Yaxın həftələrdə un və çörəyin qiyməti 30-35 faiz arta bilər

20, 04, 22
15:00

Yaxın həftələrdə un və çörəyin qiyməti 30-35 faiz arta bilər


Dünyada buğda qıtlığını kim yaradır?

Rusiyanın Ukraynada başlatdığı müharibə dünyada ərzaq qıtlığına səbəb olmaqdadır. Belə ki, Ukraynanın dəniz limanlarını bloklayan Rusiya buğda, qarğıdalı, günəbaxan və sair kənd təsərrüfatı məhsullarının ixracına imkan vermir. Ukrayna hazırda ixracı Avropa istiqamətində avtomobil, dəmiryolu və çayla reallaşdırır. Bu isə lazımi qədər ixrac həyata keçirilməsinə imkan vermir.

Bundan əlavə, BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi qurumunun hesabatına əsasən Rusiyanın başlatdığı müharibə səbəbindən Ukraynada kənd təsərrüfatı sahələrinin 30 faizindən çoxu bu il taxıl əkmək üçün yararlı olmayacaq. Əsas səbəblər kimi, aktiv döyüş əməliyyatları, eləcə də tarlalarda çoxlu sayda mina və digər sursatların qalması göstərilir: “Kənd təsərrüfatı sahələrinin 30 faizindən çoxundan buğda, arpa, günəbaxan və qarğıdalı əkmək üçün istifadə etmək mümkün olmayacaq. Davamlı hərbi əməliyyatlar qlobal ərzaq fəlakətinə səbəb ola bilər. Çünki ərzaq böhranı yaşayan 55 ölkədən 36-sı Ukraynadan və Rusiyanın ixracından asılı idi”(Azpost.info).

Qeyd edək ki, Ukraynada əkin sahələrinin azalması ehtimalını nəzərə alan Avropa İttifaqı buğda əkinlərinin sahəsini genişləndirmək barədə qərar qəbul edib. Əslində Avropanın buğdaya tələbatı birlik ölkələri hesabına tam təmin olunur. Lakin AB buğda istehsalını artırmaqla Ukraynadan azalacaq ixracın yerini doldurmaqla, xüsusilə Afrika ölkələrində gözlənilən qıtlığın qarşısını almağa çalışır. Eyni addım ABŞ tərəfindən də atılır. Ölkənin Kənd Təsərrüfatı Nazirliyi buğda, qarğıdalı, günəbaxan əkinlərini genişləndirmək istəyən fermerlərə əlavə dəstək veriləcəyini açıqlayıb. Bu isə 2022-2023-cü il mövsümündə dünyada buğda qıtlığının yaranmasının qarşısını almağa imkan verəcək. Lakin yeni mövsüm buğdasının yığımı başlayana qədər qlobal bazarın tələbatının ödənməsi lazımdır.

Mövcud rəqəmlərə nəzər yetirdikdə, əslində bu sahədə də ciddi çətinliyin olmayacağını görmək olar. Belə ki, Ukrayna ixraca yönəldəcəyi buğda həcmlərinin mühüm hissəsini fevralın 13-dək satmışdı. Ölkənin yeni mövsümə qədər gözlənilən buğda ixracı 3-4 milyon ton arasında qiymətləndirilirdi. Bu həcmin Hindistan tərəfindən təmin edilməsi mümkündür. Belə ki, Hindistan Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən mart-iyun aylarında ölkənin 7 milyon ton həcmində buğda ixracı potensialı vardı. Təsadüfi deyil ki, artıq Ukraynadan buğda alan ölkələrin bir çoxu - Misir, Afrika dövlətləri Hindistanla buğda alqı-satqısına dair razılığa gəliblər.

Bundan əlavə, limanları bloklayıb Ukraynanın taxıl ixracının qarşısını alan Rusiya özü buğda satışını kəskin şəkildə artırıb. Rusiya Taxılçılar Şurasının açıqladığı məlumata görə, mart ayında bu ölkədən buğda ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 53 faiz artmaqla 1,914 milyon tona çatıb. Gündəlik ixrac 62 min ton təşkil edib ki, bu da ötən ilki göstəricidən 48 faiz yüksəkdir. Amma Rusiyadan digər taxıl məhsullarının - arpanın ixracının 7 dəfədən çox (cəmi 130 min ton), qarğıdalının ixracının 3,58 dəfə(282 min ton) azalması nəticəində ümumi taxıl ixracı 27,3 faiz azalmaqla 2,325 milyon ton təşkil edib.
Rusiyada 72,5 mln. ton buğda istehsal ediləcək
Şuranın məlumatına əsasən, iyun ayının 30-dək Rusiyadan 4,5 milyon ton buğda ixracının reallaşdırılması nəzərdə tutulur. İndiyədək ölkədən ixracı nəzərdə tutulan 4,5 milyon ton arpanın 3,37 milyon tonu, 4,5 milyon ton qarğıdalının 1,7 milyon tonu satılıb.

Göründüyü kimi, reallıqda dünyada əsas ərzaq məhsulu olan buğdanın qıtlığı deyə bir problem yoxdur. Sadəcə, qiymətlərdə bahalaşma müşahidə olunur ki, bunun da bir neçə səbəbi var. Bunlardan birincisi, Ukraynanın ixracının qarşısını alan Rusiyanın öz məhsulunun qiymətini də kəskin artırmasıdır. Fevralda 1 tonu 350 dollara təklif olunan Rusiya buğdası hazırda 410-414 dollaradır. Bu, tonu 427 dollar olan Fransa buğdasından cüzi fərqlənmə deməkdir. Halbuki Rusiya buğdası keyfiyyətinə görə Avropa məhsulundan xeyli geri qalır. Rusiya hətta martın 15-dən Avrasiya İqtisadi İttifaqındakı müttəfiqlərinə əlavə rüsumsuz ixracı dayandırıb ki, daha çox buğdanı baha qiymətə sata bilsin.

Dünyada buğdanı bahalaşdıran digər səbəb dünya ölkələrinin panikaya düşərək ehtiyaclarından daha çox ehtiyat toplamağa çalışmasıdır. Bu məsələdə həm də Çinin dünya buğda ehtiyatının yarıdan çoxunu öz anbarlarına stoklaması rol oynayır: digər dövlətlər də onun davranışlarını qlobal ərzaq böhranı gözləntisi ilə izah edərək, maksimum çox buğda almağa çalışırlar.
Қырман толы қызыл дән – syrboyi.kz
Bundan əlavə, Qazaxıstan kimi orta bazar oyunçusunun buğda ixracına kvota tətbiq etməsi də qiymətartırıcı təsir göstərir. Belə ki, ölkənin Kənd Təsərrüfatı Nazirliyinin qərarına əsasən, iyunun 15-dək Qazaxıstandan buğdanın ixracı 1 milyon ton, buğda ununun ixracı isə 300 min tondan yuxarı olmamalıdır.

Buğda ilə zəngin qonşuları olan Azərbaycanda da hökumət ərzaq ehtiyatlarını çoxaltmaq siyasəti yürüdür. Biznes qaydalarına əsasən idxalçı və ya istehsalçı şirkətlər minimum 2 aylıq ehtiyatlarla işləyirlər. Azərbaycan hökuməti ərzaq idxalçıları və istehsalçılarına daha bir ay üçün ehtiyat toplanmasına subsidiya ayırır. Hökumətdən baş nazir səviyyəsində açıqlanan məlumatlara görə, ölkədə əsas ərzaq məhsulları ehtiyatları kifayət qədərdir.

Yeri gəlmişkən, Azərbaycanda ərzaq ehtiyatları səfərbərlik ehtiyatları sırasına daxil edilməklə, onların həcmlərinə dair məlumatların açıqlanması qadağan olunur. Milli Məclisdə qəbul edilən qanun dəyişikliyinə əsasən səfərbərlik ehtiyatlarına dair məlumatlar dövlət sirri hesab olunacaq.
Əlimizdə olan rəsmi statistik məlumatlara istinad etdikdə, məlum olur ki, 2002-ci ilin yanvar-mart aylarında Azərbaycan xaricdən 62 milyon 391.26  min dollar dəyərində 182 min 864.17 ton buğda idxal edib. Bunun 32 min 266,67 tonu mart ayında alınıb. Bu, fevral ayı ilə müqayisədə (56 892,97) 43,3 faiz azalma deməkdir.

Maraqlıdır ki, aldığımız buğdanın qiymətində ucuzlaşma var. Belə ki, yanvarda 1 ton buğdanın idxalı 346,6 dollara, martda isə 323,5 dollara başa gəlib. Bu, Rusiyadan alışın azalması, Qazaxıstandan daha ucuz məhsulun alışının artması ilə bağlıdır. Belə ki, yanvar-fevralda idxal olunan 150 min 597.50 ton  buğdanın 81 min 783,24 tonu Qazaxıstandan alınıb. Halbuki ötən ilin eyni dövründə buğda idxalımızda Rusiyanın payı 90 faizə yaxın idi.

Göründüyü kimi, Azərbaycanın buğda aldığı ölkələrdə iyunun 30-dək 5,5 milyon ton (4,5 milyon ton Rusiya, 1 milyon ton Qazaxıstan) buğda ixracı potensialı var və bunun reallaşması üçün hansısa problemin olacağı gözlənilmir. Bu isə o deməkdir ki, ölkə tələbatını təmin edəcək qədər buğda almaqda çətinlik çəkməyəcək. Bu baxımdan, əsas gözləntilər qiymətlərin bahalaşması yönündədir.
Azərbaycanın neft gəlirlərində artım var” – Vüqar Bayramov » Sfera.az  Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək  ünvanı
Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan ailələri üçün çörək əsas istehlak məhsullarından biri olmaqla yanaşı, mətbəxdə xüsusi paya malikdir: 

“Ölkəmizdə gündəlik çörək istehlak etməyən az sayda ailələr var. Bu baxımdan, çörəyin qiymətindəki dəyişikliklər həmçinin digər ərzaq mallarının qiymətinə də psixoloji təsir göstərir. Nazirlər Kabinetinin məlumatına görə, strateji ərzaq məhsulları ilə bağlı qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib”.

Millət vəkili hesab edir ki, ərzaq təminatında ən uyğun yol idxaldan asılılığın aradan qaldırılmasıdır: 

“Aydındır ki, dünya bazarındakı qiymət artımları fonunda idxal infilyasiyası qaçılmazdır. Etiraf etmək lazımdır ki, bu, ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət antiinflyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətindəki stabilliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişməsi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq. Artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır. Nazirlər Kabineti digər alternativ mənbələri təşviq etməklə, o cümlədən yeni güzəşt mexanizmləri ilə ərzaq məhsullarına tələbin ödənilməsində stabilliyi qoruyub saxlamağa çalışır. Ukraynadakı müharibənin dünya bazarında yaratdığı qeyri-müəyyənlik isə dərinləşməkdədir”.

İqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, ötən ilin 1-ci rübü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6 faiz artıb, həcmi isə 2,7 faiz azalıb: 

“Hər il məmləkətə un və çörək istehsalı üçün xaricdən 1 milyon 150 min ton taxıl alınmasına ehtiyac var. Dünyada taxılın qiyməti son aylarda 30 faiz artıb, Rusiya öz taxılını ixrac etməyə məhdudiyyətlər qoyub, Azərbaycan isə buğda tələbatının 80 faizinə yaxınını Rusiyadan tədarük edirdi. İndi Qazaxıstan və Hindistanla danışıqlar gedir, çox güman razılaşmalar olacaq, ölkədə taxıl qıtlığı gözlənilmir, amma qiymət kəskin artacaq - yaxın həftələrdə un, un məmulatları və çörəyin qiyməti 30-35 faiz civarında arta bilər".

Ekspertə görə, indiki durumdan 3 çıxış yolu var: 

“Biri orta-uzun vədəli, digər ikisi isə qısa, qısa-orta zamanda həll olunmalı məsələlərdir. Orta-uzun zamanda, təbii ki, özümüz keyfiyyətli buğda istehsalını artırmalıyıq, bu gün ölkədə istehsal olunan buğdanın cəmi 25 faizi keyfiyyətli un istehsalına və çörək bişirməyə yararlıdır. Yerdə qalan tələbatın 75 faizi xaricdən alınan buğda ilə ödənilir. Azərbaycan hələ də özünü keyfiyyətli buğda ilə təmin edə bilmir, çünki işə elmi yanaşma yoxdur, toxumçuluq zəifdir, suvarma və gübrə problemi var.

Qısa zamanlı çıxış yolu un və çörək istehsalçılarına ciddi dövlət dəstəyinin, düşünülmüş dotasiya siyasətinin aparılmasıdır. Bu sahə vergilərdən azad edilib, bu yaxşıdır, amma un-çörək istehsalçılarına effektiv dotasiyalar ayrılmalıdır.

Qısa-orta zamanlı həll yolu daha fəlsəfi və qəlizdir, amma çox vacibdir: 

Qiymət artımının özü problem deyil, problem ölkə vətəndaşlarının gəlirlərinin az olmasıdır. Gəlirlər qiymətlərdən daha sürətlə artmalıdır ki, inflyasiya sosial problemə, kasıblığa səbəb olmasın. Bunun üçün isə hökumətin biznesə, özəl təşəbbüslərə münasibəti kökündən dəyişməlidir. Ölkədə özəl sektorda çalışanlara, kiçik-orta sahibkarlara hörmət məmurlardan daha yüksək olmasa, gəlirlərdə artım olmayacaq. Gəlirlər artmasa, qiymət artımına reaksiya daha kəskin olacaq, sosial gərginlik üçün zəmin artacaq"...

AZƏRBAYCANREALLIĞI.COM    



Bizimlə əlaqə saxlayın