Əbülfəz Elçibəy deyirdi: "Pul deyiləm ki, hər kəs məni sevsin" -- Köməkçisi Əli Mürsəloğlu ilə müsahibə

20, 06, 18
15:49

Əbülfəz Elçibəy deyirdi: "Pul deyiləm ki, hər kəs məni sevsin" -- Köməkçisi Əli Mürsəloğlu ilə müsahibə


24 iyun eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 80 illik yubileyidir. Bu münasibətlə onun həmkəndlisi və uzun müddət köməkçisi olmuş Əli Mürsəloğlu ilə söhbət etdik. Hesab edirik ki, o, Elçibəyi daha yaxından tanıyır və onun haqqında daha çox bilgisi və məlumatı olan bir şəxsdir.

Azerbaycanrealligi.com saytı qısa müsahibəni dərc edir və xatırladaq ki, daha geniş videoaçıqlama Kanal13.tv vasitəsi ilə 24 iyunda yayımlanacaq. Həmin videoaçıqlamanı da sizlərə təqdim edəcəyik.

- Əli bəy, 24 iyun tarixində Əbülfəz Elçibəyin anadan olmasının 80 illik yübileyidir. Siz onun köməkçisi işləmisiniz. Elçibəy Azərbaycan xalqı üçün kimi olub?

- Əvvala, salam, xoş gəlmisiniz. Şəxsiyyətlər elə bir mövzudur ki, onları müzakirə etmək olmur. Elçibəy elə bir şəxsiyyətdir ki, o, Allahın verdiyi ən gözəl bir bəxşiş idi, həmin bəxşişi dəyərləndirmək lazımdır. Əl-fərabi deyərdi ki, bir millətin tanınmış şəxsiyyəti dünyadan köçəndə ona ağlamayın, yerdə qalan insanlara ağlayın. Bəy bu millətin kimiliyini verdi. Sən kimsən, nəyə qadirsən. Türk milləti üst-üstə gələndə 300 milyonu keçib. Bunun kimliyini tanıdı, sən busan, sən dünyanın ağası olmusan, bu millətin dünya çapında öz yerini göstərdi. Görürsünüz, bütün dünyanın gözü Azərbaycandadır. Bəyin özü Azərbaycanı bir kimlik kimi tanıdı, sən kimsən və nəçisən. Bir millət öz kimliyini tanımırsa, o millətdən millət olmaz. Bir milləti məhv etmək üçün onun dilini əlindən al, sonra da onun özünü məhv edirsən. Bəy bu millətə kimliyini tanıtdı və dünya dövlətləri arasında yerini göstərdi. Mövlanə deyir ki, bir insan öz yerini bilirsə, mən o insanın qulu, köləsiyəm. Şəms Təbrizinin gözəl sözü var: "Biri gələr, səni səndən edər, biri gələr, səni sən edər". Bəy də bu milləti "səni sən etdi".

- Əbülfəz Elçibəydən sonra hakimiyyətə Heydər Əliyev gəldi. Elçibəylə Heydər Əliyev arasında fərqi nədə görürsüz?


- Mən şəxsən bu cür dəyərləndirirəm ki, Allah hər ikisinə rəhmət eləsin, yerləri cənnət olsun. Məhəmməd Əmin bu millətə cümhuriyyəti bəxş etdi, Elçibəy rəhmətlik onu bərpa etdi. Dedi: "Bax, bu olmusan sən, busan". Söhbət azadlığın və müstəqilliyin bərpasından gedir. Rəhmətlik Heydər Əliyev də onu qorudu və saxladı. Bunu etiraf etməliyik. Tarix təqdir və böhtanların cəzasını, zaman isə əsl qiymətini verəcək, onun üçün də ən gözəl dərman zamandır.

- Əli bəy, siz Elçibəyin köməkçisi kimi onu insan və şəxsiyyət olaraq necə xatirlayırsınız? Necə bir insan idi?

- Mövzu o qədər gözəldir ki, onun adını söyləmək elə izahsız bir izahatdır. Elə şeylər var ki, onun izahı yoxdur. Yenə deyirəm, bəy bu millət üçün örnək idi. Bu millətin ən sıravi üzvünə belə hörmətlə, vicdanla yanaşardı. "Qurani-kərim"də gözəl bir söz var: "Ətrafında olan insanları atəşdən qorumalısan". Mən 2000-ci ildə Amerikada olanda bəyə dedim ki, bəy, sizə filan hədiyyəni almışam. Bəy dedi ki, Elman Türkogluna almısanmı? Yaşar Türkazərə almısanmı? Bu bilirsinizmi, nə deməkdir? Bu insanın böyüklüyünü göstərir. Bu gün kimsə ola bilərsən, ancaq insan olmaq çox çətindir. Gözəl həkim ola bilərsən, gözəl idmançı ola bilərsən, gözəl polis ola bilərsən, çoxlu pulun ola bilər, həyatda hər şeyi qazamaq olar, amma iki şeyi tanri verir - bir zəka, biri də tanri sevgisini. Bəyin gözəl bir sözü vardı: "Mən millətimi, xalqımı Allahımdan çox sevdim". Hər bir insanın qəlbində bir sevgi olur, amma bəy insanlar üçün fəda olurdu. Bəy hər kəsin kim olduğunu bilirdi, ona yaxşlıq edəni də, pislik edəni də tanıyırdı  amma demirdi, verirdi xalqın öhdəsinə. O, bu cür şəxsiyyət idi.

- Əli bəy, Əbülfəz Elçibəylə bağlı sizi ən çox narahat edən nədir?

- Əbülfəz bəyin şəxsiyyətinin həqiqətlərinin, sözün həqiqi mənasında, diqqətdən kənar qalması və gənc nəslin onu tanımaması məni çox, lap çox narahat edir. Bir gün bir jurnalist bəyə sual verdi ki, Kələki də 4 il qalmağınızın səbəbi nə idi. O da bu fikrin daha dəqiq izahını verdi və dedi ki, 4 il yox, 4 il 4 ay 23 gün qaldım. Millətimə verə biləcəklərim çox şeyləri verə bilmədim, indi məni ən çox narahat edən budur. Bəy deyərdi, türk dili qədər zəngin, türk dili qədər varlı, türk dili qədər şirin bir dil yoxdur. Vaxt olub, bizim cibimizdə 1 manat belə pul olmayıb, amma bəy deyirdi ki, eybi yox, qoy, bir gün də belə qalaq. Bir dəfə bəyə dedilər ki, filankəslər səni tənqid edir. Bəy də gülərək dedi ki, mən pul deyiləm ki, hər kəs məni sevsin, məni tənqid edənlər də olacaq, sevənlər də. Mən bəyi bu cür şəxsiyyət və böyük insan kimi xatirlayiram belə insanın da itkisi təbii ki, məni çox üzdü. Allah ona qəni-qəni rəhmət eləsin.


Azerbaycanrealligi.com 









Bizimlə əlaqə saxlayın