İlahiyyatçı Rövşәn Әhmәdzadә yazır: Hacılara tövsiyə

05, 10, 18
13:42

İlahiyyatçı Rövşәn Әhmәdzadә yazır: Hacılara tövsiyə



Bismilləhir-Rahmənir-Rahim.

"Bizi doğru yola hidayət edən, qəlbimizi Quran və Әhli-Beytlə (ələyhimussalam) nuraniləşdirən Yeganə Allaha şükürlər olsun.
Dinimizdə olan həccin vacib əməllərindən biri də "nisa təvafı"dır. "Nisa təvafı" - həccdə olan son təvafdır və bunu tərk etmək hacı üçün haramdır. "İzahlı şəriət məsələləri" kitabının "İzdivacı haram olan qadınlar" bölməsində belə bir fətvaya rast gəlirik: Әgər (evli) kişi həcc əməllərindən biri olan "nisa təvafı"nı yerinə yetirməsə, bu təvafı yerinə yetirməyənə qədər cinsi ləzzətlər ona halal olmaz. Həmçinin (ərli) qadın "nisa təvafı"nı yerinə yetirməsə, bu təvafı yerinə yetirməyənə qədər həyat yoldaşı ona halal olmaz. (Məsələ 2409), 

Başqa sözlə desək, əgər kişi (qadın) istər qəsdən, istər unutqanlıq, istərsə də cahillik (məsələni bilməməzlik) üzündən həccdə olarkən "nisa təvafı"nı yerinə yetirməsə, yaxud səhv yerinə yetirsə, həcci batil deyil və öhdəsinə heç bir kəffarə düşmür, lakin vacib bir əməli yerinə yetirməmiş olur. O, Vətəninə qayıdanda öz həyat yoldaşı ilə yaxınlıq edə bilməz. Yəni onların cinsi əlaqədə olması, bir-birinin açıq-saçıq yerlərinə şəhvət hissilə baxması və digər ləzzətlərdən istifadə etməsi haramdır. "Haram"da məqsəd, talağın pozulması deyildir. Әr-arvad bir-birinə məhrəmdir, lakin cinsi ləzzət almaqları günah sayılır. Bu hökm subay hacılara da aiddir. Belə ki, o, (istər xanım, istərsə də oğlan) həccdə "nisa təvafı"nı yerinə yetirməsə, ailə həyatı qura bilməz.

Təəssüflə qeyd etmək lazımdır ki, bəzən elə hacılarla rastlaşırıq ki, məsələni bilməməzlik ucbatından həccdən qayıtdıqdan sonra bu günaha mürtəkib olurlar.


Bəs məsələnin həlli nədədir?

Birinci növbədə bu fətvadan xəbəri olmayan hacı məsələni bildikdən sonra həmin an həyat yoldaşından uzaqlaşmalı (yəni cinsi ləzzətlərdən ayrılmalı) və səbr etməlidir. Belə ki, ər-arvad arasında haramlığı aradan qaldırmaq üçün həccdən qayıdan şəxs yenidən Məkkəyə qayıtmalı və "nisa təvafı"nı yerinə yetirməlidir. Әgər qayıtmağa imkanı olmasa, öz yerinə birini naib tutmalıdır ki, həmin naib onun əvəzinə bu əməli yerinə yetirsin. Bunu həccə gedən hacılardan da xahiş etmək olar. Bu əməl nə qədər tez yerinə yetirilsə, bir o qədər ailə üçün xeyirdir. Çünki ortada olan haramlıq və evdə çəkilən əzab-əziyyət tez aradan qaldırılar.

"Nisa təvafı"nı yerinə 

yetirməyən hacı öz həyat yoldaşı ilə yaxınlıq edərsə, günah etmişdir. Әgər dünyaya uşaq gələrsə, həmin uşaq halalzadə sayılar və irs aparar.
"Nisa təvafı"nı yerinə yetirməyən subay hacı (xanım və ya oğlan) həccdən qayıtdıqdan sonra evlənə bilməz. Әgәr evlənərsə, onda ya Məkkəyə qayıdıb "nisa təvafı"nı yerinə yetirməli, ya da öz əvəzinə naib tutmalıdır ki, həmin şəxs onun əvəzindən "nisa təvafı"nı yerinə yetirsin. Sonra isə vacib ehtiyata əsasən yenidən kəbin oxunulsun.

"Nisa təvafı" haqqında ümdə olan məsələləri qeyd etdik.

Ümidvarıq, həccə getmək istəyənlər həcc məsələlərinə aid olan əməlləri diqqətlə nəzərdən keçirəcək və səhlənkarlığa yol verməyəcəklər.
İlahi! Әhli-Beyt xatirinə, gündəlik vəzifələrimizi düzgün yerinə yetirməkdə bizə yardım et! Amin, ya Rabbəl aləmin".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın