"Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq"

26, 06, 18
11:12

"Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq"


Bir neçə gün öncə müdafiə naziri Zakir Həsənov keçirdiyi mətbuat konfransında qarşıdakı paradda erməniləri aprel döyüşlərində vahiməyə salan bəzi silahların nümayiş etdiriləcəyini, bəzilərinin isə hələ də göstərilməyəcəyini demişdi.

Erməniləri vahiməyə salan və ya salacaq hərbi texnikanı paradda nümayiş etdirmək nə dərəcədə doğrudur? Əslində işğalçıya paradda deyil, döyüş meydanında hərbə-zorba gəlib görmədikləri texnikadan "qulaqburması" vermək doğru deyilmi?

Azərbaycanrealligi.com bildirir ki, Məsələyə münasibət bildirən Moderator.az -ın rus versiyasının redaktoru, tanınmış hərbi ekspert Üzeyir Cəfərov müdafiə naziri Zakir Həsənovun dediklərini təsdiqləyərək bildirib ki, parada cəlb edilən texnikalar nəyimiz var o anlamına da gəlməməlidir:
"Müdafiə naziri Zakir Həsənovun ötən həftə  keçirdiyi mətbuat konfransında diqqətimi daha çox cəlb edən məqamlardan biri bir neçə saatdan sonra gerçəkləşəcək Hərbi Paradda son vaxtlar aldığımız bəzi silahların nümayiş etdiriləcəyini, bəzilərini isə hələ də göstərməyəcəklərini deməsi oldu. İndi hörmətli müdafiə nazirimizin bu fikirləri cəmiyyətin müxtəlif təbəqələri arasında müxtəlif cür təhlil edilir, müxtəlif yanaşmalar var. Bir qism insan belə məsələlərin açıq şəkildə deyilməsinin tərəfdarı olsalar da, digər bir qisminin isə mümkün çərçivədə belə məsələləri bir qədər ehtiyatla ictimailəşdirmənin tərəfdarıdırlar. Anlaşılandır və hesab edirəm ki, hər iki fikrə hörmətlə yanaşmaq laızmdır. Mən də müdafiə nazirimizin dediklərinin tərəfində olan şəxslərdən biri hesab edirəm özümü. Bəli, biz çəkinmədən erməniləri vahiməyə salan və ya salacaq hərbi texnikanı paradda nümayiş etdirməliyik və burada heç bir təhlükəli məqam görmürəm. 

Onsuz da 21-ci əsrdə-texnologiyalar o qədər mükəmməl işlənilib hazırlanıb ki, hərbi sirr deyilən çox az məlumatlar var. Və dünyanın istənilən nöqtəsində istehsal olunan ən müasir silah-sursat çıx qısa bir zamanda demək olar ki, hər kəs üçün əlçatımlı olur. Yəni, onun haqqında bilgi əldə etmək o qədər də çətin olmur. Sözsüz ki, müdafiə naziri kimi ölkənin ən əsas vəzifəli şəxslərindən biri kimi Zakir Həsənov nəyin necə deyilməsini və necə təqdim edilməsini yəqin ki, anlıyır və bilir. Ona görə də, onun dedikləri bir növ həm də düşmənlərimiz və havadarlarına da bir mesajdır ki, əldə etdiyimiz silah-sursat təkcə hərbi parad və ya məşqlər-təlimlər üçün deyil. Alınan ən son model silah-sursat ən birinci işğal altında olan ərazilərimizin tez bir zamanda düşmən tapdağından azad edilməsi üçündür. Və unutmayaq ki, bu Silahlı Qüvvələrin 100 illik yubiley tədbiri və hərbi paradıdır ki, müdafiə naziri də ən yüksək səviyyədə geniş ictimaiyyət qarşısına çıxaraq bir növ ölkənin real müdafiə və təhlükəsizliyi ilə bağlı hesabat verir. Və parada cəlb edilən texnikalar da nəyimiz var o anlama gəlməməlidir. Bizdə elə silah-sursat var ki, onlar haqqında biz özümüz danışmırıq və nümayiş etdirmirik. Biz onu yalnız ən vacib məqamda istifadə etmək niyyətindəyik".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın