Əbülfəz Elçibəyin qardaşı oğlu əmisinin sirrindən danışdı

27, 04, 19
12:19

Əbülfəz Elçibəyin qardaşı oğlu əmisinin sirrindən danışdı



Əbülfəz Elçibəyin qardaşı oğlu, "Bəyaz" hərəkatının sədri Hürrü Əliyev Azerbaycanrealligi.com saytına müsahibə verib. O, hərəkatın fəaliyyəri və əmisi haqqında danışıb. Həmin müsahibəni təqdim edirik.

- Bir müddət öncə mətbuata açıqlamanızda demişdiniz ki, “Bəyaz” hərəkatının qarşısında görüləcək bir çox işlər var. O işləri görə bildinizmi? 

- Öncə deyim ki, “Bəyaz” hərəkatı təşkilat komitəsi olaraq fəaliyyət göstərir. Biz ümumi fəaliyyətimizin üç illiyini planlaşdırmışıq. Məqsədlərimizi xalqın, millətin, dövlətin faydalana biləcəyi istiqamətdə qurmuşuq. Ümumi fikir və ideyalarımızı müxtəlif yollarla yayırıq və təşkilatlanma işləri gedir. Bölgələrdə görüşlər keçiririk. Türkiyə, Güney Azərbaycan və yerli təşkilatlarla danışıqlar aparırıq ki, Vahid Milli Güc İttifaqını (VMGİ) yaradaq. Artıq kifayət qədər işlər görmüşük.  

- Fəaliyyətinizin ikinci mərhələsində, ikinci ilində nə gözlənilir?  

-  Biz qurultaya hazırlaşırıq. Təşkilatlanma işləri sürətlənib. Daha sıx görüş və tədbirlərin keçirilməsi planlaşdırılır. Yaxın üç ayda Vahid Milli Güc İttifaqının yaranmasına əminik. Həmçinin, əminik ki, güneydən və yerli təşkilatlar arasından bir çoxu bizə qatılacaq və birlikdə fəaliyyət göstərəcəyik.  

- Ümumiyyətlə, bu “Bəyaz” hərəkatının, VMGİ-nın yaranmasında məqsədiniz nədir. Nə etmək istəyirsiniz? Bu ittifaq nəyə xidmət edəcək? 

- Yaxın on beş ildə onlarla təşkilat yaradılıb. Amma biz tam fərqli istiqamətdə fəaliyyət göstəririk. Bir əsas deyə bilərəm ki, biz hər kəsin hansısa istiqamətdə olan fəaliyyətinə irad, tənqid bildirmədən işləyirik. Düzdür, irad və tənqidlərimizi bildirəcəyimiz şəxs və təşkilatlar var və biz zaman-zaman bu istiqamətdə öz fikirlərimizi bildirəcəyik. Azərbaycanda müxalifət düşərgəsi var və dirəniş göstərir. Amma onların ümumi fəaliyyət xətti uğursuzluq gətirir. On beş ildir ki, korrupsiya, oğurluq, talançılıq var. Yəni dəyişməz bir siyasi istiqamət götürülüb. Torpaq, vətən isə qalıb kənarda. Buna görə də xalq ümidsizləşib. Bizim çalışdığımız da odur ki, xalqın milli ruhunu yüksəldək. Xalqın milli oyanışını sosial məsələlərə yönəltmək olmaz. Artıq Qarabağ məsələsi son illər gündəmə gəlib, Güney Azərbaycan və ölkəmizdə bu kimi məsələlər ön tutulur. Biz də istəyirik ki, vətənin qurtuluşu, torpaqların azadlığı üçün vahid ittifaq yaradılsın. Milli amalların ön tutulması üçün bu çox önəmli məsələdir. Milli oyanış yöndə inqilablar Təbrizdə də baş verə bilər, Bakıda da. Amma bir davamız olmalıdır, o da vətən davasıdır. Vətən davası bizi birləşdirə bilər


- Vahid milli güc deyirsiniz, yaxın illərdə Milli Şura yaradıldı və çox çəkmədi ki, bir çox təşkilatlar ondan ayrıldı 

- Milli Şuranın yaranma istiqamətində öndə olan təşkilatlardan başlayaq. Mənim üçün Azərbaycan Xalq Cəbhəsi bütün dövrlərdə doğma və əziz bir partiyadır, o cümlədən, Müsavat Partiyası. Ona görə ki, AXC-nin qurucusu Əbülfəz Elçibəydir, bu partiya onun hələ 60-cı illərdən bəri siyasi, ideoloji təfəkkürünün məhsulu idi. O partiyaların 50-60 faizi Elçibəyin ideologiyasının daşıyıcısıdır. Milli Şuraya gəlincə, bu gün öndədir, fəaliyyəti və istiqamətinin doğru oldub-olmaması tamam başqa mövzudur. Bundan sonra bir neçə təşkilat və hərəkat yaransa da uğurlu nəticə olmayacaq. Çünki vətən davası aparılmayan yerdə güc və nüfuzdan söhbət gedə bilməz. Qarabağın geri qaytarılmasında xalqın milli iradəsi olmalıdır. Vahid Milli Güc İttifaqı da xalqın milli iradəsini gücləndirmək üçün yaradılan bir təşkilatdır. Başda İsgəndər bəy olmaqla Xalq hərəkatında olanlara və ümumiyyətlə, Milli Şurada olanlara da sayqımız, sevgimiz sonsuzdur. Biz təssüflənirik ki, o qədər böyük yol keçmiş insanlar on beş ildir ki, bir-birinə qarşı mübarizə aparır. Bu gün bütün siyasi partiyalar hakimiyyət uğrunda dava aparırlar və buna görə də uğursuz nəticələrlə qarşılaşırlar. Biz isə xalqı özünə inandırmağa çalışırıq. Xalq öz iradəsinə inanarsa, öz torpaqlarını özü azad edər.  

- Hürrü bəy, neçə yaşınız var? 

- Bu ay 47 olacaq. 

- İstəyirəm ki, qayıdaq 40 il bundan qabağa. O illəri necə xatırlayırsınız? 


- 1972-ci ildə Kələkidə anadan olmuşam. 6 yaşımda Bakıya gəlmişəm. Anam rəhmətə getmişdi. Atam, qardaşım və bacım kənddə qaldılar. Mən rəhmətlik Murad əmimgildə qalırdım. O binada atamın da evi var idi, o vaxt həmin evdə Ə. Elçibəy yaşayırdı, bizim evdən iki mərtəbə aşağıda isə Vasif Məmmədəliyev kirayə qalırdı. Binada ziyalı ailələr çoxluq təşkil edirdi. O insanlardan öyrəndiklərim ayrıca bir məktəb oldu mənə.  


 - Universiteti harda oxumusunuz? 


- Birinci Ankarada oxudum, sonra Bakıya gəlib ikinci təhsil kimi Beynəlxalq Universitetini bitirdim. 

- Əbülfəz Elçibəy oxutdu sizi? 

- Yox, mənim Ankarada təhsil aldığımı əmim iki il sonra bilmişdi.  

- Əbülfəz Elçibəy niyə hakimiyyəti əlində saxlaya bilmədi? 

- O hərəkat xalqın hərəkatı idi və xalq arasına Rusiya və İran təşfiyyatından adamlar yerləşdirilmişdi. O vaxt Ə. Elçibəyin prezident seçilməsi xalqın tələbi idi. Ə. Elçibəy prezident seçilən gündən onun devrilməsi üçün kəşfiyyatlar işləyirdi. Nizami Süleymanov 32 faiz səs topladı. O boyda hərəkata qalxan və imperiyanı yıxan xalq pulsuz çörək veriləcək deyə durub Nizami Süleymanova səs verəcəkdimi? Yox. Ə. Elçibəydən narazı tərəflər bütün namizədlərin səsini toplayıb Nizami Süleymanova verdilər ki, Ə. Elçibəy seçilməsin. Amma bacarmadılar, Ə. Elçibəy 59 faiz səslə prezident seçildi. Xalq onu sevirdi. Kəlbəcər işğal olundu, xalq Ə. Elçibəyə qarşı çıxmadı. Kəlbəcərin işğalı Rusiyanın planı idi, bununla Elçibəyi devirmək istəyirdi. Amma Ə. Elçibəy bir il müharibə apardı. Bu gün heç bir həftə də müharibə apara bilmirlər. Ə. Elçibəyin təslim olacağı bir məsələ var idi, o da qardaş qırğınına getməmək.  


- Universiteti bitirəndən sonra nə işlə məşğul oldunuz?

 - Kələkiyə getdim, Ə. Elçibəyin yanında qaldım. Bir il sonra Bakıya gəldim. 2000-ci ilə kimi evdə oturdum, mütaliyə elədim, yazılar yazdım. 


- İctimai fəaliyyətə nə vaxtdan başladınız? 

- 2003-cü ildən “Ulu Xudafərin” jurnalını çap etdirməyə başladım. Sonra Azərbaycanın Sabahı İctimai Birliyini qurduq. 2005-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini təsis etdik, qurultay da keçirdik. Sonra Vahid Millət Dövlətçiliyə Dəstək təşkilatını yaratdıq. Sonra da bütün bu təşkilatları birləşdirib “Bəyaz” hərəkatını yaratdıq. Son bir ildə də daha aktiv fəaliyyət göstəririk.

- Təsəvvür edin ki, əlinizdə mikrafon var və bütün xalq sizi eşidir. “Bəyaz” hərəkatının rəhbəri olaraq nə demək istəyirsiniz? 

- Əziz Azərbaycan xalqı, nə olur olsun, sosial ehtiyaclara baxmayaraq, bütün gücünü, amalını, düşüncəni torpaqların azad olunması və bütövlüyü uğrunda  olan bir mövqedə yönəltməli, bu mübarizəni davam etdirməlisən. Başqa mübarizələr arxası ilə getmək uğursuzluqla qarşılaşmaq deməkdir. 

Elşad Barat

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın