Moskvadan İrəvana görünməmiş hədə – “Göz qırpmamız yetər ki, Qarabağ əldən getsin...”

04, 08, 18
12:47

Moskvadan İrəvana görünməmiş hədə – “Göz qırpmamız yetər ki, Qarabağ əldən getsin...”

Şimaldan Paşinyan hökumətinə qarşı təhdidlər artır; politoloq Aleksandr Duqin ermənilərə: “Ayının quyruğunu yandırmayın, yoxsa Qarabağla birgə dövlətçiliyinizi də itirərsiniz...”

Ermənistan-Rusiya müttəfiqlik münasibətləri Nikol Paşinyanın inqilab dalğasında baş nazir olmasından sonra heç vaxt olmadığı qədər ağır sınaqdan keçməkdədir. Əslində bu sınaq ən çox rəsmi İrəvana aiddir. Çünki ikitərəfli əlaqələrdə köhnə tarazlığı Qərbin xeyrinə pozmağa çalışan məhz N.Paşinyan və onun “Amerikanın uşaqları”ndan təşkil olunmuş hökumətidir.
Rusiya bəlkə də çox şeyə göz yuma bilərdi. Ancaq belə görünür ki, artıq “ayağının tapdanmasının” fərqindədir. O üzdən səbri daşmaq üzrə olan Moskva hələlik prezident Vladimir Putin səviyyəsində olmasa da, öz qəzəbini xarici işlər naziri Sergey Lavrov səviyyəsində, qismən yumşaq ifadə edib. Rusiyanın ekspert camiyəsi və KİV-lər səviyyəsində isə qat-qat sərt mövqelər sərgilənməkdədir. Bir də hələlik Rusiya Ermənistanla razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükünü dayandırıb.
*****
Moskvanı xüsusilə qəzəbləndirən ona bağlı iki şəxsin - eks-prezident Robert Köçəryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturovun həbsidir (sonuncu girov qarşılığında müvəqqəti buraxılıb). Kremli narahat edən həm də Paşinyan iqtidarının Qarabağ məsələsi ətrafında Qərbin əli ilə yeni şərtlər sistemi yaratmağa can atmasıdır.     
“Serj Sərkisyanın prezidentliyi dövründə Rusiyanın iştirakı ilə Azərbaycan-Ermənistan əlaqələrinin yaxşılaşması istiqamətində ciddi razılıq əldə olunmuşdu. Qarabağ münaqişəsinin həlli ilə bağlı anlaşma var idi. Belə ki, Dağlıq Qarabağ ətrafındakı 5 rayonun Azərbaycana geri qaytarılması nəzərdə tutulurdu ki, bu da iki ölkə arasında eskalasiyanı aradan qaldırmağa imkan verəcəkdi”.
“Yeni Müsavat” minval.az-a istinadən verdiyi xəbərə görə, bu sözləri Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlə yaxın politoloq Aleksandr Duqin “Federal Xəbərlər Agentliyi”nə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, ona görə baş vermədi ki, Serj Sərkisyan baş nazir postuna keçmək istəyərkən ölkədə qarışıqlıq başladı və hakimiyyətə gələn Nikol Paşinyan tamam fərqli kurs yürütməyə başladı: “Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın əvvəlki rəhbərliyinin Azərbaycan və Rusiya ilə əldə elədiyi anlaşmanı yerinə yetirməyə hazırlaşmır. Bununla da böyük çətinliklər yaradır. Üstəlik, Paşinyan qərbyönlü, avroatlantik yönlü ovqat sərgiləməyə başlayıb və Ermənistanın Rusiya ilə KTMT və Avrasiya Birliyi çərçivəsində qarşılıqlı əlaqələrini sual altına oyub. Yəni bizim davamlı müttəfiqlik əlaqələri əleyhinə destruktiv siyasət yürütməyə başlayıb”.
Duqin daha sonra deyib: “Rusiya Ermənistanla əlaqələri inkişaf etdirirdi. Rusiya bu zaman regional ittifaqların və Azərbaycanın maraqlarını nəzərə alırdı. Paşinyan isə bu modeli dağıdır, hamını təhdid edir. Mən anlayıram ki, ermənilər Ermənistanın əvvəlki rəhbərliyinə çox mənfi münasibət bəsləyiblər. Amma bu, o demək deyil ki, geosiyasi konstruksiyanı dağıtmaq lazımdır. Bu, çox təhlükəlidir”.
lavrov ile ilgili görsel sonucu
Ekspert Rusiyanın xarici işlər naziri Sergey Lavrovun İrəvana geosiyasi razılıqları pozmamaqla bağlı xəbərdarlıq etdiyini də xatırladıb (Lavrov az öncə KTMT baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açılmasına görə Ermənistan hakimiyyətini tənqid edib). “Lavrov olduqca mülayim adamdır. Gör indi Vladimir Putinin reaksiyası necə olardı? Təsəvvür edin, Lavrovun çıxışı - bizim prezidentin yüz dəfə yumşaldılmış formasıdır. Paşinyanın hərəkətlərinin Moskvada hansı narazılığı doğurduğunu təsəvvür eləmək olar” - deyə politoloq əlavə edib.
paÅinyan ile ilgili görsel sonucu
Onun sözlərinə görə, erməni baş nazirin addımları Qarabağ cəbhəsindəki situasiyaya da birbaşa təsir edə bilər: “Bu yaxınlarda Qarabağda oldum (Cocuq Mərcanlı - red). Mən gözəl anlayıram ki, Qarabağda sülh çox kövrəkdir və onu qorumaq çətindir. Xaçaturovun həbsi - qaydalar və anlaşmalar sistemindən çıxmaq, hərbi alyansın dağılması deməkdir. Düşüncəmə görə, bu, misli görünməmiş hərəkətlərdir”.
KTMT ile ilgili görsel sonucu
Duqin hesab edir ki, Ermənistan hakimiyyəti Xaçaturovu tam azad eləməli və öz hərəkətlərinə görə üzr istəməlidir. O, əks prosesin Ermənistana fəlakət vəd elədiyi haqda xəbərdarlıq edib: “Belə getsə, onda Rusiya erməni dövlətinin qarantı kimi, sadəcə, deyəcək ki, daha ona cavabdeh deyil. Moskvaya bunu demək yetər ki, situasiya gözlənilməz şəkil alsın. Əgər biz yalnız bir anlığa, bir saniyəlik unutsaq ki, bizim KTMT və Avrasiya Birliyi üzrə müttəfiqlərimizi qorumaq lazımdır, o zaman düşünürəm ki, Ermənistanın ərazi bütövlüyünün, xüsusən də Qarabağ məsələsinin sonu gələcək - bir neçə dəqiqə sonra hər şey gözlənilməz fazaya girəcək. Rusiyanın göz qırpması kifayətdir”.
Rusiyalı analitik vəziyyətdən yalnız bir çıxış yolu görür: “Ya Paşinyan özünə gəlib dövlətinin və xalqının strateji maraqlarını nəzərə almalıdır, avantüraya, xəyanətə getməməlidir. Ya da ermənilər anlamalıdırlar ki, növbəti dəfə səhv ediblər. Buna görə də yenidən inqilab  edib başqasını hakimiyyətə gətirməlidirlər... Ruslar nəhəng gücdür, ayı kimi. Ermənistan onu qəzəbləndirməməlidir. Yaxşı, ayı qab-qacaq dükanına girib. Daha onun quyruğunu yandırmaq niyə? Yandırarsan, ondan sonra nə qab-qacaq qalar, nə dükan, nə də dükançı”.
*****
Xatırladaq ki, İrəvan məhkəməsi iyulun 26-da Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək Ermənistanın sabiq prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib. Məhkəmənin daha bir qərarı ilə KTMT baş katibi, general-polkovnik Yuri Xaçaturov barəsində də eyni maddə üzrə ittihamla həbs cəza tədbiri seçilib. Lakin Yuri Xaçaturov 10 min dollar girov qarşılığında azadlığa buraxılıb. Köçəryan və Xaçaturov 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Bu maddə üzrə onları 10 ildən 15 ilədək həbs cəzası gözləyir.
Politoloq Duqinin müsahibəsindən isə aydın olur ki, bu iki fakt Moskvanı xüsusilə qəzəbləndirib. Əslində onun Paşinyan hökumətinin ünvanına səsləndirdiyi fikirlər və şantaj qarışıq xəbərdarlıqları bütünlüklə rəsmi Kremlin hazırkı ovqatını ifadə edir. Sadəcə, ekspertlər daha müstəqil olduqları üçün fikirlərini qat-qat sərt və açıq ritorika ilə bəyan edə bilirlər... 
“Yeni Müsavat”ın analitik xidməti

Bizimlə əlaqə saxlayın