Tural Abbaslıdan SƏRT SÖZLƏR: Məscidə girəndə COVID pasportu tələb edilir, amma gecə klublarında...

12, 06, 21
12:00

Tural Abbaslıdan SƏRT SÖZLƏR: Məscidə girəndə COVID pasportu tələb edilir, amma gecə klublarında...


Bu həftə bir sıra faktlarla yadda qalacaq. Əvvəla, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ailəliklə Şuşaya gələcəyini söylədi. Eyni zamanda, Türkiyə milli komandası Avro-2020-də iki oyununu Bakıda keçirəcək və Ərdoğan Olimpiya Stadionunda oyunu izləyəcək.
Bu həftənin yaddaqalan məqamlarından biri də il yarımdan sonra məscidlərin ibadətə açılması idi. Həftənin digər önəmli hadisəsi Kəlbəcər istiqamətində Ermənistan ordusunun atəşkəsi pozması oldu.

Bütün bunlarla bağlı “Cümə söhbəti”ndə Ağ Partiyanın başqanı Tural Abbaslı ilə söhbətləşdik.

- Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya gəlir. Ərdoğanın Şuşaya səfərinin beynəlxalq güclərə, xarici müstəviyə hesablanmış mesaj olduğunu düşünürsünüzmü?

- Rəcəb Tayyib Ərdoğanın, ümumiyyətlə Türkiyə rəsmilərinin Azərbaycana istənilən səfərləri bir mesaj xarakteri daşıyır. Çünki biz 44 günlük müharibədə də bu səfərlər nəticəsində Azərbaycanın qərəzli təzyiqlər qarşısında, önündə Türkiyənin durduğunu gördük. Həmin dönəmlərdə Mövlud Çavuşoğlu, digər dövlət rəsmiləri Azərbaycana gəldilər. Bu səfərlər 44 günlük müharibə zamanı ölkəmizi basqılardan bir növ müdafiə etmiş oldu. Həm də Rəcəb Tayyib Ərdoğanın özünün bir siyasi obraz olaraq Türkiyənin dünyada nüfuzunun artdığı dönəmdə dost, qardaş dövlət olan Azərbaycana səfəri ölkəmizə növbəti mərhələdə növbəti dəstəkdir. Biz bilirik ki, hər dönəmin özünün təzyiqləri, basqıları, çağırışları var. 10 noyabrda imzalanan atəşkəsdən sonra Rusiyanın ciddi basqıları hiss olunur. Eyni zamanda, Fransanın birbaşa təzyiqləri görünür. Eləcə də Amerikanın dolayı yolla basqıları müşahidə edilir. Hətta Türkiyə-Azərbaycan münasibətlərini korlamağa çalışan kənar qüvvələr var ki, həmin dairələrə də bu səfər bir ismarış olacaq. Yəni, Ankara Bakının yanındadır, Türkiyə sona qədər Azərbaycanı bu cür müdafiə edəcək. Yəqin ki, səfər müddətində istər Ərdoğanın, istərsə də İlham Əliyevin müxtəlif bəyanatları olacaq. Müxtəlif mesajlar verəcəklər. Həmin mesajların ünvanlı olacağını düşünə bilərik. O da öz yerində bir ismarışdır. İstənilən halda bu səfər Azərbaycan üçün çox faydalı və önəmlidir.

- Ərdoğanın Şuşa səfəri daxili auditoriyalara da mesajı ola bilərmi?

- Bu səfər həm də Türkiyənin və Azərbaycanın daxilinə bir mesajdır. Çünki bu məsələ ilə bağlı Azərbaycanda və Türkiyədə iqtidarlar ittiham edilirdilər. Azərbaycanda və Türkiyədə bəzi qüvvələr iqtidarı ittiham edirdilər ki, Ankara Bakını satdı. Yəni, Azərbaycanın maraqları sona qədər müdafiə olunmadı. Bu ittihamlara da cavab xarakterli bir səfərin olacağını düşünürəm.

- Bu həftə həm də məscidlər açıldı. Tural bəy, məscidlərə gedirsinizmi? Pandemiya bitməmiş ibadət ocaqlarının qapılarının ictimaiyyətin üzünə açılmasına münasibətiniz necədir?

- Mən namaz qıldığım üçün məscidlərə gedirəm. Təəssüflə qeyd etmək istəyirəm ki, Bakı şəhərində məscidlərin sayı azdır. İbadət edən insanlar üçün bu azlıq gündəlik problemlər yaradır. Nəzərə alaq ki, bir ildən artıq müddətdə məscidlər pandemiyaya görə fəaliyyətini dayandırmışdı. Səhlənkarlıq nümayiş etdirən Operativ Qərargah bu istiqamətdə heç bir addım atmaq istəmirdi. Elə bir qərar verdi ki, məscidlər bağlandı. Bir sıra ictimai iaşə obyektləri, mollar, ticarət mərkəzləri, hətta çimərliklər bəzi şərtlər daxilində dönəm-dönəm açıldı, qapadıldı. Məscidlər isə ümumiyyətlə qapalı qaldı. Sonuncu qərarlara əsasən məscidlər ibadətə açıldı. Amma yenə də absurd qərarlar qəbul olunub. Heç kəsə sirr deyil ki, məscidlərin ərazisi genişdir. Hündürlüyü çox yüksəkdir. Belə deyək, hər halda məscidlərdə virusun yayılma ehtimalı “BakuBus” avtobuslarında yayılma ehtimalından daha aşağıdır. Eyni zamanda, hər hansı bir kiçik marketin kassasının qarşısında virusun yayılmasından daha azdır. 500-1000 nəfərlik tutumu olan məscidlərə maksimum 50 nəfərin daxil olması ilə bağlı məhdudiyyətlər qoyulub. Bu da anlaşılmazdır, qəbuledilməzdir. 14 yaşdan aşağı şəxslərə məscidlərə daxil olmaq qadağası var idi. Bu, yığışdırılıb. Bu da məntiqə söykənmirdi.

- Niyə?

- Çünki birinci dəfə idi ki, koronavirusa yaş həddi qoyulurdu. Digər bir məsələ; məscidlərə daxil olmaq üçün COVID pasportu tələb edilir. Bu məsələ də Operativ Qərargahın məhz öz qərarlarına ziddir. Çünki peyvəndləmənin könüllü olduğunu Operativ Qərargah özü elan edib. Bu o deməkdir ki, məscidə daxil olan şəxslər mütləq vaksinasiya olunmalıdır. Bəs könüllülük harada qaldı?! Tutaq ki, mən könüllülük prinsipindən, hüququmdan istifadə edərək vaksin vurdurmaq istəmirəm. Eyni zamanda da məscidə getməliyəm. Bir vətəndaş bu qarışıqlığı necə aradan qaldırsın?! Ümumiyyətlə, məscidlərdə say məsələsi anlaşılmazdır. Düşünürəm ki, məscidlərlə bağlı qərar yanlışdır. Mən bir azdan cümə namazına gedəcəyəm. Məscidə daxil olmaq üçün COVID pasportu göstərməliyəm. Eyni zamanda, məscidə gedən ilk 50 nəfərdən biri olmalıyam. Bu, nədir, nə zülmdür?! Amma axşam saatlarında içki satılan yerlərə, əxlaqsızlığın rahat şəkildə təbliğ olunduğu yerlərə rahat şəkildə daxil oldu. Amma məscidə daxil olmaq üçün mütləq COVID pasportu təqdim etməliyəm. Bu, anlaşılmazlıqdır, qəbuledilməzdir. Məscidlərdə xalçaların üzərində yer bəlirlənib. Orada bir nəfərdən bir dayanaraq ibadət etmək çox rahatdır. Amma bir balaca marketdə kassanın qarşısında dayananda daha çox sıxlıq olmur. Bu qaydaları anlaya bilmirəm.

- Türkiyə millisi 2 qrup oyununu Bakıda oynayacaq. Ümumiyyətlə, futbolla maraqlanırsınızmı? Türkiyənin oyunlarına baxmağa gedəcəksinizmi?

- İstərdim ki, Türkiyə millisinin oyununa baxmağa gedim. Amma oyunun biletləri Azərbaycan reallığını əks etdirməyəcək qədər bahadır. İkincisi, bu biletlərə çıxış çox məhduddur. Azərbaycana da məhdud sayda bilet ayrılıb. Qalan biletlər iştirakçı ölkələrin azarkeşləri üçündür. Ona görə də dəqiq bilmirəm, amma haradansa, digər yollarla bilet əldə edə bilərəmsə, Türkiyə millisinin oyununa baxmağa gedəcəyəm (gülür). Eyni zamanda, pandemiya ilə əlaqədar olaraq iritutumlu stadionlara giriş-çıxış xeyli vaxt aparır. Əgər oyun 6-da başlayırsa, sən saat 3-də orada olmalısan. İki saat da oyun müddəti... Xeyli vaxt aparır və əziyyətli bir prosesdir. Təbii ki, bütün bunlara baxmayaraq, Türkiyənin bir oyununu izləmək istərdim. Mümkün olsa, izləyəcəyəm.

- Bəs oyunlarla bağlı proqnozunuz necədir?

- Türkiyə millisinin oyunları ilə bağlı proqnozlar vermək istəmirəm. Proqnoz adətən nələrisə analiz edərək gəlinən nəticədir, öngörüdür. Arzum odur ki, inşallah, Türkiyə qruplardan çıxar. Həm də bu il Avropa çempionu olar. Arzumuz budur. Olmasa da, Türkiyənin canı sağ olsun.

- Kəlbəcər istiqamətində düşmən atəşkəsi yenidən pozdu. Xoşbəxtlikdən itki olmadı. Bütün bunlar Azərbaycanı yenidən anti-terror əməliyyatlarına başlamağa təhrik edə bilərmi? Yoxsa Ermənistandakı seçkilər öncəsi ictimai fikri sərhəd məsələlərinə yönəltməklə bağlıdır?

Kəlbəcərdə olan hadisə, eyni zamanda ondan əvvəl Naxçıvanda atəşkəsin pozulması və bir əsgərimizin yaralanması, diversantların həbs olunması, jurnalistlərimizin sonradan basdırıldığı ehtimal olunan minaya düşməsi, eləcə də rusiyalı sülhməramlıların yerləşdikləri mövqelərdə tərəfsizliklərini qoruya bilməməsi, erməni icmasının maraqlarından çıxış etməsi, Ermənistan tərəfindən üçtərəfli bəyannamənin şərtlərinə əməl olunmaması atəşkəsdən sonra qeydə alınan faktlardır. Dünənə qədər atəşkəs sazişini imzalamaq istəməyəndə bizi anti-humanizmdə ittiham edirdilər. Qan axıtmağa meyilli olmaqda, sülhsevər olmamaqda günahlandırırdılar. İddia edirdilər ki, atəşkəs olarsa, problemlər həll olunar. Ara sakitləşər. Bu müddət ərzində sübut olundu ki, müqavilənin şərtləri yerinə yetirilmir. Ermənilər sülh şəraitində yaşamaq istəmirlər. Rusiya da regionda problemin bitməməsinin tərəfdarıdır. Bütün bunlar onu göstərir ki, istənilən an anti-terror əməliyyatlarına başlaya və digər Azərbaycan ərazilərində öz suverenliyimizi bərpa edə bilərik. Bu, Azərbaycanın verəcəyi və seçəcəyi qərardır. Düşünürəm ki, Azərbaycan hər an anti-terror əməliyyatı qərarını verə bilər. Artıq qərarvermə və prosesləri idarəetmə mexanizmi Ermənistanda deyil, Azərbaycandadır. Bakı vəziyyətə tam nəzarət edir. Azərbaycan istənilən an anti-terror əməliyyatlarına başlaya bilər. Amma bu istiqamətdə beynəlxalq aləmdə lazımi zəminin yaradılması üçün addımlar atılmalıdır. Sabah erməni hay-şüvəninə məruz qalmamaq üçün indidən həmin zəmin hazırlanmalıdır.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın