Ramazanda niyə toy etmirlər? - "Düşünürlər ki, araq olsa, daha çox pul yığılar"

05, 04, 22
16:00

Ramazanda niyə toy etmirlər? - "Düşünürlər ki, araq olsa, daha çox pul yığılar"


Ramazan ayı İslam dünyasında müqəddəs ay sayılır. Təsadüfi deyil ki, bu aya məhz "11 ayın sultanı” da deyilir.

Lakin Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir.

Müqəddəs Ramazan ayında çoxlarını maraqlandıran və müzakirə mövzusu olan bir sual olur: Bu günlərdə toy etmək olarmı?

Mövzu ilə bağlı danışan Müğənni Nadir Qafarzadə bildirib ki, bu ayda toy etməyənlərin məntiqini anlamır:

“Ümumiyyətlə, toylar azalıb, nəinki Ramazanda, həmişə belədir. Toylar əvvəlkinə nisbətən xeyli azalıb. Başa düşmürəm, bu ayda niyə toy etmirlər. Ramazan bayramdırsa, niyə onu qara keçiririk? Bu ayda toy, əyləncə niyə olmaz? Əgər bayramdırsa, düşünürəm ki, şənlənməliyik. İnsanlar niyə düşünür ki, biz bu bayramda qara geyinməli, ağlamalı, qorxmalıyıq? Əslində, deyilənə görə, bu ayda olan toylar daha yaxşı qəbul olunur. Mən din mövzusuna ümumiyyətlə, qoşulmuram. Bu barədə öz fikirlərim var, amma heç vaxt danışmıram, bu mənim öz içimdədir.

Pandemiyadan sonra da toylar azalıb, nəinki toylar, bir çox şey dəyişib. Mən düşünürdüm ki, pandemiyadan sonra hər şey yaxşı olacaq, amma sanki insanlar əks tərəfə yönəldi. Fikirləşirdim ki, insanlar daha yığımcıl olar, bədxərclik, israfçılıq etməzlər, bir-birini daha çox sevər, daha mərhəmətli olar. Çünki o elə bir bəla idi ki, ölümə bərabər idi. Pandemiya dövründə biz ölüb dirildik. Təəssüf ki, heç nə fikirləşdiyim kimi olmadı. Mən özüm üçün nəticə çıxardım. Allah o günləri bir də gətirməsin, lakin yaxşılığa doğru heç nə dəyişmədi”.

İlahiyyatçı alim Elşad Miri qeyd edib ki, insanların müqəddəs orucluq ayında toy mərasimi keçirməkdən imtina edib-etməmələri onların şəxsi seçimidir. Lakin dində Ramazan ayında toy etməyə icazə verilir:

“Onsuz da toylar axşam saat 6-da başlayır. 6 da yox, iftar vaxtı başlatsaq nə olacaq? Burda nə problem var ki? Bu ayda toy etməyənlər faktiki olaraq bunu toyda içki verilməsi ilə əlaqələndirirlər, çünki toyda içki olanda gələn qonaqların daha çox pul verdiyini düşünürlər. Bunun İslama aidiyyatı yoxdur, sadəcə olaraq hər bir kəsin özünün düşüncəsidir. İslamda hansısa ayda, hansısa gündə toy edib-etməmə anlayışı yoxdur. Bunlar sonradan uydurulan məsələlərdir”.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın