Ölüm riski: Arı sancarsa, bunları edin - Həkim

31, 07, 18
00:59

Ölüm riski: Arı sancarsa, bunları edin - Həkim

Allergik reaksiyaları və immun sistemi zəif olan adamlara arı zəhəri daha tez toksiki təsir göstərir.
Bu sözləri Axar.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla arı sancmasının fəsadları və bunun qarşısının alınması haqda danışarkən deyib. O bildirib ki, müxtəlif səbəblərdən dolayı arı sancması ölümlə nəticələnə bilər:
“Əhəmiyyət verməsək də, arı zəhəri insan üçün təhlükə təşkil edə bilər. Xalq arasında eşşək arısı adlandırılan iri arıların sancması insan üçün çox təhlükəlidir. Bəzən xırda arıların sancması zamanı da ölüm halları baş verə bilər. Hətta bir arı sancması belə, bəzən şoka, ölümə səbəb olur.
Arı sancması zamanı həmin zonada əvvəlcə toksiki ödəm baş verir və toxumalar toksiki prosesə məruz qalaraq şişir. Nəticədə sözügedən bölgədə çox güclü ağrı əmələ gəlir.
Hər ehtimala qarşı insanlar arı sancmaları zamanı diqqətli olmalıdırlar. Arı sancması uşaqlar, hamilə qadınlar və yaşlı adamlar üçün risklidir.
Əgər anafilaktik reaksiya baş veribsə, arı sancan adama ilk yardım kimi “navakain” vurulur. Bu, həm ağrını götürür, həm diskonfortu azaldır. Arı sancan şəxsə mütləq allergiya əleyhinə dərmanlar verilməlidir. Bundan əlavə, arı sancan yerdə ödəmin sorulması üçün müvafiq dərmanlar qəbul edilməlidir”.
Qeyd edək ki, bu gün Binəqədi rayonunda 1961-ci il təvəllüdlü Bakı sakini Nizami Mirzəyev arı sancması nəticəsində xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın