“Türk ordusu Qaragöldə: ermənilər təşviş içindədir, çünki...” - MÜSAHİBƏ

11, 09, 21
11:00

“Türk ordusu Qaragöldə: ermənilər təşviş içindədir, çünki...” - MÜSAHİBƏ


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.

- Elman müəllim, Ermənistanla hazırkı mərhələdə danışıqların aparılması, iki dövlət arasında birbaşa təmasların olması nə dərəcədə real görünür?

- İndiki real mənzərə Ermənistan üçün bir qədər fərqlidir. Onlar müharibədən ağır məğlubiyyətlə çıxıb. Hazırda Ermənistanda psixoloji durum, sosial-iqtisadi gərginlik yaşanır. Ona görə də, Ermənistanın normal bir məcraya düşməsi üçün müəyyən bir vaxt lazımdır. Erməni tərəfi tədricən real mənzərəni həzm etmək vəziyyətinə gəlib çıxacaq. Buna tədrici bir zaman lazımdır. Sözsüz ki, bu, birdən-birə olmayacaq. Ona görə də, Paşinyan və onun komandası da anlayır ki, onların başqa çıxış yolları yoxdur. Ermənistanın mövcudluğu qonşu dövlətlərlə əməkdaşlıqdan asılıdır. Bölgədə dayanıqlı sülh olmasa Ermənistan daha acınacaqlı duruma düşəcək. Bu bölgədə isə aparıcı dövlətlər Azərbaycan və Türkiyədir. Erməni cəmiyyəti, siyasi elitası, onlara kənardan istiqamət verənlər də bunu dərk eləməlidirlər.

- Paşinyanın bəyanatlarında səmimiliyi də bir qədər təzadlıdır...

- Erməni baş nazir dayanıqlı siyasi mövqeyə malik bir adam deyil, hərdəmxəyal adamdır. Paşinyan bir gün bir məsələ haqqında eyni fikri söyləyir, səhəri gün isə mövqeyini dəyişir. Amma getdikcə verilən bəyanatlar da aydınlaşır. Məlum olur ki, o ehtiyatla, qorxa-qorxa erməni cəmiyyətinə nə isə bir mesaj ötürməyə çalışır.

- Azərbaycanın təzyiqləri fonunda Ermənistanın yenidən müzakirələrə qayıtması ilə bağlı fikirlər də var...

- Bu gün Azərbaycanın əlində Ermənistana qarşı istifadə edə biləcək təzyiq vasitələri çoxdur. Biz müyyən vaxtda bunun çox cüzi hissəsini işə salırıq. Azərbaycan mesaj verir ki, “əlimdə rıçaqlar çoxdur və nəyi, nə zaman edə bilərəm”. Eyni zamanda hazırkı dönəm üçün qardaş Türkiyənin də belə təzyiq vasitələri çoxdur. Ermənilər də bunu yaxşı bilir. Ona görə də, Paşinyan vaxtaşırı olaraq kommunikasiyaların bərpasından danışır. Mümkün qədər də özlərinə çıxış yolları axtarırlar. Amma məkrli niyyətlərini birdəfəlik kənara atması kimi faktlar da mövcuddur.

- Qarşı tərəfin Azərbaycan və Türkiyə ilə əməkdaşlığında başlıca şərtlər hansılardır?

- Burada bir çox vacib şərtlər var. Ərazi iddiaları, saxta soyqırımı və digər siyasi məsələlər var ki, Ermənistan bundan birdəfəlik imtina etməlidir. Azərbaycanla sərhədlərin tam dəqiqləşməsi prosesi başa çatmalıdır. Ermənistan ölkəmizin ərazi bütövlüyünü birmənalı tanımalı və heç bir iddia ilə çıxış etməyəcəklərinə dair öhdəlik götürməlidir. Bununla yanaşı erməni tərəfi Qarabağ ifadəsini də unutmalıdır. Məhz bu şərtlər daxilində tədricən münasibətləri bərpa etmək mümkün ola bilər. Ermənistanın da sözsüz ki, bu danışıqlarda iştirakına görə təzyiqlərə məruz qalması faktdır. Xaricdə olan erməni lobbi təşkilatları, revanşistlər mümkün qədər Azərbaycanla münasibətlərin bərpasına problemlər yaratmaq niyyətindədir. Ermənistan hakimiyyəti əvvəlcə bu məsələlərdən, buxovlardan qurtulmalıdır. Sözsüz ki, bu, birdən-birə olacaq bir hal da deyil. Zamana ehtiyac var. Son nəticədə isə ermənilər dərk etməlidir ki, onlara müharibə nə dərəcədə lazımdır? Dinc yaşamağın yollarını erməni cəmiyyəti də birdəfəlik qəbul etməlidir.

-Qaragöl ətrafında iki qardaş ölkənin hərbi təlimləri ilə qarşı tərəfə hansı mesajlar verilir?

- Beynəxalq hüquq və qaydalar var. Ona görə də, hər bir dövlət öz ərazisində istənilən tədbiri keçirə bilər. Bu sırada hərbi təlimlərin keçirilməsi də heç bir sivil və demokratik qaydalara zidd addım deyil. Eyni zamanda bu, ilk dəfə olan bir məsələ də deyil. Qardaş Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıq var. İki dövlət hərbçiləri artıq neçə ildir ki, mütəmadi olaraq hərbi təlimlər icra edir. Laçın, Qaragöl istiqamətində qardaş orduların hərbi təlimləri də məhz müəyyənləşmiş proqrama uyğun reallaşır. Laçın Azərbaycanın suveren ərazisidir. Orada keçirilən hərbi təlimlər heç bir başqa dövlətə yönəlməyib. Amma bu təxribatçı qüvvələrə də bir mesajdır ki, Azərbaycan ordusu türk ordusu ilə birlikdə Laçındadır. Sözsüz ki, təlimlər də sıradan bir tədbir deyil. Bu, açıq mesajdır ki, türk ordusu istənilən vaxt burada ola bilər. Ermənilərin də təşvişi məhz bununla bağlıdır. Amma ermənilər birdəfəlik anlamalıdırlar ki, indi 90-cı illər deyil. Azərbaycan-Türkiyə qardaşlığı, “bir millət, iki dövlət” anlayışı ortadadır. Getdikcə də bu münasibətlər daha da güclənəcək.

- Erməni baş nazir bu günlərdə qonşu Gürcüstana səfər edib. Gürcüstan tərəfi münasibətlərin nizama salınmasında hansı rola malik ola bilər?

- Gürcüstanın baş naziri də bu günlərdə açıqlama verib ki, bölgədə sülhün yaranması üçün qarşılıqlı əməkdaşlığa üstünlük verilməlidir. Sözsüz ki, regionda olacaq gərginlik bütün dövlətlərə sirayət edir. Ona görə də, bölgə liderləri də bu istiqamətdə səyləri birləşdirməlidir. Ermənistanın regionda təcrid vəziyyətindən çıxış imkanları məhz əməkdaşlığa, səmimi yanaşmalarından asılı ola biləcək haldır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın