"Polis bölməsində o qədər döydülər ki, gözümün bəbəyi dağıldı"

14, 08, 19
11:34

"Polis bölməsində o qədər döydülər ki, gözümün bəbəyi dağıldı"


Bir neçə xəbər saytı, o cümlədən də Azerbaycanrealligi.com xəbər portalı və Azərbaycan Realligi facebook səhifəsi ilə əməkdaşlıq edən Azər Arif oğlu Abdullayev bir neçə ay əvvəl başına gələn acı hadisələr haqqında saytımıza şok açıqlama vermişdir. 

Azər Abdullayev bu ilin yanvar, fevral və mart aylarında Azərbaycan torpaqlarının bütövlüyü, işğaldan azad olunması uğrunda 1991-1992-ci illərdə Ermənistanla gedən müharibədə şəhid olmuş vətəndaşlarımızın ailələri ilə birgə Prezident Administrasiyasının və Milli Məclisin qarşısında qan pulu olaraq dövlət tərəfindən ayrılmış 11 min manatın verilməməsi səbəbindən keçirilən etiraz aksiyalarında fəal iştirak edib. O həmçinin sözü gedən aksiyaları mobil telefonu ilə çəkmiş və sosial şəbəkədə paylaşaraq ictimailəşdirmişdir. Videolar bir neçə sayt və səhifələrə də göndərilmiş, bununla da aksiyaların geniş ictimaiyyətə çatdırılmasında böyük xidmət göstərmişdir. 

Azerbaycanrealligi.com-a açıqlama verən həmkarımız bildirir ki, elə qara günlər də onun üçün bundan sonra başlayıb. 

Azər bəy bildirir: "Mart ayının əvvəlləri idi, facebook sosial şəbəkəsi vasitəsi ilə xəbər tutdum ki, şəhid ailələri yenidən Prezident Administrasiyası qarşısında aksiya keçirəcək.

Azər Abdullayev 

Mən də səhər saatlarında deyilən ünvana getməli idim. Metronun Nərimanov stansiyasından İçərişəhər stansiyasına getdim. Oradan çıxıb Prezident Administrasiyasinın qarşısına yaxınlaşırdım. Prezident Administrasiyasina 300-400 metr qalarkən yaxınlıqdakı Axundov bağında məni polis əməkdaşları saxlayaraq xidməti post patrul maşınlarına mindirib yaxınlıqda olan Səbail Rayonu Polis İdarəsinə gətirdilər, sorğu-sual etdilər. Bir neçə dəqiqə sonra ora tanımadığım mülki geyimli şəxslər gəlib məni sorğu-sual etməyə başladılar. Telefonla kim ilə isə danışan mülki geyimlinin biri mənə yaxınlaşdı, heç bir səbəb demədən məni döyməyə başladı. Yanında olan digər mülki geyimli şəxslərə də uca səslə əmr etdi: "Döyün bu Vətən xainini". Onlar da məni döyməyə başladılar. 

Polis idarəsinin içində məni təxminən 15-20 metr sürüyərək qaranlıq bir otağa apardılar. Orada daha şiddətlə vururdular. Baş və kürək nahiyəmdən dəyən zərbələr nəticəsində qışqırmağa başladım. Təxminən 20 dəqiqə davam edən bu döyülmədən sonra hiss etdim ki, özümdə deyiləm, sifət nahiyəmdə izlər vardı, burnumdan qan axırdı. Təcili yardım çağırdılar. Mənə mənşəyini bilmədiyim iynə vurdular. Özümdən getdim, yuxu məni apardı. 3-4 saatdan sonra ayıldım. Daha sonra mənim qollarımı arxadan qandallayaraq hansısa mülki geyimli şəxsin yanına apardılar. Özümdə olmadığım üçün onun adını bilmədim, amma polislər ona "cənab polkovnik" deyə müraciət edirdilər. O mənimlə 40 dəqiqəyə yaxın söhbət etdi. Bildirdi ki, burada olanları kiməsə desəm, mənin üçün bundan da pis olacaq, məni həbsxanalarda çürüdəcək. 

Ümumi olaraq, 5-6 saat saxladıqdan sonra məni sərbəst buraxdılar, amma mobil telefonumu özümə vermədilər. Bu günə kimi də mobil telefon özümdə deyil.

Səhəri gün şiddətli ağrılardan dayana bilməyib həkimə getdim. Həkim bildirdi ki, zərbə almışam, onun nəticəsində də göz bəbəyim partlayıb. Mənə akademik Zərifə Əliyeva adına Göz İnstitutuna getməyi məsləhət etdilər. Orada isə mənə bildirdilər ki, vəziyyət ciddidir, göz tez bir zamanda əməliyyat olunmalıdır. İki əməliyyat keçirdim, birini apreldə, digərini isə may ayında. Əməliyyatların hər biri öz hesabıma oldu.

Həmin vaxt əməliyyatlardan xəbər tutan polis əməkdaşları məni təhdid etdilər, bildirdilər ki, bu haqda mediaya, mətbuata məlumat versəm, mənim üçün ağır olacaq.

Eyni adamlar məni hər gün izləyirdi. Bir neçə dəfə gecə mən evdə olmadığım zaman qapımız döyülüb. Həmin vaxt ilk uşağımın doğuşuna günlər qalmışdı. Həyat yoldaşım da qorxu içində idi.

Bir sözlə, döyüldüyüm gün yaddaşımdan çıxmır. Düşünürəm, məni yenə haradasa döyəcəklər, qorxu içində yaşayıram, çıxış yolu axtarıram, bu əzablardan qurtulmaq üçün yollar arayıram, fikirləşirəm ki, bəlkə intihar edim, ya da ölkəni hansı yolla olursa-olsun tərk edim.

Artıq çıxılmaz durumdayam. Qaldığım evin kirayə pulunu verə bilmirəm, həyat yoldaşımın qızıllarını satıb əməliyyatıma verdim, iki dəfə əməliyyat olundum, üçüncüyə artıq imkanın yoxdur. Üstəlik yeni doğulan körpə uşaq 2 aylıqdır. Fiziki ağır işdə işləməyə isə sağlamlığım imkan vermir. Qorxu içində yaşayıram".

Sonda Azər Abdullayev onu da bildirdi ki, ona yardım edib, çıxış yolu göstərilməsini arzulayır: "Bu ölkədə artıq bütün qapılar üzümə bağlanıb, xarici ölkə səfirliklərindən mənə yardımçı olmalarını xahiş edirəm. Əks halda intihardan başqa çıxış yolum qalmayacaq. Yenə də ümidliyəm ki, səsimə səs verən tapılacaq".

Hazırladı: Analitik şöbənin müdiri, araşdırmaçı jurnalist Vüqar Məmmədağayev 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın