Ata Abdullayevin “XAÇ ATASI” – Əmrləri kim verirdi?

06, 06, 21
20:00

Ata Abdullayevin “XAÇ ATASI” – Əmrləri kim verirdi?


Özünü ictimai nəzarətçi adlandıran Ata Abdullayev hüquq mühafizə orqanları tərəfindən saxlanılmasından 3 aya yaxın vaxt keçir. Bir müddətdir ki, cəmiyyət tərəfindən birmənalı qarşılanmayan bloqerin taleyi barədə bir xəbər yoxdur.

Xatırladaq ki, bloqer mart ayının 12-də bir neçə nəfəri şantaj edib, pul tələb etməkdə günahlandırılaraq həbs edilib. Məhkəmə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Bəs, hazırda Ata Abdullayev haradadır?

Azerbaycanrealligi.com xəbər verir ki, Bizim.Media bu sualla Baş Prokurorluğa müraciət edib. Prokurorluq açıqlamasında Ata Abdullayevin işinin onların səlahiyyətində olmadığı bildirilib.

Əslində Ata Abdullayev kimdir?

Bu haqda məlumat toplamaq üçün mətbuatda Ata haqqında gedən bütün xəbərləri araşdırıb onun həyatı haqqında kiçik bir araşdırma apardıq.

Dərc olunan məlumatlara görə, Abdullayev zamanında Nəsimi Rayon Polis İdarəsi rəisinin ailə sürücüsü işləyib. 2008-ci ildə oğurluq-dələduzluq maddəsi ilə icbari iş alıb. Bundan başqa Ata Abdullayev bir neçə dəfə məhkəmələrdə yalançı şahidlik etməkdə ittiham olunur.

Əli Həsənovun buyruqqulu Ata

Məlumatları araşdırdıqca, Abdullayevin cəmiyyətdə heç də yaxşı bir insan kimi qarşılanmadığı görülür. Belə ki, cəmiyyətin çox hissəsi onu kələkbaz, yalançı və saxtakar olduğunu bildirir.

Bir müddət əvvəl mətbuatda hətta Ata Abdullayevin Prezident administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun tapşırığı ilə hərəkət etdiyi də deyilirdi. Lakin Əli Həsənov bu barədə yayılan xəbərləri əsassız adlandıraraq təkzib edib. Buna baxmayaraq, o zamanlar gizli mənbələr Ataya məhz Əli Həsənovun himayədarlıq etdiyini iddia edirdi.

Sosial şəbəkə istifdəçilərin fikrincə, onun Nikol Paşinyanın iştirak etdiyi tədbirə daxil olaraq ona qeyri-peşəkar və savadsız sual ünvanlaması, “xalqa yanıb” bəzi məmurlara müraciət etməsi da Əli Həsənovun “mətbəxində” hazırlanıb.

Bloqer yoxsa biznesmen Ata Abdullayev

Mətbuatda gedən bəzi yazılarda Abdullayevin Bakının bir neçə ərazisində ticarət obyektlərinin olduğu deyilir. Onun əsasən kafe işi ilə məşğul olduğu bildirilir. Belə ki, məlumatlarda onun 28 may metrostansiyasının yaxınlığında yerləşən “KÖZ - Dönər Tantuni” və "ÇAYXONA" adlanan kafelərin Ata Abdullayeva məxsus olduğu qeyd olunur. Bundan başqa deyilənə görə, onun internet klubu da fəaliyyət göstərir.

Bağlanmış hesablar

Ata Abdullayev həbs edildikdən sonra onun sosial şəbəkə hesabları da aktivliyini itirib. Onun videobloger.az blogu da fəaliyyətini tam dayandırıb. Səhifəyə daxil olmaq istədikdə “belə səhifə fəaliyyət göstərmir” yazısı ilə üzləşdik. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın