Polkovnik dedi ki, sənin cibinə narkotik atıb göndərəcəyəm həbsə, ağlın gəlsin başına

01, 09, 19
18:02

Polkovnik dedi ki, sənin cibinə narkotik atıb göndərəcəyəm həbsə, ağlın gəlsin başına

Azərbaycan elə bir ölkədir ki, bu ölkədə nəinki azad siyasət, jurnalistika, heç blogerliklə də məşğul olmaq mümkün deyil. Facebook, instagram, youtube kimi sosial şəbəkələr, demək olar ki, indiki mövcud hakimiyyətin tam nəzarətindədir. Adi şəxsi, özün üçün olan facebook, instagram hesabı açdınsa və yaxud youtube üzərində hər hansı kanal açıb sərbəst fəaliyyət göstərdinsə, mütləq hakimiyyət, hüquq-mühafizə orqanları səni nəzarətə götürəcək, hətta Daxili İşlər Nazirliyinin nəzidində olan Bandotdel, Qorotdel kimi tanınan idarələrə çağıraraq günlərlə saxlayıb fiziki və mənəvi təzyiq edirlər, təhqir etməkdən belə çəkinmirlər.

Xəbərdarlıqlara məhəl qoymayanda isə şərləyərək qısa və yaxud da üzünmüddətli həbsə göndərirlər. Bununla bağlı yerli və beynəlxalq təşkilatlar Azərbaycana dəfələrlə xəbərdarlıq etsələr də, heç bir faydası olmayıb, haqqın səsi həmişə boğulub. Aqil Babayev də bu cür neqativ hallarla üzləşmiş insanlardan biridir. Aqil bəy qeyd edir ki, o, təxminən 5 ilə yaxındır blogerlik fəaliyyəti ilə məşğuldur və bir neçə ay olar ki, bununla paralel olaraq jurnalist kimi də bir neçə saytla könüllü əməkdaşlıq edir, o cümlədən Azerbaycanrealligi.com informasıya agentliyi ilə və facebook üzərində fəaliyyət göstərən Azərbaycan Reallığı səhifəsi ilə də.

Aqil bəy bildirir ki, harada qanun pozuntuları, məmur özbaşınalığı görürsə, video və fotolarını çəkərək sosial şəbəkədə paylaşır, əməkdaşlıq etdiyi xəbər saytlarına və səhifələrinə göndərir. Bu ilin may ayında tanımadığı şəxs ona zəng edərək Cinayətkarlığa Qarşı Baş Mütəşəkkil Mübarizə İdarəsinə (Bandotdelə) dəvət edir. O bildirir: "Mən deyilən vaxtda sözügedən idarədə oldum. Məni tanımadığım və rütbəsini bildiyim bir polkovnikin yanına apardılar. O, uca səslə qışqıraraq məni söyməyə başladı. "Sən kimsən, bu dövlətin əleyhinə çıxırsan? Bu dəqiqə sənin cibinə narkotik atdırıb səni göndərəcəyəm həbsə, ağlın gəlsin başına". Daha sonra yanımda olan polislərə "bunu rədd edin çölə," - deyərək əmr verdi. 3-4 saat orada qaldıqdan sonra məni yenə həmin polkovnikin yanına apardılar. O qeyd etdi ki, ailən, uşağın olduğuna görə sənə bu dəfə hörmət edib həbs etmirik, amma sənə sonuncu xəbərdarlığı edirik, bir də belə hal təkrarlanarsa, güzəşt etməyəcəyik. 

Daha sonra yaşadığım yer üzrə sahə inspektoruna tapşırıq verdilər ki, mənə nəzarət etsin. Sonra bildirdi ki, sənə hər ay zəng olunacaq, nə işlə, hansı işlə məşgul olduğun, hara gedib-gəldiyin, kimlərlə görüşdüyün və s. haqda hesabat verəcəksən.

Hər 30-35 gündən bir, bəzən də 50 gündən bir gizli nömrədən mənə zəng edib şəhərin müxtəlif yerlərinə - çayxana və kafelərə çağırıb sorğu-sual edirdilər. Psixoloji təzyiq edirdilər. Maşınla gedərkən hiss edirdim ki, məni müxtəlif maşınlarla izləyirlər. Evə gələndə idmançı gödəkçəli mülki geyimli şəxslər görürdüm. Bir sözlə, qorxu içində yaşayıram. Nəzarətdə olduğum üçün heç bir fəaliyyətlə məşğul ola bilmirəm. Ona görə də yeganə yolum imkan versələr, ölkəni tərk etməkdir. Xahiş edirəm, bu istiqamətdə media nümayəndələri, dost-tanışlar mənə yardımçı olsunlar".

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın