Nəzakət Məmmədli: mən sözə and içirəm

24, 04, 19
20:12

Nəzakət Məmmədli: mən sözə and içirəm


Azerbaycanrealligi.com Elşad Baratın “7-lik” layihəsi çərçivəsində “Xatirə kitabı”nın baş redaktoru, “Yada düşdü” jurnalının təsisçisi və baş redaktoru, tanınmış şair Nəzakət Məmmədli ilə müsahibəsini təqdim edirik.

Bildiyimizə görə 10 il olar ki, ürək əməliyyatı keçirmisiz. Ürəyinizi əməliyyat edəndə şeirlərinizə toxunmayıblar? 

Mənə elə gəlir ki, ürəyimi yarıb içinə ağrılı şeirlər qoyublar. Ölümə daha çox inandım, güvəndim. O anda fikirləşdim ki, nə yaxşı indiyə qədər heç kimin xətrinə dəyməmişəm. Pis şeylər düşünməmişəm. Elə bu düşüncələrdən şeirlər yaranıb. 

“Xatirə kitabı”nda uzun illərdir işləyirsiz, bir neçə ildir baş redaktorsuz. Xatirələr sizi incitmir?

Respublika Xatirə Kitabı 1993-cü ildə Heydər Əliyev tərəfindən yaradılıb. İndiyə qədər 16 cild və bir xüsusi buraxılış (həmdə ingilis dilində) şəhidlərimiz haqqında qısa ensiklopedik məlumatlar toplayıb çap elətdirmişik. Biz durmadan çalışırıq. Hər bir şəhidimiz, əsirlərimiz haqqında ensiklopedik yaddaş hazırlamışıq. Amerikaya, Avropaya qədər kitablarımız gedib çıxıb. Xatirə Kitabi tarixdir yaddaşdir kitab-abidədir

Şeirlərinizin ayaqları olsaydı hara gedərdi? 

Kaş ki, şeirlərim məndən çox uzağa düşməsin. Sözə çox böyük dəyər verirəm. Sözdən ayrı yaşaya bilmərəm. Fərqanə Mehdiyava “şəkil” deyir, mən isə “söz” deyirəm. Söz o qədər mənə dəyərlidir ki, hərdən ona and içirəm, bu söz haqqı, sözə and olsun deyirəm. 

Ağlaya-ağlaya yazdığınız şeir olub? 

Bizim bağ evimizdə anadan olmuşam. O bağa çox bağlıyam. Anamı 5 il idi ki, itirmişdim. Bir gün bağda qəribə hadisə oldu. Qəfildən elə bildim ki, anam telefona zəng eləyir. Qaçıb telefonu götürdüm. Hamı elə bildi ki, dəli olmuşam. Onda anama bir şeir yazdım, ağlaya-ağlaya...

Nəzakət Məmmədli

Geniş ictimayətdə ikinci Nəzakət Məmmədova imzasını tanıtmağınız çətin olmadı? 

Bizim başımıza nə bəlalar gəlibsə, unutqanlığımızdan gəlib. Mən işləməyi sevirəm. Artıq doqquz ildir ki, “Yada düşdü” jurnalını çap edirəm. Allah hər kəsə öz qismətin, taleyin verib. Təxəllüs götürə bilərdim, amma eləmədim

Müasir Azərbaycan qadın poeziyasını on mərtəbəli bina götürsək, Fərqanə Mehdiyeva neçənci mərtəbədə yaşayır? 

Fərqanə təpədən-dırnağa şairdir. Mənə elə gəlir Fərqanə Allahın yanındadır. Fərqanənin özü də şeir kimi qadındır. Şeirə aid nə varsa, hamısı Fərqanədə cəmlənib. Məncə, Fərqanə on mərtəbəli evin on birinci mərtəbəsində yaşayır. 

Ana olmaq asandır, yoxsa şair, yoxsa baş redaktor? 

Mən deyərdim ki, ana olmaq çox çətindir, hamısından çətin. Ancaq yaxşı şeir yazmaq da elə ana olmaq deməkdir. Mən uşaqlarımı indiyə qədər incitməmişəm, cəza verməmişəm, onları çox sevirəm. Həmişə analar bala üçün narahat olur.

7,5-ci sual: Bu layihə çərçivəsində növbəti dəfə kimdən müsahibə almağımı istəyərdiz? 

Şair Şöhlət Əfşar. Çox səmimi insan, maraqlı şairdir. Mən də səmimiyyət aşiqiyəm. 

Azerbaycanrealligi.com



Bizimlə əlaqə saxlayın