Dövləti soyanlar və söyənlər - FOTOLAR

21, 07, 21
20:00

Dövləti soyanlar və söyənlər - FOTOLAR


Səmimi deyirəm, əgər şəhid mənim qan qardaşım, qohumum olsaydı, yəni o mənada kı, ərkim çatsaydı, o xatirə lövhəsini sökərdim, bu namərd adamların əyləncə mərkəzinin divarına da tüpürərdim...

Hüseynbala Mirələmov adlı bir deputat vardı. Daha mandatı yoxdur. Hüseynbala Mirələmov adlı bir dramaturq vardı, mənəviyyatdan bəhs edən əsərləri teatrlarda səhnələşdirilərdi. Daha o səhnə də, o əsərlər də yoxdur. Hüseynbala Mirələmov adlı YAP-ın bir rayon təşkilatının sədri vardı. Partiya qalır, amma bu adda təşkilat sədri yoxdur.

Hüseynbala Mirələmov adlı bir biznemen, Bakıda, Lənkəranda biznes obyektləri vardı. Yenə də var. Kimsənin mal-mülkündə şəxsən gözüm yox, amma bu gün o adama, onun himayəsində olanlara, Səbayel və Qaradağ rayonun rəhbərliyinə deyiləsi bir neçə sözüm var....

Şıxovda, Səbayel rayonu ərazisində “1001  gecə” adlı istirahət mərkəzi Mirələmova məxsusdur. Özü heç vaxt bunu inkar etməyib. Arada oğlu da işlədib, arada icarəyə də verir, ərəblərə və sairə... Özü bilər.  Yayda daha çox adamın yolu buradan düşür. Qiymət, xidmət bunlardan yazmayacağam, amma rastlaşdığım ayıb o qədər böyükdür ki, onu yazmamaq olmaz.

Yazmaqlıq bir iş də yoxdur, şəkillər hər şeyi deyir. “1001 gecə” ilə bu fotolar çəkilən yer arasında cəmi 10 addım olar. 1992-ci il şəhidi Əsgərov Cəbrayıl Fəyaz oğluna nə vaxtsa kim kiçik bir xatirə lövhəsi qoyubsa, onun adına bir bulaq düzəltdiribsə, sağ olsun. Amma indi bu bulağın halına baxın... Şəhidin xatirə lövhəsinin yanında yazılan “elan”a diqqət edin! Demək, bu suyu qurudulmuş, bulaqları qırılmış yeri “1001 gecə” rəhbərliyi görmür də... Kordurlar? Hər gün yanından keçib işə gedirlər, axşamlar da evlərinə istiqamət alırlar.

Cəbrayıl 1965-ci ildə Bibiheybət qəsəbəsində anadan olub. 1972-ci ildə 50 saylı orta məktəbin birinci sinfinə daxil olub, 8-ci sinfi bitirdikdən sonra təhsilini Səbayel rayonunun 49 saylı orta məktəbində davam etdirib, sonradan peşə məktəbində təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra C.Əsgərov Neft Daşlarında çalışıb.

1992-ci ildə könüllü olaraq Milli Ordu sıralarına gedib və bir sıra döyüşlərdə iştirak edib. 1992-ci ilin avqust ayının 28-də Ağdərə rayonunun Mehmanə kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Məzarı “Şəhidlər Xiyabanı"nındadır. (Vikipediya məlumatından).

Səmimi deyirəm, əgər mənim qan qardaşım, qohumum olsaydı, yəni o mənada kı, ərkim çatsaydı, o xatirə lövhəsini sökərdim, evimə aparardım, bu namərd adamların şəhid abidəsinin arxasında gizləndikləri divara isə...tüpürərdim. “Bu şəhidə etdiyinizi sayğısızlığa görə Azərbaycan xalqının çörəyi, o udduğunuz dəniz havası burnunuzdan gəlsin” deyərdim. Elə də deyirəm...

Bu şəhid bulağına diqqət etmək, ora qurutduğunuz suyu yenidən çəkmək, iki krant bağlamaq qədər qanacağınız, düşüncəniz yoxsa, bu xalqın içərisində nə gəzirsiz? Baxırsan, bir kasıbın xırda marketi olur, yanında imkanı olan qədər abadlıq yaradır. Çünki müsəlman təmiz yerdə oturar, ətrafında təmizlik yaradır. Şəhidinə hörmət edər, həftədə, ayda bir dəfə yanında bir dəstə çiçək qoyar, Quran oxudar. Etmirsizsə, sökün o şəhidin şəklini. Sökün, təhqir etməyin! Kimsə sizə belə hüquq verməyib. Gəzin, tozun, yeyin, sığal vurun, amma şəhidə dəyməyin... 

Hər gün dənizə gələrdən Mirələmovun qara adamları adambaşına 2 manat alır. Reket kim!  Amma vergi müfəttişləri gündəlik yğılan bu pulları “görmür”. Özləri bilər. Dövləti soyanlarla mübarizə apara bilmərəm. Amma dövləti söyənlərlə, onu qorumuş şəhidin abidəsinə “bura zibil atmaq olmaz!” yazacaq qədər təhqir edənlərlə varam. Namərdlər! Xalqın pulunu yığıb “sığal çəkirlər”, amma bir şəhid bulağına 100 manat pul xərcləmirlər. Adamlıqdırmı bu?

Səbayel və Qaradağ Rayon İcra Hakimiyyətinin(hər ikisinin ərazisinin düz ortasında yerləşir)  başçıları bu sayğısızlığı görməyibmi? Bunu görməmək mümkündürmü? Obyekt sahibi etmir, deyir mən beləyəm, nə şəhid, nə Qarabağ? Bəs, bu rayonların rəhbərliyi, abidələrə baxan bir nəfər yoxmu? Bu hər bir vicdanlı adamın qanına toxunursa, sizə niyə toxunmur, ay Mirələmov, cənab Mikayıl Süleymanov, cənab Vüqar Zeynalov? Sözünüz varmı?  

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın