“Seçkilərdə mənim səsimi Zahid Oruca yazdılar...”

22, 06, 18
20:13

“Seçkilərdə mənim səsimi Zahid Oruca yazdılar...”

“Seçkilərdə mənim səsimi Zahid Oruca yazdılar...”


Hafiz Hacıyev prezident seçkilərindən sonra ilk dəfə danışdı və...

Müasir Müsavat Partiyasının rəhbəri, prezidentliyə eks namizəd Hafiz Hacıyev bu gün “Yeni Müsavat”ın Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım verilişinin qonağı olub.
Musavat.com xəbər verir ki, söhbət zamanı H.Hacıyev prezident seçkilərindən sonra media və cəmiyyətdə görünməməsinin səbəblərindən danışıb. Bildirib ki, seçkilər ərəfəsində çox çalışsa da, rəqibi İlham Əliyev daha layiqli olduğu üçün qalib gəlib.
Bu qalibiyyətə sevindiyini vurğulayan H.Hacıyev 3 aydır görünməməsinin səbəbini isə öncə səhhətindəki problemlərlə əlaqələndirib: “Həm də bəzi müavinlərimdə, partiyanın üzvlərində depressiya oldu. İndi də partiyada görüşlər keçirildi. Siyasi şura üzvləri ilə danışdıq. Onlara psixoloji baxımdan təsir edir ki, biz bu qədər canımızı qoymuşuq, amma bu dərəcədə ögey münasibət var. Bunların hamısına izah etmək çətin oldu. Müavinlərə izah etmək çətin oldu. Sentyabrda qurultay təyin etmişik. Üzvlərimiz də deyirlər ki, sənin qardaş dediyin şəxs qalib oldu, bəs biz nə olduq? Onların da umacaqları var və buna anlayışla yanaşmaq lazımdır”.

H.Hacıyev bütün bunlara baxmayaraq, dövlət başçısı prezident İlham Əliyevi müdafiə etməkdən çəkinməyəcəyini də vurğulayıb. 

Onun sözlərin görə, ölkədəki bütün neqativləri bir nəfərə yükləmək yanlışdır: “Bu da böyük xəyanətdir. Xalqımızın mənafeyi üçün çiynimizi qabağa vermək istəyirik. Doğrudur, seçkilərdə ikinci yeri mən tutmalıydım. Xalqımın danışan dili mən idim. Amma mənim səslərimi Zahid Oruca yazdılar. Bir soruşan yoxdur ki, Zahid Oruc kimdir? Onun bir özüdür, bir də papkası. Yalandan hakimiyyətin içindən proqnoz verir. Xəbərçilik etməklə bu iş sayılırmı? Millətin rəyini nəzərə almaq lazımdır”. 

Daha sonra H.Hacıyev əminliklə vurğulayıb ki, gələcəkdə Azərbaycanın prezidenti olacaq: “Qarabağı da mən alacam. Zaman gələcək, millətin önündə mən gələcəm. İlham Əliyevə xəyanət edən məmurların qarşısında mən olacam. Bu günə qədər hansı məmuru ifşa etmişəmsə, hamısı işdən çıxarılıb. Hansı dediyim səhv çıxdı? Onların heç biri mənə toxuna da bilməz, səsimi də ala bilməz. Həqiqətləri deyəcəm. Mənim mühafizəm var, özümü də qorumağı bacarıram”. 

Sevinc, 
musavat.com

Bizimlə əlaqə saxlayın