“Kül sənin müğənni təpənə!“ - “Gedib peraşki satsınlar...“

21, 12, 20
19:30

“Kül sənin müğənni təpənə!“ - “Gedib peraşki satsınlar...“


Azərbaycanda 18 yanvaradək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq ediləcək. Ölkə üzrə xüsusi karantin rejiminin müddəti gələn ilin yanvarın 31-dək uzadılıb. Karantin rejimi ilə bərabər dayandırılmış iş sahələri müğənnilərin də maddi durumuna təsir edib.

Sənətçilər alternativ gəlir yerlərinin arayışına çıxıblar.

Azerbaycanrealligi.com xəbər verir ki, Məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Əli Mirəliyev teleaparıcılıq etdiyi üçün gəlir yerinin olduğunu bildirib. O, gəlirləri yalnız toydan olan müğənniləri qınaq atəşinə tutub:

“Karantinlə bağlı çox adamın maddi vəziyyəti yaxşı deyil, düzdür. Lakin mən həm ARB telekanalının işçisiyəm, maaş alıram, təqaüd alıram, vəziyyətim pis deyil. Maddi problemləri əvvəldən yalnız toy bazarına işləyən müğənnilər düşünməli idilər ki, elə bir gün gələcək toyda oxuduqları mahnılara daha gərək qalmayacaq. Damla, Şəbnəm, bir sözlə toy oxuyan, Azərbaycan musiqisindən xəbəri  olmayan müğənnilər, hansılar ki, sırf toylarda özlərini populyar müğənni kimi qələmə verirdilər, onlar fikirləşməliydilər ki, Azərbaycan musiqisi toyla başlamır. Azərbaycan musiqisi Üzeyir Hacıbəyovla başlayır, əgər sən onu mahnı bilib oxuya bilmirsənsə, heç bir efirə çıxmağa ixtiyarın yoxdur, çünki efirə bütün xalq baxır,  buna görə bütün insanların zövqünü korlayıblar. Elə yaxşı oldu ki, onların toyları yoxdur, getsilər fabrikdə, zavodda işləsinlər, peraşki satsınlar! Müğənni deyillər, proffesional müğənni özünə hər zaman işləməyə yer tapacaq. Ya teatrda, ya operada işləyəcək, çünki proffesionladır, ona hər yerdə qapılar açıqdı. Bax, bunların üzünə hər zaman qapılar bağlı olacaq. Ona görə toylara dəvət almaq üçün efirdə bayağı toy mahnıları oxumaq lazım deyil. Bundan sonra efirdə belə mahnılar lazım olmayacaq. Mənim illərdir dediyim sözlər indi gəlib reallaşdı”.

Ə.Mirəliyevin iradları yaxın olduğu həmkarı Manaf Ağayev və Sakif Məmmədovdan da yan ötməyib:

“Bilirsiniz, Azərbaycan musiqisi Manaf Ağayevin oxuduğu ilə başlamır. Manafın gözəl muğam oxumağı var. Mən ona nə qədər dedim ki, “Manaf, muğamlarımızı, gözəl mahnılarımızı oxu, bu səndə alınır”. Dedi ki, “Yox, ay Əli,  mən onları oxusam, toyum olmayacaq”. Belə düşüncə olar?! Biz gərək insanları öz zövqümüzə qaldıraq, onları aşağı endirməyək. Manaf mənim dostumdur, biz onunla qardaş kimiyik, evlərində olmuşam, ailəvi dostam. Amma düz sözü demişəm. Sakif Məmmədov mənim dostumdur, amma “Əjdər əmi” oxuyur. Kül sənin müğənni təpənə! Cahangir Cahangirovun mahnılarını oxuyan adam “Əjdər əmi” oxuyar?!

Baxın, mən bunların hamısını deyirəm, xalqımdan da tələb edirəm. Necə ki, koronavirusdan sonra dünya dəyişəcək, eləcə də musiqimizə təsir edəcək”.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın