Şəhid Sənan Məmmədlinin atası: 3 ay idi oğlum rütbə almışdı, sonradan bildim ki... – REPORTAJ

09, 05, 21
07:30

Şəhid Sənan Məmmədlinin atası: 3 ay idi oğlum rütbə almışdı, sonradan bildim ki... – REPORTAJ


Vətən sevgisi təsadüfi hiss deyil. Bu, illərin, xarakterin, tərbiyənin və igidliyin məhsuludur. Qisas almaq üçün müharibənin başlamasını, düşməni məhv edib torpaqlarımızı azad edəcəyi günü səbirsizliklə gözləyən, bu şərəfli yolda şəhid olan oğullarımız Qarabağı 44 günə azad etdilər. İgidlərimiz Vətən torpağının azadlığı uğrunda qan tökdülər, canlarından keçdilər, bizim olanı, haqqımız olanı döyüşərək aldılar. Vətən savaşında şəhidlik zirvəsinə ucalan ərənlərimizin hərəsi bir qəhrəmanlıq dastanı yazdı. Qarabağın azadlıq dastanını! 44 günlük haqq savaşımızda elə qəhrəman, qorxmaz, mərd oğullar şəhid oldu ki, onların həyat hekayələrini dinlədikcə, döyüş yoluna nəzər saldıqca qürur duymaya bilmirsən.

Qanı ilə tarixi yazan daha bir şəhidimizin - Məmmədli Sənan Səlim oğlunun döyüş yolunu təqdim edir.

Şəhid Məmmədli Sənan Səlim oğlu 1997-ci il sentyabrın 14-də Tərtər rayonunun Qaradağlı kəndində anadan olub. İndiyədək barələrində eşitdiyimiz, haqlarında yazdığımız Vətən müharibəsi iştirakçılarının hər biri hərbi sahəyə kiçik yaşlarından maraqlı olublar, hərbçi olmaq, torpaqlarımızı düşməndən azad etmək hissi ilə böyüyüblər. Elə Sənan da bu cür qəhrəmanlarımızdandır.

Şəhidimizin atası Səlim Məmmədov deyir ki, o, uşaq vaxtdan hərbiyə həvəsli olub. S.Məmmədov Birinci Qarabağ müharibəsinin iştirakçısı, həm də veteranıdır. Sənan həmişə atasından onun döyüş yolunu soruşar, Birinci Qarabağ savaşını atasının dilindən dinləyərmiş və beləcə vətənpərvər, vətənini sevən bir gənc formalaşıb.

Sənan 8-ci sinifdə oxuyanda, 2013-cü ildə qərara gəlib ki, Cəmşid Naxçıvanski adına hərbi liseyə müraciət etsin. O, bu istəyini atasına danışır: “Oğlum bu barədə bizə danışdı. Anası bir qədər narahat oldu, çünki mənim keçdiyim döyüş yolunu bilirdi. Hərbi sahə çox məsuliyyət tələb edir, ağır bir işdir. Dedim ki, həvəsi varsa, getsin. Sənanı hərbi sahədən ətraflı başa saldım və bildirdim ki, hər istəyən şəxs hərbçi ola bilməz. Dedi yox, mən hərbiyə gedəcəm. Mən də yolun açıq olsun deyib, xeyir-dua verdim. Liseyə qəbul oldu. Bundan sonra mənə məktub gəldi ki, imtina etmirsinizsə, Sənan təhsil almaq üçün Türkiyəyə göndərilsin. Mən də imtina etdim. Dedim ki, indi olmaz. O məqamda Sənan məndən incidi, sonra barışdıq. İzah etdim ki, hələ tezdir, liseyi uğurla başa vurandan sonra gedərsən".

Sənan 2016-cı ildə C.Naxçıvanski adına hərbi liseyi uğurla bitirir. Ancaq onun peşəkar hərbçi olmaq, təhsilini davam etdirmək eşqi bitmir. Liseydən məzun olduğu il Sənan yenidən imtahan verir və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 4 il ali məktəbdə təhsil alır, hərb sirlərini öyrənir, bu işə daha çox vaxt ayırır. Atası deyir ki, ali məktəbdə Sənanın məsuliyyətı birə-beş artmışdı. Çünki dərk edirdi ki, bir neçə ildən sonra peşəkar zabit kimi ordu sıralarına qoşulacaq.

Atasının sözlərinə görə, onun ən gözəl xüsusiyyəti yalandan uzaq olması olub: "Dilinə qəti yalan gətirməzdi. Heç kəsə yalan danışmazdı, sevmirdi yalanı. Elə olurdu ki, evə gec gəlirdi, səbəbini soruşurdum, nə olurdusa, düz deyirdi. Dürüstlük onun ən gözəl xüsusiyyəti idi".

Şəhidimiz iki il Naxçıvanda təlim keçib. Sənan ali məktəbi 2020-ci ilin yayında uğurla başa vuraraq leytenant kimi ilk təyinatını alır və Silahlı Qüvvələrin Beyləqan korpusuna gəlir. Ancaq kəşfiyyatda xidmət etmək Sənanın ən böyük arzusu imiş. O, bu barədə atası ilə də məsləhətləşib: "Hələ ali məktəbi bitirməmişdi, mənimlə məsləhətləşdi ki, kəşfiyyata yazılmaq istəyirəm. Dedim ki, yenə də öz fikrindir, ancaq vəziyyətlə əlaqədar o iş sənin hazırkı işindən daha məsuliyyətlidir. Sənanın bir qardaşı var idi, o, 2018-ci ildə rəhmətə gedib. Dedim ki, ehtiyatlı olmalısan, bir ata olaraq vəziyyəti ona izah etdim. Bildirdim ki, ixtisasın üzrə yaxın məsafədə işləməyin, bizə də yaxın olmağın daha yaxşı olar. Dediklərimdən sonra o, bu fikrindən daşındı. Üç aya yaxın idi ki, ali məktəbi bitirib işə düzəlmişdi, leytenant rütbəsi almışdı. Amma müharibə başladı..."

Sənan müharibə başlamazdan öncə - Tovuz döyüşlərindən sonra hərbi hissəyə onu görmək üçün gələn atasından halallıq istəyir, sanki qarşıda nələrinsə olacağını hiss edirmiş: "Məktəbi bitirəndən sonra məzuniyyət verirdilər. Qurban bayramında 3 saatlıq icazə alıb gəlmişdi, sonra onun yanına özüm getmişdim. Vəziyyəti yaxşı idi, işini bəyənirdi, sevirdi işini. Tovuz döyüşlərindən sonra getdim yanına, çünki telefonda çox danışmağı sevmirdi. Vəziyyətini öyrəndim, danışdıq. Mənə dedi ki, ata, haqqını halal et. Bu sözü deyəndə bir az pis oldum. Sonra dedim ki, kişinin başına hər bir iş gələr, sənin haqqın da var. Hər şey qaydasındadır. Halal olsun!"

Sənan Məmmədli müharibə başlayan gündən döyüşlərə qoşulur. Elə ilk qələbə xəbərini - Füzuli və Cəbrayıl rayonlarının beş kəndinin azad olunması xəbərini böyük fəxarətlə ailəsinə çatdırır, onu təbrik etmələrini istəyir. Atası o anları bu cür xatırlayır: "Çox sevindik, dedim ki, Allah sizi qorusun. Hər dəfə də deyirdi ki, ata, narahat olmayın. Mən döyüş yolu keçmişəm, ona görə mənə hər şey aydın idi. Sənan döyüşlərə taqım komandiri olaraq başlayıb. Vaxt tapan kimi mənə zəng edirdi, maşının mühərrikinin səsi gəldi, dedim xeyir ola, deyəsən mühərriki isidirsən. Dedi, nə bildin ata, dedim ki, mən o yolu keçmişəm".

Sənan sonuncu dəfə ailəsi ilə oktyabrın 7-si danışıb. Bundan sonra isə ondan bir daha zəng gəlməyib: "Son dəfə kəlmə danışdıq. Dedi ki, ata, narahat olma, hər şey qaydasındadır, şəbəkə tutmaya bilər, zəng etsən, zəng çatmasa, narahat olmayın. Mən də başa düşürəm ki, döyüşdür, hər saat danışmaq olmur. Elə ondan sonra da oğluma zəng çatmadı. Soruşan olanda deyirdim ki, zəng çatmır, yəqin şəbəkə yoxdur. 3 gün, 5 gün zəng çatmadı. Gözlədik, ta ki, ayın 20-si günü mənə edilən zəngə qədər... Dedilər, Sənan şəhid olub".

Sənan Məmmədli oktyabrın 15-də şəhid olub, 4 gün neytral ərazidə qalıb. Atasının dediyinə görə, Sənanın olduğu 14 nəfərlik qrupun hər bir üzvü həmin döyüşdə şəhadətə yüksəlib: "Oğlumun nəşini götürməyə getdim, Zəngilanın azad olunması xəbərini orada eşitdim. Zəngilan azad olunduqdan sonra onları neytral ərazidən götürmüşdülər. Onun qrupunda Oğuz rayonundan olan əsgər sətəlcəm olmuşdu, onu aşağı düşürmüşdülər. O zaman Sənan döyüşdə islanan, palçıq olan bütün sənədlərini ona vermişdi ki, gələndə qurudub sənədləri gətirsin. Deyib ki, özüm olsam özümə verərsən, olmasam da... Pul qabı, sənədləri, kartı, 400 manat pulu bizə verildi. Telefonu və qol saatı isə tapılmadı, güman ki, qızğın döyüşlərdə itmişdi. Sonradan da prokurorluqdan alışqanı, 50 qəpik pul, bir də kiçik bir ətiri gətirilərək verildi".

Atası da bildirir ki, Sənan düşmən tərəfindən bir neçə dəfə hədəf alınıb. Lakin texnikada olduqları üçün çoxlu zədə almamışdı. Ancaq Sənan oktyabrın 15-də ən ali zirvəyə - şəhidlik zirvəsinə yüksəlir. Səlim Məmmədov oğlunun nəşinə baxış keçirəndən sonra geyimindən bilib ki, Sənan kəşfiyyat qrupunda döyüşüb.

Sənanın dostları həmişə ondan razı olublar, şəhidimiz mərd və cəsur döyüşçü olub. Ailəsi onun döyüş yolu haqqında, xüsusilə də son döyüşü barədə bir qədər az məlumat əldə edib. Çünki onunla birlikdə döyüşən 14 nəfərin hər biri şəhid olub. Ancaq Sənanla daha əvvəldən tanış olan, döyüşlərin ilk günündə onunla olan, lakin yaralandıqdan sonra onlardan ayrılan dostu Azər şəhidimizin ailəsi ilə əlaqə yaradıb, oğullarının necə qorxmaz, mərd biri olduğundan ağız dolusu danışıb.

Sənanın anası Rəsmiyyə Məmmədova deyir ki, Azər Sənanla xatirələrini danışır, onunla təsəlli tapıram: "Sənan Azərlə həm də Beyləqanda yaşayanda otaq yoldaşı olub. O, qolundan yaralanmışdı, hazırda Hadrutdadır. Sənangilin taboru ilə birlikdə olanda hərəsi qruplara bölünüb başqa istiqamətlər üzrə döyüşüblər. Azər mart ayında məzuniyyət götürmüşdü, əvvəlcə bizə gəlir, sonra öz valideynlərinin yanına gedir. Hər gün də bizimlə danışır.

O, bizə gələndə gecə oturub söhbət edirdik. Mənə dedi ki, "gecə şiddətli yağış yağırdı, 4 zabit idik. Döyüşlərə bir qədər ara verilmişdi. Dördümüz də bir-birimizə sarılırdıq ki, kiçik də olsa, bədənimizin müəyyən hissəsi islanmasın. Nə yediklərini, içdiklərini soruşdum, tankdan düşəndən sonra piyada meşə ilə qalxırmışlar. Deyir ki, yollar o qədər təhlükəli idi ki, yemək bəzən vaxtında gələ bilmirdi. Oktyabr ayı idi, meşədə giləmeyvə yeyirmişlər. Yuxarı qalxanda Azərin ayağı zədələnir, onu Sənan çıxarıb. Sənan Azərin yaddaşında dostluğa sadiq biri kimi qalıb. O, eynilə Sənanın xüsusiyyətindədir. Elə bilirəm ki, Sənan yanımdadır. Xasiyyətləri çox bənzəyir".

Rəsmiyyə ana şəhidimizlə bağlı xatirələrini də danışır: "Liseyə girəndən sonra telefonla danışanda mənə sual verdi ki, ana, məktəbə girməmək, yoxa məktəbi oxuya bilməmək mənim adma pisdir? Dedim ki, daxil ola bilməmisənsə, heç nə olmaz, növbəti il bir də hazırlaşarsan. Yox əgər, məktəbə daxil olmusansa, oranı yarımçıq qoyub çıxsan, görünəcək ki, sanki gücün çatmır orada oxumağa. Həm də hərbiyə kişilik məktəbi deyirlər. Amma Sənan orada bütün çətinliklərə dözdü, oxudu, bitirdi.

Azər mənə dedi ki, bir dəfə tankı vurdular, Sənanı orada ölümdən qurtardım. Sonra isə müharibədə Azərin komandirini və Sənanın qrupunu fərqli istiqamətlərə bölüblər. Bundan sonra əlaqələri kəsilib. Azər indi də deyir ki, niyə mən də şəhid olmadım, niyə mən o uca zirvəyə, şəhadətə yüksəlmədim".

Rəsmiyyə ana övlad acısını daha əvvəl bir dəfə də yaşayıb. 2018-ci il dekabrın 3-də bədbəxt hadisə nəticəsində Sənanın qardaşı dünyasını dəyişib: “Oğlum öz alın təri ilə, halal zəhməti ilə ruzisini qazananda dünyasını dəyişib. Bundan sonra Sənanın həyatda yaşamaq həvəsi öldü. Sevdiyi qız onu həyata qaytardı. 3 il idi sevirdilər bir-birlərini. Həmişə minnətdarlıq edirdim ki, Sənanın bu həyatda yaşaması üçün mən sənə borcluyam".

Rəsmiyyə ana övladı ilə fəxr etdiyini deyir: "Sənanla fəxr edirəm, bu cür mərd oğulların sayəsində bütün dünya bizim birliyimizi, qüdrətimizi bildi. Övladımla qürur duyuram. O, qaçmayıb, arxadan vurulmayıb, irəli gedərkən sinəsindən vurulub mənim oğlum".

Biz də Sənan kimi Vətənin azadlığı uğrunda savaşan, canından keçən, bu yolda qan töküb, zəfər çalan igidlərimizlə fəxr edirik.

Sənan Məmmədli Prezidentin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Azerbaycanrealligi.com







Bizimlə əlaqə saxlayın