“MAŞININ ƏTRAFINDA “YUBKA” ALTINA SIĞINANLAR QALDI”

14, 06, 18
13:30

“MAŞININ ƏTRAFINDA “YUBKA” ALTINA SIĞINANLAR QALDI”

“MAŞININ ƏTRAFINDA “YUBKA” ALTINA SIĞINANLAR QALDI”


Aytən Səfərova: “Bir günüm yetmədi ki, Rozanı maşının ətrafından uzaqlaşdırım”

“Mən Pərvinə bircə cümlə deyərdim, quruyub qalardı, sınardı”


Teleməkanın ən baxımlı realiti-şousu sayılan "Maşın” şouda son günlər xüsusilə şok məqamlar yaşanır, "Maşın”dan gedən iştirakçıların maşın ətrafında olanlar barədə fikirləri səs-küy yaradır. Şounun ən maraqlı, qalmaqallı və demək olar, son 5-liyə qədər gələn iştirakçılarından biri teleaparıcı Aytən Səfərova idi. Aytənin maşın ətrafında öz taktikası ilə seçildiyi qədər iştirakçıların bəziləri ilə qalmaqallar yaşaması da diqqətdən qaçmırdı. Şounu tərk edən Aytən barədə də müxtəlif fikirlər səsləndi. Aytən Səfərova "Şərq”ə açıqlamasında onun ünvanına səslənən ittihamlara, tənqidlərə münasibət bildirdi.
- Aytən, maşın ətrafında nə baş verirdi?
- Maşın ətrafında mübarizə baş verirdi. Hamı maşını qazanmaq üçün oyun aparırdı.
- Buna mübarizə demək olardımı? Sanki bu dəfə maşın ətrafında şəxsi intriqalar üstünlük yaratdı, bir müddət maşın yaddan çıxdı.
- Bilirsiz necədir, burda intriqanı yalnız bir nəfər aparırdı - Roza Zərgərli. Mən maşının əvvəl günlərində bilmədim iştirakçılar kimin əli ilə gedir. Sonra başa düşdüm ki, gedənlər Rozanın əli ilə gedirmiş.
- Axı yaxın görünürdüz. Sanki o qrupun üzvlərindən idiniz.
- Yenə qeyd edirəm ki, əvvəl günlər nə baş verdiyini anlamasam da, sonra başa düşdüm ki, maşından gedənlərin səbəbkarı, o ssenarinin müəllifi Rozadır. Ona görə də ona yaxın olmağa çalışdım ki, onun taktikasını öyrənə bilim. Nə düşündüyündən xəbərim olsun. Mənim əslində hədəfim Roza idi. Bir günüm çatmadı ki, onu maşın ətrafından uzaqlaşdırım.
- Yəni Pərvin əlini götürməsəydi və Uran Pərvini uzaqlaşdırsaydı, növbəti gün sən Rozanı uzaqlaşdırmağı planlaşdırmışdın?
- Mən Uranın onun sözü ilə oturub-duracağını düşünmürdüm, kişi kimi sözünə sahib insan bilirdim. Yanıldım. Çünki maşın ətrafında "yubka” altına sığınanlar qaldı. Diqqət yetirdinizsə, sonda heç kimin əlini sıxmadım. Çünki əl sıxılacaq insan maşın ətrafında qalmamışdı.
- Gedərkən ağır bir ifadə işlətdin. Maşın ətrafında gədə-güdə qaldı...
- Bəli, mən bu gün də tam cəsarətlə deyirəm ki, maşın ətrafında gədə-güdələr qalıb. Düz demirəm ki, maşın ətrafında sözünün kəsəri olan kişi qalmayıb. Kişi öz məntiqi ilə hərəkət edən, sözünə sahib çıxmağı bacaran insana deyilir. Mən maşın ətrafında bu gün eləsini görmürəm. Uran əvvəl dedi Pərvin Abıyevanı çıxaracam. Səs toplayıb Aytəni çıxardısa, sizcə onun kişi sözünün dəyəri varmı? O Pərvin deyib, Aytəni çıxarmaqla kim olduğunu göstərdi. O da satılmış olduğunu bu addımı ilə sübut etdi.
- Pərvin Abıyeva da səninlə bağlı bizə müsahibəsində kifayət qədər iddialar səsləndirdi, səni ikiüzlü olmaqda suçladı...
- Pərvin Abıyevanın nə deməsi mənim üçün qətiyyən maraqlı deyil. Onun fikirləri mənim üçün etalon deyil. İkincisi də, Pərvinin arzusunu ürəyində qoymadım. Mən ona bir cümlə deyərdim quruyub qalardı, sınardı. Ötən maşından sındırılmış vəziyyətdə gedib deyə, mənim ona yazığım gəldi, heç nə demədim. Mən də onu sındırıb maşından yola sala bilərdim, etmədim, çünki mənim üçün güclü, dəyərli biri deyildi. Sadəcə ürəyinə dəymədim, susdum ki, yazıqdı, heç olmasa, bu maşından sınmadan getsin. Axı özünü təsdiq etmək üçün ikinci dəfə maşına gəlmişdi. Uşaqdı, arzusu ürəyində qalmasın, sınmasın deyə böyüklüyümü göstərib susdum. O özünü qəhrəman göstərməyə çalışırdı, uşaqdı. Ola bilər. Mən ona o imkanı yaratdım, uşaq özünü təsdiqlədə bilsin ki, sonra həyatda yeriməyə gücü olsun. Bu dəfə də sınıb getsə uşağın könlü pis olar. Mən hər gün efirdə olan, özümü təsdiq və isbat edən insanam. Mənim kifayət qədər efirdə danışmağa, sözümü çatdırmağa imkanım və zamanım var. Pərvinin bu imkanı yoxdu, zərər yoxdu, uşaqlara dəstək lazımdı.
- Mətanətlə münasibətinə açıqlama gətirərdin. Mətanət açıqlamasında səni ikiüzlü insan kimi təqdim etdi. Bildirdi ki, keçmiş ANS-çilər Aytənin kim olduğunu daha yaxşı tanıyır.
- Mətanət mənə ikiüzlü deyir? Mətanət deyir mən ona paxıllıq edirəm. Mən savadı olan insana paxıllıq edərəm. Bir insanın ki, başında savadı yoxdu, mən o insana heç vaxt paxıllıq etmərəm. Paxıllıq da deməzdim, qibtə etmərəm. Məndə paxıllıq yoxdu. Paxıllıq hissi məndə olsaydı, indi daha yüksək vəzifəli kürsüdə oturmuşdum.
- Münasibətiniz niyə gərginləşdi?
- Mənim onunla münasibətim heç vaxt gərgin olmayıb. Bir misal var, ayı meşədən küsüb, meşənin xəbəri yox. Yəni o küsmüş ola bilər. Mən ona görə bir neçə dəfə işdən getmişəm. Buna görə də artıq söz deməyimə ehtiyac qalmır. Bir misal var, sən yaxşılıq et, balıq bilməsə də, xalıq bilər. Mən insanlığımı edirəm, başa düşən üçün bunun dəyəri var, pis insanı da dəyişmək mənim gücümdə deyil. Mən Mətanət mövzusunu bağlamışam.
- Dedin maşından gedənləri Roza göndərirdi, hiyləgər qadındı. Bunu maşının ilk günlərində görə bilmədin ki, maşından gedənlər onun əli ilə yola salınır?
- Səmimi danışım da. Bu bir az absurd və gülməli səslənəcək. Amma mənə elə gəlir ki, Roza gipnozla məşğul olur. O, həqiqətən insanları gipnozlaya və istədiklərini onlara etdirə bilir. Orda elə şeylər yaşandı ki, mən hələ də onların necə baş verdiyini çözə bilmirəm. Sanki, beyin dumanlanmışdı. Maraqlıdır, mən bilmirəm onun gücü, sehri nə idi, amma o qadın insanları gipnoz edib, idarə edirdi. Ona görə də mən çalışacam ki, o insandan uzaq dayana bilim. Ömrümün sonuna qədər deyib, böyük danışa bilmərəm, amma Rozadan uzaq olmağa çalışacam. O qadını özümə yaxın buraxmayacam. Roza üçün böyük şərəf idi ki, Aytən Səfərova kimi jurnalistlə yanbayan dayanıb, mənimlə söhbət edirdi. Roza kimdir ki? Nə sənəti var, nə səsi. Canlı oxuyanda karaokelərdə səs imkanları göz qabağında idi, quş buraxırdı. Abbasla o, eyni səviyyədə müğənni deyildi axı. Abbas tərtəmiz oxuyurdu.
- Nə zaman tam başa düşdünüz ki, siz Rozanın toruna düşmüsüz?
- Mən heç kimin toruna düşməmişdim. Sadəcə, Rozanın niyyətini öyrənmək üçün ona yaxınlaşırdım. Abbas vurulanda başa düşdüm ki, qruplaşmaya əvvəldən Roza başçılıq edir və gedənlər onun əli ilə yola salınır. O, Abbası da vuranda başa düşdüm ki, Roza üçün dəyər deyilən anlam yoxdu. Bir insan ki, balasının canına yalan and içir, ondan nə gözləmək olar? Ana üçün baladan dəyərli nə ola bilər ki? Abbas vurulanda mən həmin gün şokda idim.
- "Maşın” sənə nəyi öyrətdi?
- "Maşın” elə realiti-şoudur ki, burda dostu qazana da bilərsən, itirə də. Əslində maşın mənə bir də öyrətdi ki, insanlara inanmaq olmaz. Sən ən yaxınından belə maddiyyat varsa, zərbə ala bilərsən.
- Qazandığın və itirdiklərin necə, oldumu?
- Qazandığım təcrübə oldu, bir də insanların nə qədər maskalı olduğunu görə bildim. İtirdiyim bir şey olmadı. Orda heç kim mənim üçün dəyərli, yaxın dost olmayıb ki, kimisə itirib narahat olaydım. "Maşın” ətrafında dostum olmayıb. Reper Qurda hörmətim var idi. Bir də İlhamə Bədəlovaya hörmətim vardı. İlhamənin də bir mənfi cəhəti o idi ki, hirslənəndə insanların şəxsiyyətinə toxunurdu. İlhamə çoxlarından dürüst idi. Qaldı simasızlığa, heç kim maşın ətrafında simasını itirmədi. Sadəcə, maskalanmış simalarını göstərdilər.
- Hazırda 3 finalçı qalıb. Onlardan kim maşına layiqdi?
- Onlardan heç biri nə pələngdi, nə əjdaha. Yəni onlar özlərini çox böyük şir, pələng saya bilərlər. Amma elə deyil. Orda bir arxadan vurulan daş qaldı, bir də xəyanət. Maşını da kimin udması mənim üçün maraqlı deyil. Çünki dedim axı, maşın ətrafında gədələr qalıb, mən gədələrdən danışmaq istəmərəm.
Tahirə Məmmədqızı

Bizimlə əlaqə saxlayın