“Qarabağın işğalına son!” adlı Uluslararası Qarabağ Forumü keçirilib

27, 06, 18
18:35

“Qarabağın işğalına son!” adlı Uluslararası Qarabağ Forumü keçirilib

İyulun 27-də Bakıda Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə “Qarabağın işğalına son!” adlı Uluslararası Qarabağ Forumu keçirilib. Azerbaycanrealligi.com-un xəbərinə görə, Forumda ölkənin tanınmış siyasətçiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər və mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirin moderatoru DAK-ın həmsədri Sabir Rüstəmxanlı Forumun keçirilməsi məqsədindən danışaraq, bildirib ki, DAK hər zaman Qarabağ mövzusuna həssaslıqla yanaşıb və Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün bir çox ölkələrdə tədbirlər keçirib: “ATƏT-in Minsk qrupu Qarabağ Zəngəzur problemi kimi unudulmasına cəhd göstərir. Amma biz buna heç zaman imkan verməyəcəyik. Hesab edirəm ki, Dağlıq Qarabağ problemi həll olunmayana qədər DAK daim bu məsələni diqqətdə saxlayacaq. Qarabağ təkcə iqtidar və yaxud da müxalifətin deyil, ümumilikdə, Azərbaycan xalqının yaralı yeridir”.

Daha sonra Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlər bir dəqiqəlik sükutla yad ediliblər. Forum Azərbaycan Respublikasının Himnin səsləndirilməsiylə davam edib.

Təhlükəsizlik məsələləri üzrə ekspert Sülhəddin Əkbər çıxışında qeyd edib ki, Azərbaycanda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ilk növbədə hərbi gücün artırılması vacibdir. O bildirib ki, Azərbaycanda hərbi gücünün artırılması üçün Türkiyə ilə hərbi ittifaq yaradılmalıdır: “Türkiyə ilə hərbi ittifaq qurmalıyıq. Türkiyənin Azərbaycanda hərbi bazası yaradılmalıdır”.

Tədbirdə çıxış edən millət vəkili Qüdrət Həsənquliyev isə bildirib ki, Qarabağın sülh yolu ilə həlli yoxdur. Deputat buna görə də, Ermənistana döyüş formasında müxtəlif təzyiqlər göstərməklə düşmən tərəfinin niyyətindən əl çəkmək ehtimalını önə çəkib. Onun sözlərinə görə, Azərbaycan Ordusu hər gün erməni əsgərlərini məhv etməlidir ki, hər gün erməni ailələrinin evlərinə əsgər meyiti getsin: “Bunun üçün Rusiya dağılmalıdır, yoxsa İran dağılmalıdır ki, biz bu məsələni sülh yolu ilə həll edək. Bu qədər silahlar alınırsa, deməli, silahlar istifadə olunmalıdır. Qarabağla bağlı məsələlər təkcə Azərbaycan tərəfinin istəyi ilə həll olunmur. Bu məsələnin həlli üçün gərək Ermənistan tərəfinin də istəyi olsun. Bu istəyi də ermənilərdə yaratmaq üçün Azərbaycan ordusu hər gün erməni əsgərlərini məhv etməlidir. Ki, hər gün erməni ailələrinin evlərinə əsgər meyiti getsin. Beləliklə, onlar yavaş-yavaş fikirlərindən geri çəkilməyi düşünsünlər".
Güney Azərbaycanlıları Konqresinin (GAK) sədri Cavanşir Haşimi isə çıxışında dəfələrlə xaricdə Azərbaycanın Qarabağ problemi onların təşkilatçılığı ilə müzakirə edildiyini deyib. O qeyd edib ki, Qarabağ problemi bütöv Azərbaycanın, 50 milyonluq azərbaycanlının problemidir. Ona görə də hər kəs əl-ələ verib öz torpağının azad olunması istiqamətində canını belə qoymalıdır: "Son tədbirlərin birində ATƏT-dən də nümayəndələr də var idi, emənilər də var idi. Biz sual verdik ki, ATƏT-in əgər bu 25 ildə əlindən bir iş gəlmirsə, çıxıb getsin biz də işimizi bilək və başqa yollar axtaraq. Bizim hərəmiz bu blokada şəraitinin yarılmasında əlimizdən gələni etməliyik. Azərbaycanlının torpağı işğal olan yerdə həmin azərbaycanlı necə rahat yata bilər. Buna görə narahat olmağı bizə həm dinimiz, həm mədəniyyətimiz, həm də milli kimliyimiz aşılayır. Ona görə də hər kəs əl-ələ verib öz torpağının azad olunması istiqamətində canını belə qoymalıdır. Qarabağ problemi bütün 50 milyonluq azərbaycanlının problemidir".

Tədbirdə ermənişünas alim Qafar Çaxmaqlı maraqlı çıxışı ilə yadda qalıb. Q.Çaxmaqlı Azərbaycan dövlətinin Dağlıq Qarabağ ərazisində anti-terror əməliyyatları keçirə biləcəyini vurğulayıb: "Çünki Dağlıq Qarabağ Azərbaycan ərazisidir. Bizim Ermənistanla başqa nə işimiz ola bilər ki. Bu, Azərbaycanın daxili məsələsidir. Çünki,beynəlxalq qanunlar da istənilən dövlətin öz ərazisində anti-terror əməliyyatları keçirməsini təsdiqləyir. Bir dəfə Petrosyan deyib ki, Azərbaycanın Qarabağını qaytaraq. Buna sual veriblər ki, bəs, Qarabağın əvəzində nə alacağıq Azərbaycan tərəfindən? O da cavab verib ki, biz bunun əvəzində sülh alacağıq".
O, erməni tərəfinin Azərbaycana qaytarmaq istədiyi işğal altında olan rayonlardan danışıb: "Onlar bu niyyətlərini Azərbaycana sırımaq istəyirlər. ATƏT-in Minsk qrupunun da istəyi bəllidir. Onlar da istəyir ki, Azərbaycanı bu yolla razı salsın. Təbii ki, Azərbaycan tərəfi bununla heç vaxt razılaşmayacaq. Çünki Dağlıq Qarabağ Azərbaycanın əzəli torpaqlarıdır. Azərbaycan axı nə güzəştə getməlidir? Nəticə ondan ibarətdir ki, Azərbaycanı müharibəyə hazırlamaq istəyirlər. Azərbaycanın güclü ordusu var. Təbii ki, Azərbaycan hər zaman müharibəyə hazır vəziyyətdədir. Dağlıq Qarabağda erməni tərəfi abadlıq işləri adı ilə külli miqdarda vəsait qoyublar. Kəlbəcərdən Dağlıq Qarabağa yol çəkiblər. Yəni, Ermənistanın bu əraziləri Azərbaycana qaytarrmaq fikri yoxdur. ATƏT-in apardığı müzakirələr də fiksiyalardır ki, bizim başımızı qatmaq üçün nəzəərdə tutulub. Ermənistan cəmiyyətinin fikri odur ki, bu torpaqlar onların özününküləşdirilsin".

Digər çıxışçı politoloq Elxan Şahinoğlu bir zamanlar müzakirə obyekti olan Dağlıq Qarabağın 5 rayonunun Azərbaycana qaytarılması məsələsindən danışıb. Politoloq çıxışında Türkiyənin Azərbaycanda hərbi baza yaradacağı barədə fikir də səsləndirib. O bildirib ki, sonradan siyasi proseslər bu məsələnin də gündəmdən düşməsinə səbəb olub: "Ermənistan həqiqətən də o bir neçə rayonu qaytarmaq istəyirdi. Amma Paşinyanın Ermənistanda hakimiyyətə gəlişi bu qaytarışın qarşısını aldı. Qarabağ məsələsində Paşinyanın Sarqsyanla heç bir fərqi yoxdur. Heç iki ay deyil ki, seçilib. Ama dəfələrlə qanunsuz olaraq Qarabağa gəlib. Öz də hərbi təyyarə ilə Qarabağ ərazisində foto çəkdirərək paylaşması ilə demək istəyirdi ki, yaxın vaxtda Ermənistam bu təyyarələrlə təchiz olunacaq. Əslində, Ermənistanda hamı bilir ki, Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmayana qədər onların inkişafı gözlənilmir. Mən bunu erməni saytlarından da oxuyanda görürəm. Ermənistanda Qarabağın Ermənistana məxsus olmasını təsdiqləyən siyasətçi yoxdur. Yəni, onlar özləri də bilir ki, bu torpaq Azərbaycanındır və bilirlər ki, camaatın torpağını qaytarmaq lazımdır".

Forumda Milli Məclisin deputatı Tahir Kərimli çıxışı zamanı cəmiyyətin elitasında bir qism şəxslərin öz ana dilində danışa bilməməsinə görə onları qınayıb. Deputat qeyd edib ki, belələri öz ana dilini bilmirsə, Dağlıq Qarabağı ala bilməyəcəklər: "Bir millətin ki, elitası özünün dövlət dilini bilməyə, o, hansı milli kimlikdən danışa bilər. Belələrinin Qarabağ probleminin həlli üçün nəsə addım atacağları da absurddur. Bizim Dağlıq Qarabağda anti-terror əməliyyatları da keçirmək haqqımız var. Gənclərimizin də orduya inamı, vətənpərvərlik hissi də artıb. Bunu müşahidə edirik. Çünki, bu hiss bizim millətin fitrətində var. Amma bir məsələ də var ki, biz özümüzdən başqa bütün millətlərə oxşayırıq. Ərəbə, farsa, rusa və digər xalqlara özümüzü oxşatmağa çalışırıq".

Tədbirdə Almaniyada yaşayan yazıçı Orxan Araz çıxışı zamanı maraqlı nüanslara toxunub. Yazıçı bildirib ki, Qarabağ bütövlükdə türk millətinin namus məsələsidir. Onun sözlərinə görə, bu problem başqa xalqların problemi deyil. Türk xalqının problemidir. O cəmiyyəti müzakirə etdiyi xırda məsələlərə görə qınadığını bildirib. Qeyd edib ki, Dağlıq Qarabağ boyda problemi olan cəmiyyətin müzakirə mövzusu da ancaq elə bu olmalıdır: “Əgər, bir ölkədə əsl problemli məsələdən daha çox digər xırda məsələlər gündəmin mövzusuna çevrilirsə, burada oyanmaqdan söhbət gedə bilməz. Ermənistan təbii ki, Azərbaycanın bir dövlət kimi olmasını istəmir. Eyni zamanda, Ermənistanın Türkiyənin də torpaqlarında gözü var. Bizim türk qardaşlarımız bizi dəstəkləyirlərmi? İslam dünyasında bu gün Qarabağ məsələsi müzakirə olunmur. İslam dünyasında bu gün müzakirə olunan məsələlər qısa balaqlı şalvar, yaxud da mələklər qadın cinsidir, yoxsa kişi mövzularıdır. Yəhudilər var idi, bizim Almaniyada əleyhimizə çalışırdılar".
Tədbirdə çıxış edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı isə Qarabağın azadlığı üçün Avropada komitələr yaradılmasını təklif edib: “Gəlin, Avropanın müxtəlif şəhərlərində Qarabağın azadlığı üçün komitələr yaradaq. Koordinasiyalar təşkil edək. Biz də QAT olaraq iştirak edək yardım edək”. A. Nağı qeyd edib ku, Azərbaycan tərəfi Qarabağın işğaldan azad olunması üçün müttəfiq məsələlərinə yenidən baxmalıdır: "Çünki, Azərbaycan özünə yeni müttəfiqlər tapmalıdır ki, Qarabağı işğaldan azad etsin". O bildirib ki, Azərbaycanın kifayət qədər müasir standartlara cavab verən silahları var: "Dünənki paradda silahlar nümayiş olundu. Bu silahlar bu dövlətin, bu xalqındır. Azərbaycanın bütün siyasi elitası birləşərək əlbir olmalıdır".

Tədbirdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azərbaycanın sabiq baş naziri, Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn, AMEA əməkdaşı, araşdırmaçı-alim Yasəmən Qaraqoyunlu da çıxış edib.

Tədbirin sonunda “Qarabağın işğalına son!” adlı Uluslararası Qarabağ Forumunun qətnaməsi qəbul edilib. S.Rüstəmxanlı forumun dünyanın bir çox ölkələrində keçiriləcəyini vurğulayıb.

Gülnaz Qənbərli

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın