Gürcüstan azərbaycanlıları kimlərin hədəfindədir?

29, 05, 21
15:00

Gürcüstan azərbaycanlıları kimlərin hədəfindədir?


Gürcüstanda svanlarla azərbaycanlıların qarşıdurması tam səngiməmiş, bu dəfə kürdlərlə dava oldu və bir nəfər soydaşımız qətlə yetirildi. Gürcüstanda azərbaycanlıların bu cür təzyiqlərə məruz qalmasında erməni izi olduğu deyilir. Amma belə iddialar da var ki, rəsmi Tiflis baş verənlərə o qədər də ciddi yanaşmır. Bunun da səbəbi regionda yaranmış yeni situasiyadır.

Hətta gürcü ekspertləri də etiraf edirlər ki, Azərbaycanın alternativ çıxışı olacaq Zəngəzur dəhlizi Gürcüstanı tranzit gəlirlərindən məhrum edəcək. Azərbaycan Gürcüstana ən çox investisiya qoyan ölkədir və əlaqələr normal səviyyədədir. Amma tez-tez dəyişən hökumətlər və ölkədə son parlament seçkilərindən sonra davam edən gərginlik var. Hər bir halda, baş verənlər sonunda “Azərbaycanlılara milli zəmində təhlükələr niyə önlənmir, bunun səbəbləri nədir” sualını gündəmə gətirir.

Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Yeni Müsavat”a bildirdi ki, Gürcüstanda azərbaycanlılarla digər millətlərin arasında gərginliklər yaradılmasının daha çox üçüncü qüvvənin marağı olduğu ehtimalı yüksəkdir: "Üçüncü dövlətlərin Gürcüstan daxilində milli zəmində qarşıdurmalar yaranmasında marağı var. Bir çox siyasi analitiklər Gürcüstan daxilində milli zəmində qarşıdurmada əsasən Rusiyanın maraqlı olduğunu iddia edirlər. İddia edirlər ki, guya Rusiya Gürcüstana təzyiq etmək üçün oradakı sayca kifayət qədər çox olan azərbaycanlılardan yararlanmaq istəyir. Hər bir halda, mən düşünmürəm ki, o cür qarşıdurmalar, azərbaycanlılara qarşı başqa etniklərin hücumları Gürcüstan dövlətinin, hökumətinin marağındadır. Çünki bu hal hakimiyyətin işinə yaramır. Əksinə, dövlətin, hakimiyyətin ziyanına prosesdir. Ağlı başında olan heç bir hökumət ölkəsinin daxilində milli zəmində qarşıdurmada maraqlı olmaz.

Mən Gürcüstan siyasətini yaxından izləyən adam kimi, həm də oradakı Azərbaycan icmaları ilə sıx əlaqələrə malik şəxs olaraq hesab edirəm ki, Gürcüstan hökuməti azərbaycanlılara qarşı hücumların olmasında maraqlı olmadığını sübut etmək üçün ciddi addımlar atmalıdır. Yoxsa o cür arzuolunmaz hallar təkrarlandıqca insanlarda “bu vəziyyətdə hökumətin marağı var” rəyi yaranacaq. Bu isə Gürcüstan dövlətinin və hökumətinin xeyrinə olmaz".

A.Abdulkərimov xatırlatdı ki, 1990-cı illərin əvvəlində millətçi Zviad Qamsaxurdiyanın hakimiyyəti zamanında svanlarla azərbaycanlıların arasında konfliktlər yaranmışdı. Bunun da günahkarı hakimiyyət idi: “Qamsaxurdiyanın dövründə ”Gürcüstan yalnız gürcülər üçün" şüarı dövlət şüarına çevrilmişdi. Svanların Borçalı bölgəsinə süni şəkildə köçürülməsi də o hakimiyyətin zamanında həyata keçirilmiş və problemin əsası qoyulmuşdu. İndi də belə görünür ki, köhnə problemi yenidən qızışdıran qüvvələr var. Ancaq həmin qüvvələr istəklərinə nail ola bilməyəcəklər. Əgər indiki Gürcüstan iqtidarı azərbaycanlılara qarşı hücumlarda maraqlıdırsa, çox ciddi səhvə yol verirlər. Mənim Gürcüstandakı gürcü siyasətçilərlə əlaqələrim var. Onlarla danışmışam, ölkənin daxilində etnik qarşıdurmalarda qətiyyən maraqlı olmadıqlarını deyirlər. Ancaq hökumət bunu ciddi addımları ilə, azərbaycanlıları qorumaqla sübut etməlidir".

Qeyd edək ki, azərbaycanlılar Gürcüstanda ikinci ən böyük etnik qrupdur. Gürcüstan azərbaycanlılarının əksəriyyəti Kvemo-Kartli bölgəsində (Marneuli, Bolnisi, Dmanisi və Qardabani rayonları) və az sayda Kaxetiya və Şida-Kartli bölgələrində yaşayırlar. Marneuli rayonunda azərbaycanlılar əhalinin 84, Dmanisidə 66, Bolnisidə 63, Qardabani rayonunda 44 faizini təşkil edir. Dini baxımdan Gürcüstandakı azərbaycanlıların 75 faizi sünni, 25 faizi isə şiə müsəlmanlardan ibarətdir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın