"O necə kişidir ki, arvadını qapazaltı edir?!" - Əməkdar artist ƏSƏBİLƏŞDİ

21, 04, 22
21:00

"O necə kişidir ki, arvadını qapazaltı edir?!" - Əməkdar artist ƏSƏBİLƏŞDİ


Televiziyalarda yayımlanan sosial verilişlər hər zaman tənqid hədəfi olub. Bir çox adam düşünür ki, bu cür verilişlər insanların psixologiyasına pis təsir edir və yayımdan qaldırılmalıdır. Lakin maraqlı bir məqam var ki, sosial verilişlərin reytinqi hər zaman çox yüksək olur.

Bəs bu problemin səbəbi nədir? Tamaşaçı bəyənmədiyi verilişlərə niyə baxır?

Mövzu ilə bağlı danışan Əməkdar artist Nahidə Orucova bu mövzuya özünəməxsus şəkildə yanaşıb.

Tez-tez sosial verilişlərdə ekspert qismində iştirak edən aktrisa sosial verilişlərin müsbət təsirlərindən danışıb:

“Mən son vaxtlar yox, əvvəldən də sosial verilişlərdə ekspert qismində iştirak etmişəm. ARB, ATV, Space, Xəzər kimi kanallarda sosial verilişlərin eksperti olmuşam. Mənə elə gəlir ki, bir çox insan bu problemi efirə gətirməklə yaxşı iş görür, çünki o, bununla hamıya örnək olur. Çünki biz bu problemin həllini tapırıq, həmin şəxsə kömək edirik, hansısa xəstəyə yardım edirik və s. Bu çox yaxşı bir şeydir, buna pis baxmıram. Şəxsi məsələlərə gəldikdə isə bəzən ailədaxili münaqişələr olur, biz ona da həll yolu tapmağa çalışırıq, çox vaxt da tapırıq”.

O qeyd edib ki, efirdə ailədaxili məsələlərin ictimailəşdirilməsi heç də mənfi hal deyil:

“Bilirsiniz, elə kişilər var ki, evdə qadınlarına şiddət göstərir, onları döyür. O necə kişidir ki, arvadını qapazaltı edir?! Həmin kişilərin xanımlarına kömək etmək lazımdır. Onlara arxa-dayaq olmaq lazımdır. Elə qadınlar var ki, onun dayağı yoxdur və bu cür verilişlərə üz tutur. Belə qadınlara kömək etmək, dayaq durmaq hamının borcudur. Biz ekspertlər o münaqişələrdə nəyə görə iştirak edirik? Çalışırıq ki, əgər barışıq yeri varsa, o ailələri barışdıraq. Çünki biz onları təktərəfli dinləmirik, hər iki tərəfi dinləyib, vəziyyəti anlayıb sonra həll yolu tapmağa çalışırıq. əgər hər hansı xanım şikayət üçün verilişə üz tutursa, biz onunla bərabər kişini də, kişinin ailəsini də dinləyirik.

Ona görə, düşünürəm ki, bu məsələləri ictimailəşdirmək pis deyil. Ailələr baxır və bu məsələlərdən öz paylarına düşəni götürürlər. Kiminsə evində problem varsa, baxır və başa düşür ki, sabah onun da məsələsi bu cür ictimailəşə bilıər. Onlar başqa cür davranır, barışığa yol tapırlar. Efirdə göstərilən bütün ailə münaqişələri cəmiyyətə örnək olmalıdır”.

AZƏRBAYCANREALLIĞI.COM     

Bizimlə əlaqə saxlayın