Kəmaləddin Heydərovun təklifinə prezidentdən maraqlı reaksiya

05, 07, 18
01:52

Kəmaləddin Heydərovun təklifinə prezidentdən maraqlı reaksiya

Kəmaləddin Heydərovun təklifinə prezidentdən maraqlı reaksiya


İlham Əliyev: “Bu təkliflər komissiyanın yekun rəyində mütləq öz əksini tapmalıdır”
Xəbər verdiyimiz kimi, iyulun 4-də prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirilib. Musavat.com bildirir ki, müşavirədə aidiyyatı qurumların rəhbərləri dövlət başçısına baş verən qəza haqda məruzə ediblər.
Məruzə edənlər arasında fövqəladə hallar naziri Kamaləddin Heydərov da olub. K.Heydərov məruzəsində öncə qəza baş verdikdən sonra Mingəçevir İES-də müşahidə etdiklərini ölkə başçısının diqqətinə çatdırıb. Musavat.com nazirin çıxışından bəzi məqamları təqdim edir: “İlk hadisə zamanı mən özüm də srağagün oraya getdim. Şəxsən müşahidə etdiyim o idi ki, o cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılmış və qabağında olan kanallarda kabelləri yandırmışdır. Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməmişdir. Biz komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmamışdır. Ərazi quru otlardan təmizlənməmişdir. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, - düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, - Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olmuşdur, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədi”. 
K.Heydərov deyib ki, elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir. Nazir daha sonra bildirib ki, bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır. K.Heydərov fikrini belə əsaslandırıb: “Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın”.
ENERJİ MUSHAVİRE.jpeg (136 KB)
Musavat.com bildirir ki, prezident İlham Əliyev nazirin çıxışından sonra “Bu təklifləri təqdim edərsiniz, komissiyada baxılar və komissiyanın yekun rəyində mütləq öz əksini tapmalıdır” deyə münasibət bildirib.
Ölkə başçısı yekun nitqində də K.Heydərovun audit təklifinə bir daha münasibət bildirib. Sitat: “Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir”.
Musavat.com

Bizimlə əlaqə saxlayın