensialının necə məhv olunduğunu araşdırıb əsl həqiqətləri ortaya qoymalısınız. Qoy, Azərbaycan rəhbərliyi də, ictimaiyyəti də sizin vasitənizlə kimin kim olduğunu tam aydınlığı ilə görsün.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın