İlham Əliyev böyük siyasətə can atmırdı. Siyasətə könülsüz gəldi. Prezident olmaq istəmirdi...

03, 08, 18
12:37

İlham Əliyev böyük siyasətə can atmırdı. Siyasətə könülsüz gəldi. Prezident olmaq istəmirdi...

Xalq yazıçısı, millət vəkili Elmira Axundova PeykTv.az-ın “İs(i)min halları” layihəsində
 
ADLIQ
 
Mən sevilən yazıçıyam, yazılarım oxunur; Xalq yazıçısı ona deyərəm ki, ancaq bədii əsər yaratmasın.
Mən 30-a yaxın kitabın müəllifiyəm.
Xalq yazıçısı adı mənimçün sürpriz oldu, amma hesab edirəm ki, Azərbaycan ədəbiyyatının qarşısında da mənim çox böyük xidmətlərim olub. Akademik İsa Həbibbəyli demişkən, mən Azərbaycan ədəbiyyatında tam yeni bir janr yaratmışam.
Mən sosial şəbəkələri izləmirəm və mənə qarşı ədalətsiz kampaniya apardıqlarına görə onlara hörmət də eləmirəm.
Bir çox insanlar bu adı almağa can atırlar, tale belə gətirdi ki, mən bu ada layiq görüldüm, təvazökarlıqdan uzaq da olsa, hesab edirəm ki, keçdiyim ədəbiyyat və elmi yolum buna əsas verdi. 40 ilə yaxındır ki, ədəbiyyat yolunu gedirəm və bir gün belə olsun qələmimi yerə qoymamışam. 
Mən ilk azərbaycanlı jurnalistəm ki, Moskva mətbuatında Zori Balayanı terrorçu adlandırmışam. İlk jurnalistəm ki, faktlarla Rusiya mediasına bu barədə müraciət etdim.
Mən birinci adamam ki, Azərbaycan ədəbiyyatında sənədli roman yazdım. Birincilər sırasında oldum və Heydər Əliyevlə bağlı müsahibələr verdim.
Bir dəfə Çinə səfər 8 mart Beynəlxalq Qadınlar Gününə təsadüf eləmişdi, Heydər Əliyev səhər gələndə bizimlə salamlaşdı, jurnalist qrupunda yenə də mən, Elmira Əmrahqızı, İradə Vəkilova, deputat Asya Manafova təmsil olunurdu. Bizə yaxınlaşıb təbrik elədi, zarafatla dedi ki, bizi restorana çağıracaqsınızmı, bu gün bayramınızdır. Mən də dilli-dilavər idim axı... Dedim ki, biz niyə, bayram bizimdir, siz kişilər bizi dəvət eləməlisiniz. Dedi, eləmi? Çəkinmədən dedim, bəli. Bu dialoqu yadında saxlayıbmış, görüşlər saat 5-də qurtardı, protokol şöbəsinin rəhbəri Elçin Bağırov yanımıza gəlib mənə zarafatla irad bildirdi ki, niyə dedin, sizdən ötrü Pekində hədiyyə axtarışındayam, cənab prezident sizin şərəfinizə ziyafət təşkil edib.
Mən ilk dəfə “KQB”nin Əjdər Xanbabayevin ölümündə əli olduğunu yazdım və Heydər Əliyev özü bunu tarixi məqalə adlandırdı.
Mən uzun illər ermənilərlə xarici mətbuatda vuruşmuşam, bir dəfə də olsun onlara uduzmamışam...
 
YİYƏLİK
 
Anam tikinti sahəsində mütəxəssis idi. 30-cu illərin əvvəlində Bakı vağzalının tikintisində layihəçi kimi Ukraynadan gəlib. Bakı vağzalının müəlliflərindən biri mənim anamdır.
Mənim atam hərbiçi və çox inanclı biri idi. Nə olmasa da Masallının Mollaoba kəndində anadan olmuşdu. Kənd adından da göründüyü kimi mollaların obasıdır, orada hamı Qurani-Kərimi oxuya bilir. 
Jurnalistikaya 1980-ci illərin axırlarında 35 yaşımda gəlmişdim, yaradıcılıq, tərcüməçilik illəri, elm geridə qalmışdı, hər şeyi jurnalistikaya həsr eləmişdim, qəfildən jurnalistikadan məmurluğa keçmək mənimüçün ağır görünürdü.
Çoxları Rusiya mətbuatına 3 cümlə ilə çıxırdılar. Mənimsə palaz-palaz materiallarım dərc olunurdu.
Mənim məqaləmdən sonra İnterpolda axtarış getdi və Zori Balayanı xaricdə bir neçə sutka saxladılar.
Mənim kitablarım oxunur, sevilir. Yazılarımı internetə qoyanda ən azı 15-20 min izləyicisi olur. Ona görə də elə bilirəm ki, mən sevilən bir yazıçıyam.
Mənim 15-ə yaxın kitabımdan 10-u bədii əsərdir. Xalq yazıçısı ona deyərəm ki, ancaq bədii əsər yaratmasın...
 
YÖNLÜK
 
Anar müəllim mənə dedi ki, “Literaturnaya qazeta”da yer boşdur, istəyirəm səni Azərbaycan üzrə müxbir kimi tövsiyə edim. O vaxt çox məsuliyyətli bir iş idi. Təsəvvür edin ki, Ermənistan üzrə müxbir Zori Balayan idi. Mənsə heç kəsə tanış olmayan bir xanım...
Balayan böyük bir məqalə ilə mənə cavab verdi.O, etiraz əlaməti olaraq bir neçə ilə qəzeti tərk elədi ki, siz Azərbaycana aid materialları daha çox verirsiniz. 
Heydər Əliyev mənə böyük hörmət edirdi, hakimiyyətə gəlməzdən qabaq Bakıda onunla ünsiyyətdə olmuşdum.
Biz Allahşükür Paşazadə ilə bacı-qardaş kimiyik, mənə çox hörmət edir, onunla Allahdan, allahsızlıqdan, Allah varmı, yoxsa yox, varsa haradadır kimi mövzulardan danışardıq. Mən və qardaşım ateist, o isə mömin idi.
Mən çoxlu roman yazmışam, birinci deyil. Roman-tədqiqat təzə janr olduğuna görə mənə elə gəlir ki, mən bua da layiqəm.
Mənə çox xoşdur ki, Prezident mənə dəyər verib.
Mənə deyirlər ki, prezident deyib ona halaldır, belə epopeyalar yaradıb.
Bir çox hallarda nakam insanlar, özünü, iddialarını reallaşdıra bilməyənlər, cəmiyyətdə yer tutmağı bacarmayan insanlar sosial şəbəkələrdə öz nifrətini cəmiyyətə, deputatlara, dövlət məmurlarına yönəldirlər, ümumiyyətlə, tanınmış insanlara qarşı çox çirkin kampaniya aparırlar. Təkcə mənə qarşı yox ki...
Xalq yazıçısı adını özüm-özümə verməmişəm ki... Mənə bu adı cənab prezident verib – dövlət başçısı, dövlətin rəmzi olan bir insan. Belə pis sözlər yazmaq ona qarşı da hörmətsizlikdir.
Mənə elə gəlir ki, İlham Əliyev böyük siyasətə can atmırdı. İstəmirdi ki, prezident olsun. Bəlkə də bir qədər könülsüz siyasətə gəldi. Yalnız atasına və dövlətinə hörmət etdiyi üçün bunu etdi, həm də anlayırdı ki, Heydər Əliyevin layihələrini başa çatdırmaq lazımdır... 
 
TƏSİRLİK
 
Yaradıcılığım 1970-ci ilin axırları başlayıb, ən əvvəl telejurnalistikaya gəlmişəm. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirəndən sonra AzTV-də “Xəbərlər” proqramında çalışmağa başlamışam. Amma o vaxtkı jurnalistika məni qane etmirdi, böyük qadağalar, senzura vardı, iş mənə çox maraqsız görünürdü. 
Rus və erməni jurnalistləri məni Bakının “rəsmi ruporu” adlandırırdılar.
1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndə mənə vəzifə təklif elədi. Dedi, harada istəyirsə, işləsin. Mən o vaxt “Literaturnaya qazeta”, “İzvestiya”, “Delavoy Mir” qəzetlərində müxbirliklə bərabər “Azadlıq” radiosunun rus bölməsinin də müxbiri idim. Bu cür tanınmış qəzetlərdə fəaliyyətimi dayandırmaq istəmirdim, dedim ki, vəzifəm Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır, lakin məni xaricdəki səfərlərinizdə özünüzlə götürsəniz, məmnuniyyətlə, həmin səfərləri də işıqlandıraram. Gülümsəyərək dedi ki, baş üstə.
O, məni 1994-cü ildən 2002-ci ilədək bir çox səfərlərində özü ilə aparıb, bu səfərlərin nəticəsi olaraq başqa bir yaradıcılıq səhifəsi açmışam. Nəticədə publisistik və analitik siyasi məqalələr yazmağa başladım.
90-cı illər çox ağır idi, həyat yoldaşım televiziyada işləyəndə çox az maaş alırdı, o pulla iki uşağımızı dolandıra bilməzdik. Mən isə “Azadlıq” radiosunda dollarla məvacib alırdım. Ailəmi saxlamaq da düşündürücü faktor idi. Bütün bunlara rəğmən Heydər Əliyev məni başa düşdü və dostluğumuz davam elədi. 
“OMON” hadisələri, dövlət çevrilişi barədə məqalələr yazaraq Mahir və Rövşən Cavadovların təhlükəli hərəkətlərini ifşa eləmişəm. Bu məqaləmə görə Heydər Əliyev məni təbrik eləmişdi ki, əsl sənətkarsan, bax, belə çətin mövzuları ümumittifaq səviyyəsinə Rusiya mətbuatına çıxara bilirsən.
Sosial şəbəkələrdə mənə qarşı edilən hücumlar, ədalətsizliklər məni elə də narahat etmir. Mən onları oxumuram.
Cənab prezident məni dəyərləndirir. O mənim bütün kitablarımı oxuyur. Məsələn, son bir ildə on dildə mənim kitablarım çıxıb. Mən həmişə o kitabları prezidentə göndərirəm.
Mən axır vaxtlar çox yorulmuşam. Evdəki problemlər, nəvəm dünyaya gəldi, həyat yoldaşım xəstələndi, sonra rəhmətə getdi. Son hadisələr məni sarsıtdı.
Məni gənc saxlayan yəqin mənim yaradıcılığımdır... 
 
YERLİK
 
Yazmaq qabiliyyəti ən çox məndə və mərhum qardaşım Əli Qafarovda olub. Qardaşım çox tanınmış ssenarist, yazıçı idi. Onu indi də yada salırlar, çox erkən, 44 yaşında dünyasını dəyişdi
Məndə belə bir düşüncə var ki, sənədli roman yazmaq bədii əsər yazmaqdan qat-qat çətindir. Çünki bədii əsər yazmaq üçün oturursan, səmaya baxırsan, ilhamın gəlir, yazırsan. Ancaq sənədli roman yazmaq üçün sən gərək 10 il zəhmət çəkəsən, arxivlərə ayaq basasan, insanlarla danışasan.
Məndə üzərində işlədiyim yeni bir bəddi-sənədli roman var. Bu roman Zərifə və Heydər Əliyevlər: bir sevginin tarixçəsi olacaq. Zərifə xanımı böyük alim, həkim kimi, Heydər Əliyevi böyük ictimai xadim kimi hamı tanıyır. Amma onların insani keyfiyyətlərini, insani hisslərini qələmə alacağam. Bu insanlar sevməyi necə bacarıblar, nə dərəcədə bir-birini seviblər, bu sevgi özünü nədə biruzə verib…  Və bu sevgi Zərifə xanımın, həm də Heydər Əliyevin ölümündən sonra necə davam  edir? Ölümə qalib gələn bu sevgi haqqında yazmaq istəyirəm.
Məndə həmişə belə bir fikir olub ki, əgər sənin arxanda xoşbəxt ailən dayanırsa, bu, uğurun yarısı deməkdir...
 
ÇIXIŞLIQ
 
Gördüm ki, məndən böyük balerina olmayacaq. Buna gücüm çatmırdı, gözlərim zəifləməyə başlamışdı...
Rus və erməni jurnalistləri həm məndən ehtiyat edirdilər, həm də mənə hörmətlə yanaşırdılar.
Əbülfəz Elçibəy Kələkidə olanda ondan müsahibə götürmüşəm. 1998-ci ildə o, Bakıya qayıdanda “Xəqani 33”də mətbuat konfransında iştirak edirdim, məni görüb dedi ki, xanım, siz Heydər Əliyevdən çox yazırsız, məndən heç yazmırsız. Dedim, axı sizdən böyük müsahibə götürmüşəm.
Heydər Əliyev məndən soruşdu ki, Elçibəydən müsahibə götürmüsüz? Dedim, hə, burada nə problem var ki? vaxtilə müxalifətdə olanda sizdən müsahibə götürürdüm, indi Elçibəy müxalifətdədir, ondan götürürəm. Güldü. Soruşdu, nə yazmışdınız, bir neçə abzas dedim, söylədi ki, yaxşı ki, çap eləmisiz.
“Naşirin qətli” ilk siyasi detektiv, ən yeni tariximizdir. Siyasijanrdır, amma sənədli formada idi. Məndənsonra Çingiz Abdullayev  “Qanın üç rəngi”ni bu janrda yazdı...
 
XOŞBƏXTLİK
 
Hər yuxudan duranda deyirəm ki, ay Allah, sənə min şükür gözlərimizi açdıq. Mən Heydər Əliyevlə ümrə ziyarətində olmuşam. Oradan gətirdiyim üzüyü 25 ildir barmağımdan çıxarmıram. Kəbənin içərisinə girən seçmə insanlardanam, 10 min insandan biri ora girə bilir, orada hönkürüb ağlamışam, deməli, Allah məni eşidib və Həccimi qəbul edib...
Çox xoşbəxtəm, dünyada məndən xoşbəxti yoxdur, çünki ailə, yaradıcılıq və ictimai həyatımda özümü doğrultmuşam, xalq məni sevir, mənə hörmət edir, cənab Prezident mənə ən yüksək qiyməti verib, keçmiş prezidentimiz Heydər Əliyev məni 49 yaşımda “Şöhrət” ordeni ilə təltif eləmişdi, indiki prezidentimiz həm dövlət mükafatı, həm də Xalq yazıçısı adı verib. Bundan böyük xoşbəxtlik ola bilməz...

  Əsəd Qaraqaplan 

Azerbaycanrealligi.com
                                                                             

Bizimlə əlaqə saxlayın