sitename

Bəxtiyar Vahabzadənin həkimindən MARAQLI AÇIQLAMALAR - Yoxlayanda gördük ki, 3 böyrəyi var - FOTOLAR


Adətən anadəngəlmə anomaliyalarla doğulan insanlar uzun müddət yaşamır və erkən yaşda vəfat edirlər. Yer üzündə elə insanlar var ki, 40-50 yaşa çatıblar, amma bir dəfə də olsun, həkimə müraciət etməyiblər. Bəzən bu kimi hallara “maşallah” deyib keçirik. Amma tibbi cəhətdən bu heç də düzgün deyil. Yaş dövrünün müəyyən mərhələlərində orqanizmdə gedən ciddi dəyişiklikləri bilmək üçün mütləq şəkildə həkim müayinəsindən keçmək lazımdır. Adam var, deyir, tənginəfəs olanda, qaçanda ürəyinin döyüntülərini eşidir. Adam da var, deyir, qaçanda nəfəs ala bilmir. Belə olanda da dərhal əllərini atırlar sol tərəfə - ürəyin üzərinə. Dəqiq bilir ki, bədənin sol tərəfində, yuxarıda tələsən nəsə varsa, demək ki, ürəkdi. Amma elələri də var ki, heç ömrünün sonuna qədər ürəyinin solda yox, sağda olduğunu bilmir. Bu bir az da insanın öz sağlamlığına qarşı laqeydliyindən, biganəliyindən irəli gəlir.
İndi hamınıza maraqlı gəlir ki, ürək solda olmayıb, harda olacaq ki? Amma bəzi insanlar var ki, onların ürəkləri anadangəlmə sağda yerləşir. Qəribə də olsa, bu insanlar daim erkən öləcəklərindən ehtiyat edirlər. Ətrafdakı insanlar isə onlara “xüsusi” bəndə münasibəti göstərirlər. Tibbdə isə bu vəziyyət qeyri-normal, anomaliya kimi qiymətləndirir və elmi dildə "dekstrokardiya" adlandırılır. Elə nadir anadangəlmə anomaliyalar olur ki, insanın səhhətinə mənfi təsiri baş vermir və həmin şəxs sağlam doğulanlar kimi uzun ömür sürə bilir.
Bəs ürəyi sağda olanlar barədə nə bilirsiniz? Bu kimi hallarda qadınların ana olmaq şansı azalırmı? Kişilərdə infark riski artırmı? Ürəyi sağda olan insanların övladlarında bu anomaliyalar müşahidə edilirmi?
Publika.az-ın bu və digər suallarını həkim kardioloq-aritmoloq Günay Rəhimova cavablandırıb:
- Günay xanım, neçə ildir çalışırsız?
- Azərbaycan Dövlət Tibb Universitetini (1999-2005) bitirmişəm. İlk olaraq Mərkəzi Klinikada fəaliyyətə başlamışam. 13 ilə yaxındır həkim kardioloq kimi çalışıram.
- Ümumiyyətlə, bu gün insanlar arasında ürək xəstəliklərinin sayı artıb. Siz bunu nə ilə əlaqələndirirsiz?

- Bu gün insanların ən çox əziyyət çəkdiyi xəstəliklər sırasında ürək xəstəlikləri birinci gəlir. İnkişaf etməkdə olan və inkişaf etməmiş ölkələrdə ürək-damar sistemi xəstəliklərinin sonu birmənalı olaraq ya ölüm, ya da əlilliyə gətirib çıxarır. Onkoloji xəstəliklər ikinci sırada, digər xətəliklər isə üçüncü sıralarda gəlir. Ürək-damar xəstəliklərinin artmasına səbəb olan əsas amillərdən biri insanların passiv həyat tərzidir. Gün ərzində çox az hərəkət etmək, günün böyük hissəsini oturaq şəkildə kompyuter qarşısında keçirmək ürəyə ziyandı. İkinci amil stress faktorudur. Gün ərzində aldığımız müxtəlif mövzuda (pis-yaxşı) xəbərlər stress yarada bilər. Çünki, stress beyinə bir anda normadan artıq informasiyanın ötürülməsi ilə də əlaqəli ola bilir. 15 il öncə, hələ internet həyatımızın ayrılmaz hissəsinə çevrilmədiyi zamanda insan sağlamlığı üçün ən faydalı şeylərdən biri informasiya idi. Bu gün isə hamı üçün əlçatan olan internet əsl stress qaynağıdır. Çünki biz bəzən lazım olmayan informasiyalar və onun həyəcanları ilə yüklənirik. Dünyada digər ən böyük problem qida çatışmazlığı, ekoloji faktor, irsi xəstəliklər, süni və geni modifikasiya olunmuş (GMO) məhsullardır ki, bunlar da insanlarda ciddi ürək xəstəliklərinin yaranmasına gətirib çıxara bilir. Bu sadalanan amillər ürək-damar xəstəliklərinin gedişatını sürətləndirir və yaş faktorunu da sıradan çıxarmış olur.
- Hansı yaş aralığında bu problemlərə daha çox rast gəlinir?
- Bu gün yeni doğulan körpələrdə də ürək çatışmazlığı müşahidə edilir, yaşlı nəslin nümayəndələrində də. Bunu sırf yaş faktoru ilə əlaqələndirmək artıq çətinləşib. Tibbin imkanları artdıqca, bu xəstəliklərə qarşı mübarizə də uğurla aparılır. İnsan ömrü artdıqca, sağlamlıqda olan problemlərin də sayı təbii olaraq artır. Əvvəllər orta ömür 50 yaş olanda, bu problemi insanlarda çox az görürdük.
- Bu gün ürəyin anadangəlmə anomaliyası da yayılıb. Ürəyi sağda olan xəstələriniz olubmu?
- Bəli. Belə anomaliyalar çoxdur. Orqanizmdə anadangəlmə orqanların yerlərinin dəyişik olmasına rast gəlirik. Ürək döş qəfəsinin solunda yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzvdür. Ürəyin döşün sağ tərəfində yerləşməsi tibbdə dekstrokardiya adlanır. Bu anomaliya ürəyin tipik olaraq sol tərəfdə deyil, sağ tərəfdə simmetrik olaraq yerləşməsidir. Bu zaman ürəkdən çıxan damarların da mövqeyi ürəyin yerləşməsinə müvafiq olur. İndiyədək baş verən bəzi hadisələr göstərir ki, ömrünün sonuna qədər ürəyinin yerini bilməyən insanlar belə olub. Biz bu barədə müayinə zamanı onlara demişik. Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin də ürəyi sağda olub.
- Maraqlıdı. Bunu necə bildiniz?
- Mərkəzi Klinikada çalışırdım. Gözəl şairimiz Bəxtityar Vahabzadə 2007-ci ildə səhhətində yaranan problemlərlə bağlı xəstəxanada stasionar müalicə almağa gəlmişdi. O vaxt Mərkəzi Klinikada Firdovsi İbrahimov çalışırdı, biz onunla birgə şairi müayinə edən zaman gördük ki, ürəyi solda yox, sağdadır. Bu həm də mənim bu cür patalogiya ilə ilk tanışlığım idi. O özü bu barədə məlumatlı idi. Sonradan bir neçə dəfə ürəyin anadangəlmə patalogiyası ilə rastlaşdım. Müxtəlif yaşlarda insanlar gördüm.
- Mütəxəssislərin bir qismi deyir ki, dekstrokardiya heç bir mənfi patologiya törətmir, digər bir qrup isə iddia edir ki, bu sağlamlı təhlükədə qoyur. Siz necə düşünürsüz?
- Ürəyin ümumiyyətlə, yerləşməsi iki cür olur: bir var yalnız ürək sağda olur, digər orqanlar isə normal olaraq öz yerlərində qalır. Bildiyimiz kimi, normalda qaraciyər sağda, ürək solda yerləşir. Amma bəzi patalogiyalar olur ki, həm ürək, həm də qaraciyər sağda yerləşir. Tibbdə buna yalançı dekstrokardiya deyilir. Bir də elə olur ki, ürək sağda olur, qaraciyər solda və buna müvafiq olaraq digər orqanlar da öz yerlərini dəyişmiş olurlar. Bu insanlara heç bir problem yaratmır. Bayaq dediyim kimi, bəzən insanlar 40-50 yaşa qədər ürəklərinin sağda olduğunu bilmədən rahat yaşayırlar. Burada heç bir fərq yoxdur. Normal ürəkdə yaşana biləcək xəstəliklər, sağda yerləşən ürəkdə də yaşana bilər. Bu günə qədər praktikamda sağda yerləşdiyinə görə problemlər yaradan ürəklə rastlaşmamışam.
- Ürəyin sağda yerləşməsi irsi xüsusiyyət daşıyırmı?
- Əslində bu xəstələyin iris faktordan asılılığı sübut olunmayıb. Ümumiyyətlə, Dünya Səhiyyə Təşkilatı bu xəstəliyin yaranmasına səbəb olan amilləri müəyyən edə bilmir. Sadəcə önləm xarakterli olaraq dünyanın bir sıra ölkələrində dekstrokardiyalı şəxslər səhiyyə orqanlarında qeydiyyata alınır və onlar həkim nəzarətində saxlanılırlar.

- Azərbaycanda bu cür anomaliyalı insanlar qeydiyyata alınırmı?
- Bilirsiz, bizim insanlar bu kimi hallarda o qədər qəribə reaksiya göstərirlər ki, qalırsan məəttəl. Heç bilmirsən, nə deyəsən. Bir dəfə bir xanım məktəbli qızı ilə müayinəyə gəlmişdi. Müayinə zamanı məlum oldu ki, qızın ürəyi sağdadır. Biz bunu valideynə deyəndə kəskin reaksiya verdi. Bizə inanmadığını dedi və başqa klinikaya getdi. Cəmiyyətdə də qeyri-adi reaksiya göstərməklə, onları fərqli insanlar kimi görməklə kompleksə salırlar. Amma onların digərlərindən heç bir fərqi yoxdur. Bu günə qədər ürəyi sağda yerləşən 22-yə yaxın xəstəm olub. Onlardan ən maraqlısı hərbiçi idi.
- Niyə ən maraqlısı?
- Demək, bu xəstənin adı Elyar İsmayılov idi. O, Qarabağ döyüşlərində iştirak etmişdi. Cəbhə xəttində gedən döyüşlərdə ermənilər onu dəfələrlə sol tərəfdən ürək nahiyyəsindən nişan alıb vurmuşdular. Lakin onun ürəyi sağda olduğu üçün xilas olmuşdu. Ötən ay müayinəyə gəldiyində bizə danışdı. Xeyli gülmüşdük.
- Hərbidən danışdız yerinə düşdü. Bəs bu cür anomaliyalı şəxsləri hərbi xədmətə aparırlarmı?

- Bəli, aparılır. Bayaq dediyim kimi, bu xəstəlik hesab olunmur.
- Ürəyi sağda olan qadınlar hamiləlik dövründə hansısa problem yaşayırmı?
- Orqanizmdən asılı olaraq hər hansı problemin yaşanması gözlənilirsə, bu sırf ürəyin sağda olması ilə əlaqələndirilmir. Əgər sağda yerləşməsinə baxmayaraq ürəkdə heç bir problem yoxdursa, xeyr, hamiləlik dövründə qeyri-adi narahatlıq baş vermir.
- Ürəyi sağda olan insanın qeyri-adiliyi övladına da keçə bilirmi?
- Bilirsiz, xəstəlik olmadığı üçün bunu heç cür demək mümkün deyil. İnsan var ki, 3 böyrəklə doğulur, insan da var ki, tək böyrəklə. Bu isə heç bir problem yaşatmır. Bir böyrəklə doğulan insanlarda orqanizm onların normal sidik ifrazını və böyrəyin bütün başqa funksiyalarını tənzimləyir.
- Ana bətnində uşağın ürəyinin patalogiyasını müayinə etmək olurmu?
- Bəli, fetal exokordioqrafiya deyilən metod var ki, bunun köməyi ilə ana bətnində uşağın ürəyinin yeri müəyyən edilir. Ana bətnində çox vaxt uşaqların ürəyini yoxlatmaq istəmirlər. Ancaq hər hansı problemli vəziyyət olarsa, buna diqqət edirlər.
- Bəs ürəyi solda olan körpədən imtina etmək istəyən olubmu?
- Təbii ki, bunu xəstəlik zənn edib, bu kimi yanaşmalara gedən olub. Lakin biz onlara izah etmişik və fikirlərindən daşındırmışıq.
- Həyati risk yoxdur dediniz, amma Sumqayıtda ürəyi sağda olan gənc oğlan erkən yaşda vəfat etmişdi.
- O orqanizmdən asılıdır, orqanizmdə gedən dəyişikliklər, digər orqanların patalogiyası, hər hansı xəstəliklər və.s . Bütün bunların hər biri ölüm riskinə aparır. Amma məsələn, böyük Xalq şairimiz Bəxtiyar Vahabzadənin də ürəyi sağda idi, amma o, 83 yaşına qədər yaşadı, xalqına xidmət etdi.

- Ürək çatışmazlığından əziyyət çəkən xəstələrin müalicəsini necə təmin edirsiz?

- Təəssüf ki, heç bir müalicə bu xəstəliyin qarşısını ala bilmir. Azərbaycanda isə əməliyyatla ürək transplantasiyası keçirilmir. Qanunla buna icazə verilmədiyi üçün, ürək çatışmazlığından əziyyət çəkən xəstələrimizi itiririk. Bizim ölkədə adicə marketlərdə növbə mədəniyyəti yoxdur. Banklarda növbədə dayana bilməyən insanlar orqan transplantasiyası üçün növbə gözləyəcək? Təbii ki, belə bir sistem təsdiqlənsə, hər kəs çalışacaq ki, öz xəstəsini növbədə qabağa salsın. Bizdə ölümdən sonra orqan bağışlanmasını vəsiyət etmək də qaydalara uyğun deyil. Dini baxımdan bunu da tənzimləyə bilməyiblər. Amma Avropada, xüsusilə İtaliyada bu geniş yayılıb. Orada insanlar daha çox motosikletdən istifadə etdikləri üçün gənc ölümlərin sayı çox olur. Bu baxımdan sağlığında öz orqanlarını bağışlayan insanlara xüsusi boyunbağılar verilir. Və qəza zamanı insan ölərsə, boyunbağı əsasında onun orqanları ehtiyacı olan şəxslərə verilir.
- Bəzən yaşından asılı olmadan insanlar əllərini ürəklərinin üzərinə aparıb “ürəyim sancır” deyirlər. Bu ürək ağrısı hesab oluna bilərmi?
- Ürək heç vaxt sanca bilməz. Bu ürəyə məxsus ağrı deyil. Ürək ağrıları sinə nahiyyəsində göynəmə, yanma, acışma faktorudur. Bəzən insanlar “levis” sindromu ilə deşilmə, batma ağrıları ilə ürəyim ağrıdı deyirlər, amma bu belə deyil. Bu sinir mənşəli simptomlara aiddir daha çox. Ürək əksər hallarda birinci kürək nahiyyəsinə ağrı verir. Amma ön tərəfdən də ürək ağrıları ola bilir. Bu ağrılar qollara, ayaqlara təsir edə, keyləşmə verə bilər. Son vaxtlar isti havalara görə ürək çatışmazlığından, infarkdan həyatını itirənlərin sayı artır.
- Ürək xəstəliyini tətikləyən qidalar varmı?
- Bəli, xüsusilə yağlı və duzlu qidalardan, yeməklərdən uzaq olmaq lazımdır. Gün ərzində mümkün qədər çox su qəbul edilməlidir. Tər vasitəsilə, sidik ifrazı ilə bədəndən xaric edilən kalium ürək döyüntülərinin stabilliyini pozur. Kalium az olarsa, ürək döyüntüləri sürətlənir, bu isə narahatlığa səbəb olur. Ona görə hər insan özünün həkimi olmalıdır. Həkim konsultasiyalarına gəlməkdən çəkinməsinlər. Yeganə Azərbaycandadır ki, insanlar heç vaxt xəstəxanaya, poliklinikalara sağlam vaxtında, öz ayaqları üzərində gəlib konsultasiyadan keçmirlər. Yalnız ağırlaşmış vəziyyətdə, xərəkdə gəlirlər. Sağlamlıqlarının qayğısına qalsınlar.
Könül
Foto: Səfiyar Məcnun
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 776
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 368
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 498
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 905
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar