Əli Kərimlidən hökumətə çağırış: "Rus silahlarından imtina edin, Türkiyə silahları alın!"

02, 03, 20
09:56

Əli Kərimlidən hökumətə çağırış: "Rus silahlarından imtina edin, Türkiyə silahları alın!"

"Türkiyənin Suriyanın İdlib vilayətində həyata keçirdiyi döyüşlərdə hərb tarixində bir ilk yaşanır. Türkiyənin özünün istehsal etdiyi SİHA (Silahlı İnsansız Uçuş Aparatları) demək olar ki, döyüşün taleyini həll edir". 

Azerbaycanrealligi.com xəbər verir ki, bu fikirləri AXCP sədri Əli Kərimli özünün feysbuk səhifəsində bildirib. 

Ə.Kərimli qeyd edib ki, əslində Türkiyə ordusu İdlibdə çox əlverişsiz vəziyyətdə döyüş aparır:

"Hava məkanına Rusiya nəzarət edir. Türkiyə ordusu hərbi aviasiyadan istifadə edə bilmir. İdlibdə üz-üzə gələn Türkiyə və Suriya ordusunun tankları, artilleriya sistemləri, zirehli texnikası isə bəzi istisnalarla eyni nəslə aid olan silahlardır. Suriya ordusu da Azərbaycan və Ermənistan ordusu kimi Rusiya silahları ilə silahlanıb. Onu vurğulamaq istəyirəm ki, əgər Türkiyənin müasir SİHA-ları olmasaydı, bütün igidliyinə və peşəkarlığına rəğmən Türkiyə ordusu üçün də Əsəd ordusu ilə vuruşmaq asan olmayacaqdı. Ancaq Türk SİHA-ları hərb tarixinə bir ilk yazır. Məhz SİHA-ların dəqiq zərbələri sayəsində Türkiyə ordusu Əsəd ordusu ilə üz-üzə gəlmədən və itki vermədən (qarışdırmayaq, Türkiyənin məlum itkiləri bir neçə gün öncə aviasiya zərbələri nəticəsində baş vermişdi) 300-dən artıq zirehli texnika və artilleriya sistemlərini vurub sıradan çıxarıb. Türkiyə SİHA-ları Azərbaycan və Ermənistan ordusunun da əsasını təşkil edən Rusiyanın ötən əsr istehsalı olan tank, zirehli maşınlar və artilleriya sistemlərini, hətta hava hücumundan müdafiə sistemlərini kompüterdə oyun oyanayırlarmış kimi asanlıqla və dəqiqliklə vurub sıradan çıxarır. Gözümüzün qarşısında Suriya ordusunun 100-lərlə tankı, müxtəlif markalı zirehli maşınları bir anda metal qırıntısına çevrilir".

AXCP sədri vurğulayıb ki, Azərbaycan dövləti Rusiya, Ukrayna və Belarus istehsalı olan silahların yerinə, Türkiyə istehsalı olan bu cür müasir və dəqiq silahlar almalıdır:

"Müasir müharibələrin taleyini ilk növbədə müasir və dəqiq silahlar həll edir. Biz də müasir və dəqiq silahlar almalıyıq. İlk növbədə ölkənin hava hücumundan müdafiə sistemini və hərbi hava qüvvələrini ən müasir silahlarla təmin etməliyik. Unutmayaq ki, Suriya kimi Ermənistanın da hava məkanını Rusiya qoruyur, həm də kifayət qədər müasir hava hücumundan müdafiə sistemlərilə. Bilirəm ki, bizim ordunun arsenalında da İsraildən alınmış bir çox müasir silahlar, o cümlədən silahlı insansız uçuş aparatları var. Türkiyədən də bəzi müasir silahlar alınır. Ancaq bu kifayət deyil. Suriyadakı döyüşləri də diqqətlə izləməklə, keçmiş Sovet istehsalı olan silahların nə qədər yararsız hala düşdüyünü nəzərə almaqla Azərbaycan ordusunun müasir və dəqiq silahlarla yenidən silahlandırılması həyata keçirilməlidir".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın