Sağlığında qiymət verdilər – niyə narazısız?

01, 08, 21
11:00

Sağlığında qiymət verdilər – niyə narazısız?


Günün iki xəbəri var, ən çox müzakirə olunan. Biri xaçmazlı deputat Eldəniz Səlimovun məsələsinin avqustun 3-də Milli Məclisdə müzakirəyə çıxarılacağı, ikincisi xalq artisti Flora Kərimovaya "Şöhrət" ordeninin verilməsidir.

İkisində də fikirlər haçalanır. Halbuki haçalanacaq tərəfi yoxdur. Birincidən başlayaq. İki gündür ki, bar-bar bağırırıq: deputat öz səlahiyyətlərini aşırsa, başından və səlahiyyətindən böyük hərəkətlər etməyə qalxırsa, cəzası verilməlidi. Qanunla təbii ki. Hüquqi məsuliyyətini çəkəcək, mandatı da əlindən alınacaq. Necə peşkəş verilmişdisə mandatı, eləcə də əlindən alınacaq. Milli Məclisin fövqəladə toplantı keçirib, deputatların yay tətilindən yarımçıq çağırılması da (can-can, yorğun insanların istirahətini bölmək günahdan sayılırmı?-müəl.) məsələnin ciddiliyindən xəbər verir.

İsti-isti həll edilir problem. Dərs olsun digərlərinə. Vergi müfəttişini obyektindən qovan, mandatını girov qoyan, məhkəmə nəzarətçilərini qapısının ağzında təhqir edib, oteldə vəkilə hücum edənə... Sonuncu sadaladıqlarımı ayrı-ayrı deputatlar edib qısa müddət öncəyə qədər. İndi hər şeydən narazı ağzıgöyçəklər deyirlər ki, bəs E.Səlimovun cəzalandırılmasında nəsə başqa bir hoqqa var. Yüz faiz onun başqa “qrex”i olub. Lap tutaq ki, olub. Bu, bizə maraqlıdırmı? Onun hakimiyyət, iqtidar qarşısında günahı-savabı bizi maraqlandırırmı? Xeyr. Qırılan qoşundandır! Saxta yolla deputat seçilmiş bir deputat Milli Məclisdən uzaqlaşdırılacaqmı, inşallah? Biz məsələnin o tərəfinə baxırıq. Dağıstan Dövlət Universitetini bitirən, camaatın ancaq polis döyəndən sonra tanıdığı bu deputat cəzasını alacaqmı? Bizi sevindirən budur. Pərdəarxası ilə işimiz yoxdur.

O başqa söhbətin mövzusudur ki, deputatın gecə 1-ə qalmış telefonla çağırtdırdığı polis niyə qaçaraq onun ayağına gedir? Bilirsiz yəqin, deputat gecə saatında polisin atasına zəng vurub, “oğlun hardadır” deyə soruşub. Atası “yatıb” deyəndə isə ondan “oğlunu oyat, göndər yanıma” deyib. Getməli idimi? Gedibsə, qarşısındakı adamın sərxoşluğunu görən kimi insident olacağını anlayıbsa, niyə dərhal post patrul xidmətini çağırmayıb? Hətta bir gün sonra niyə gəlib deputatdan izahat almayıblar? Bütün bunlar mənimçün hələlik sual olaraq qalır və cavabını gözləyirəm. Amma məni bu məsələdə polisin əlindən yanıqlı bəzi insanlarımızın insidentə haqq qazandırması düşündürdü.

Zamanında polis tərəfindən haqsızlığa uğrayan hər kəs bu olaya sevinir, bəzən “əcəb oldu” deyə yazır. Əslində olmaz. Çünki bu hadisəyə təkcə polisin döyülməsi kimi baxmaq olmaz. Bu gün sərxoş olub, ayağına polis çağıran, onu döyən qudurğan sabah mağazadakı kassiri də, su pulu yığan "AzərSu" əməkdaşını da, ondan problemlərinin həllini tələb edən seçicini də döyəcək. Onunçün norma yoxdur artıq. Bu, artıq bir insanın şişməsi, özünü bütün bölgənin sahibi hesab etməsi, gözünün ayağının altını görməməsi deməkdir. Potensial şiddət mağduru siz də ola bilərsiz mənasına gəlir onun hərəkəti. Digərlərinə görk olsun, başqaları da özünü yığışdırsın deməkdir.

Keçək Flora xanıma verilən ada. Ötən həftə “müxalifətçiliyə yer qalmayıb” sözləri ilə bu orden arasında əlaqə quran səbatsızlara. Əzizlərim, biz Mirmahmud Mirəlioğlu demişkən, bənövşə səsli Flora xanımın sənətinə gerçək qiymətin verilmədiyini illər uzunu demirdikmi? Mitinqlərdə, piketlərdə ön sırada gedəndə, ən kəskin sözləri deyəndə yanında deyildikmi? Flora xanım az qala ağlaya-ağlaya müsahibələr verirdi bizə: efirə buraxılmayanda, o gözəl səsi televiziyalardan, radiolardan yayılmayanda.

Haqq edirdimi o münasibəti? 80 yaşlı mübarək qadın məhz bu yaşı münasibətilə orden alıb, bunu ona çoxmu görürsüz? Sizin qənaətinizcə, sənətçi ancaq acılar çəkməli, zillətə dözməli, məhrumiyyətlərin əlində yesir qalmalıdı? Və siz də uzaqdan əl çalıb, “halal olsun daaa qadına” deməlisiz? Üstəgəl, Flora xanım o sözləri Qarabağ müharibəsi kontekstində deyirsə, buna necə etiraz etmək olar? Qarabağ alınıb, proses davam edir, quruculuq işləri gedir... Nəyin müxalifətçiliyini edək ki? Kimlərinsə məntiqincə, müğənni xanımın bu cümləsini eşidib ona ad veriblər? Doğrudanmı bu qədər gülünc olmaq olar? Birincisi, ondan müsahibə götürüb, sual veriblər, o da cavab verib. İkincisi və ən önəmlisi, bu sayaq cümlələrə görə ad verilsəydi, ölkənin 90 faizinə “Şöhrət” ordeni paylayardılar.

Sağlığında qiymət verin insanlara... Bu dəfə sağlığında qiymət verdilər. Yenə niyə narazısız?

Sevinc TELMANQIZI

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın