“Ramiz Mehdiyev Heydər Əliyevin müdafiəsindən imtina etmişdi” - politoloqdan ilginc açıqlamalar

08, 09, 20
14:00

“Ramiz Mehdiyev Heydər Əliyevin müdafiəsindən imtina etmişdi” - politoloqdan ilginc açıqlamalar


Qabil Hüseynli: “Mehdiyev Vəzirovun təşkil etdiyi Büro iclaslarının birində Heydər Əliyevin əleyhinə danışmışdı”


Karantin rejimini pozaraq, qızına toy etdiyi üçün 15 sutka cəzalandırılan və sentyabrın 6-da azadlığa çıxan Prezident Administrasiyanın (PA) keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin verdiyi açıqlamalar müzakirələrə səbəb olub. Karantin  rejiminin qaydalarını pozduqları üçün onları sərt tənqid edənləri, iradlar səsləndirənləri “ünsür” adlandırıb. Üzr istəmək əvəzinə qayınatasını təmizə çıxarmağa çalışıb.

Keçmiş deputat bunları deyib: “Onlar unudublar ki, Ramiz Mehdiyev kimdir. Ramiz Mehdiyev hələ ulu öndər Heydər Əliyev Moskvada Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışanda Azərbaycanda onun görən gözü, eşidən qulağı olub”.

Heydər Əliyevin yaxın silahdaşlarından və YAP-ın qurucularından sayılan, Xızının keçmiş icra başçısı, sabiq deputat Maksim Musayev “Yeni Müsavat”a açıqlamasında R.Mehdiyevin kürəkəninin yalan danışdığını söylədi: “Açığı deyim ki, keçmiş deputat İlham Əliyevi tanımıram.

Görməmişəm, onun çıxışları haqqında da məlumatım yoxdur ki, məndə onun düşüncə tərzi barədə təsəvvür yaransın. O, 10 il deputat olub. Çalışdım ki, deputat olduğu zamanlar qanunlar qəbul olanda, qanun layihələri müzakirə ediləndə, yeni maddələr qəbul olunanda onun çıxışlarını tapım. Amma tapmadım. Elə başa düşdüm ki, o, ”lal və kar" deputat olub. Bunun üçün də onun haqqında hər hansı bir qərar çıxarıb, fikir söyləyə bilmərəm. Məsələn, əvvəllər elə deputatlar olub ki, baxmayaraq müxalifətdə olublar, qəddarcasına fikirlər söyləyiblər, onlar haqqında fikirlər söyləmək olur. Çünki bilirsən ki, onun mövqeyi nədir, hansı məsələdə mövqeyi necə olub. Ancaq bu şəxsin mövqeyi yoxdur. Bu səbəbdən ona cavab vermək fikrim yoxdur. Amma deyir ki, Heydər Əliyev Moskvada olanda Ramiz Mehdiyev onun “görən gözü, eşidən qulağı olub”. Bu insan təpədən dırnağa kimi yalan danışır. Hətta Heydər Əliyev xəstəxanada olanda Ramiz Mehdiyev nə ora adam göndərdi, nə maraqlandı, nə də özü getdi. Hansı ki, onun bədənində 5 litr qan varsa, heç olmasa, o qanın 4 litr yarımı Heydər Əliyevin sayəsində formalaşıb. Buna baxmayaraq, bu insan ona baş çəkmədi. Ona görə də İlham Əliyevin bu sözləri deməsi mənim üçün gülünc gəlir. Çünki biz o vaxt Heydər Əliyevin hər gün Moskvadakı fəaliyyətini öyrənirdik, soruşurduq, qəzetlərdən oxuyurduq. Onun buradakı kadrları oradakı dahi hərəkətlərindən nəfəs alırdılar.

Görüşəndə bizim ayrı söhbətimiz olmurdu. Yalnız bir söhbətimiz olurdu ki, Heydər Əliyev dünən belə bir iclas keçirdi, bu cür fikirlər dedi.  O vaxt uzun illər idi ki, Baykal Amur Magistral xətti tikilmirdi. Heydər Əliyev Kremldə vəzifəyə gələndən sonra dedilər ki, bu məsələni ondan başqa heç kim həll edə bilməz.
Maksim Musayev: "Hacı Elman stolumun üstünə 1 milyon dollar qoydu" -  xeberler - BiG.AZ

Maksim Musayev: “Kürəkəninin dünyadan xəbəri yoxdur ki, Ramiz əl altında işləyən adam olub”


Elə də oldu. Heydər Əliyevin özü bir neçə dəfə gedib tikintilərdə iştirak etdi, söhbətləri oldu, şəhərsalınmalarda proyektlərə baxdı. O dövrdə Ramiz Mehdiyevin fəaliyyəti barədə heç bir söz demək olmaz. Bu fikirləri Mehdiyevin kürəkəni İlham Əliyev deyirsə, qoy fikirlərini əsaslandırsın ki, Mehdiyev Heydər Əliyevin qulağı olanda bu idi, gözü olanda da bu idi. Boş-boş danışmaq ayrı şeydir, fikirlərini sübut etmək isə tamam başqa şeydir. Deməlidir ki, filan ayda, məsələn, belə bir məsələ var idi, Heydər Əliyev götürüb zəng etdi, yaxud filan vaxtı belə etdi. Düzdür, bizim məlumata əsasən, respublikada neqativ məsələlər, planların yerinə yetirilməməsi, hansısa məsələdə çatışmamazlıq olurdusa, orada söz-söhbətlərin olmasına çalışırdılar. O zaman Ramiz Mehdiyev ola bilər ki, altdan-altdan Moskvaya xəbərlər-filan çatdırıb. Onu deyə bilmərəm. Əgər gözü, qulağı olubsa, o zaman qayınatası da, kürəkəni də desin. Bu, kiçik məsələ deyil, Azərbaycan xalqının sevimli bir şəxsiyyəti, SSRİ-nin dahi insanı, dünyada tanınmış bir azərbaycanlı haqqında söhbət gedir. Xoşagəlməz sözlərdir ki, guya Heydər Əliyevin gözü-qulağı Ramiz Mehdiyev olub. Bu, BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun toydakı çıxışına bənzəyir. O deyir ki, Ramiz müəllim, siz respublikanı belə inkişaf etdirmisiniz. Bunun dünyadan xəbəri yoxdur ki, Ramiz əl altında işləyən adam olub. Sən necə böyük-böyük işləri unutmusan? Özü də ora iclas idimi, ay Abel? Ora toydur. Bəylə gəlinin ünvanına xoş sözlər deyilməlidir. Abelin yadından bəy də, gəlin də, qudalar da çıxmışdı, yalnız Ramizi tərifləyirdi. Siz bu qabiliyyətsiz, bacarıqsız Ramizdə nə tapmısınız? Onun kürəkəni İlham Əliyev çox kobud səhv buraxaraq, Heydər Əliyev kimi dahi bir şəxsiyyətin gözünün, qulağının Ramiz Mehdiyev olduğunu deyir. O, mənim millətimdən üzr istəməlidir. Ona görə üzr istəməlidir ki, dahi şəxsiyyət Heydər Əliyevin heç zaman kənarda gözü-qulağı olmayıb. O, çox böyük siyasi səhv buraxıb".
Qabil Hüseynli: “Siyasi Büronun bütün məxfi stenoqramlarını oxuyurdum” -  BRİFİNQ
1995-ci ilin fevralında PA rəhbəri postuna təyin edilən R.Mehdiyevin bu vəzifəyə yolunun necə getdiyi barədə həmin dövrdə dövlət müşaviri işləyən Qabil Hüseynli mövqelərini aldıq:

Əvvəla, onu deyim ki, Ramiz Mehdiyevin vəzifəyə gətirilməsi ciddi surətdə ölçülüb-biçilmiş bir məsələ idi. Heydər Əliyevin onunla bağlı ciddi tərəddüdləri də var idi. O, bir neçə adamın vəzifəyə gətirilməsi ilə bağlı məsələlər ətrafında düşünürdü. Ümumiyyətlə, o, Moskvanın təzyiqi altında olduğu müddətdə ona kömək etməyən, xüsusilə Azərbaycanda ona qarşı olan hücumlara qarşı çıxmayan adamları qətiyyən vəzifəyə gətirmirdi. Ramiz Mehdiyev həmin dövrdə Vəzirovun təşkil etdiyi Büro iclaslarının birində Heydər Əliyevin əleyhinə danışmışdı. Sonrakı dövrdə akademiyada işləyərkən o zaman Ayaz Mütəllibov 65 yaşdan yuxarı olan şəxslərin prezident seçilməməsi barədə qanun layihəsi hazırlayıb, parlamentdən keçirmişdi. Həmin vaxt Heydər Əliyev Bakıya gəlmiş, buradan Naxçıvana getmiş və orada Ali Məclisin sədri seçilmişdi. Bir növ Azərbaycanın siyasi həyatında özünə yer etmişdi. Ölkədə onun tərəfdarları prezident olmasını qarşılarına hədəf kimi qoymuşdular. Bu istiqamətdə də ciddi səylə çalışırdılar. Dediyim kimi, 65 yaş məsələsi ilə onun prezidentliyə gedən yolunu bağlamaq istəyirdilər. O zaman Heydər Əliyevin tərəfdarları Ali Sovetin qarşısında mitinqlər keçirməyə başlamışdılar. Bu mitinqlərdən əlavə, Heydər Əliyevin ölkənin siyasi həyatında özünün layiqli yerini tutması üçün ciddi təşkilatı işlər aparılırdı. O zaman Ramiz Mehdiyevə də müraciətlər olmuşdu. O isə bu müdafiə məsələlərində iştirak etməkdən qəti sürətdə imtina etmişdi və bildirmişdi ki, bu işə qoşulmayacaq. Heydər Əliyev gəldi və prezident seçildi, komandasını formalaşdırmağa başladı. Ramiz Mehdiyev çox canfəşanlıq edərək, Heydər Əliyevin komandasına daxil olmağa çalışırdı. O zaman başqa adamlar da var idi. Məsələn, Mərkəzi Komitənin keçmiş katibi İsa Məmmədovun adını qeyd etmək olar. Hakimiyyətdə olan bir neçə şəxs, o cümlədən, Rəsul Quliyev Ali Sovetin sədri kimi Ramiz Mehdiyevin qəbul etdirilməsinə nail ola bildilər. Yaxşı xatırlayıram, Ramiz Mehdiyevlə mənim təyinatım eyni gündə olub. O Prezident Aparatında şöbə müdiri vəzifəsinə qəbul edildi. Heydər Əliyevin o vaxt etimadını qazana bildi. Amma yaxşı xatırlayıram, Surət Hüseynovun 4 oktyabr dövlət çevrilişinə cəhd planları vaxtı Ramiz Mehdiyev tipli adamlar demək olar ki, ön cəbhədə deyildilər.

Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, o zaman Prezident Aparatının qarşısında təşkil edilən mitinqlərin həm təşkil edilməsində, həm də aparılmasında, ondan sonra o mitinqlərin Azadlıq meydanında keçirilməsində böyük rol oynadım və prezident də bu hərəkətlərimi təqdir edirdi. O dövrdə dövlət çevrilişinə cəhd edən qüvvələr kifayət qədər mütəşəkkil idilər, sıraları rəngli idi. Bütün bunlara baxmayaraq, xalq arasında Heydər Əliyevə rəğbət böyük olduğundan onun bir çağırışı ilə Prezident Sarayının ətrafına bir milyona yaxın adam toplaşdı. Beləliklə, Surət Hüseynovun yeni dövlət çevrilişinə cəhd planı baş tutmadı. Bu faktları ona görə sadalayıram ki, o dövrdə Ramiz Mehdiyev kimi adamlar səslərini çıxarmırdılar. İdeoloji, siyasi mübarizənin heç bir sahəsində görünmürdülər. Mart hadisələrində də eyni vəziyyət təkrarlandı. O zaman bizim reytinqimiz, populyarlığımız xeyli artmışdı. Amma sən demə, bu bizim üçün arzuolunan hadisə deyilmiş. 4 oktyabr hadisələrindən sonra prezident dəfələrlə məni yığıncaq iştirakçılarının qarşısında tərifləsə də, getdikcə mənə qarşı hiylə torunun qurulduğunun şahidi oldum. Ətrafımda müxtəlif söz-söhbətlər, qanqaraldıcı iddialar meydana çıxdı. O dövr üçün özümü təcrübəli və praktik siyasətçi kimi qəbul etmirəm. Siyasi təcrübəm böyük deyildi. Kifayət qədər hazırlıq səviyyəm, cəsarətim, meydanda ölümdən qorxmamaq kimi bir halim var idi. Bu cəhətlərimlə Heydər Əliyevə az xidmət etmədim. Amma bu adamlar sarayda təcrübə əldə etmişdilər, reytinqi yüksələn şəxsləri sıradan çıxarmağı məharətlə bacarırdılar və bir sıra hallarda bunu bacardılar da. Mən və bəzi şəxslərin oktyabr və mart hadisələrində böyük fədakarlıqları olsa da, o hadisələrdən sonra reytinqimiz çox sürətlə enməyə başladı. Hər hansı bir cəsarətli hərəkətlərini görmədiyim adamlar yavaş-yavaş sarayda özlərinə reytinq yığdılar, etimad qazanmağa başladılar”.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın