“Sən axı məşuqə deyilsən, niyə belə hərəkətlər edirsən?!” - Aytən Ələkbərovadan qınaq

22, 05, 23
15:00

“Sən axı məşuqə deyilsən, niyə belə hərəkətlər edirsən?!” - Aytən Ələkbərovadan qınaq


“Nişanlı qızların istəkləri mövzusu bu gün aktual problemdir. Bəlkə də danışdıqlarımı oxuyub bəziləri niyə nişanının qayıtdığını anlayacaq, bəziləri bunun üçün sevinəcək, düşünəcək ki, bu gün mənə “iPhone”u almayan oğlan, sabah məni necə saxlayacaq? Elə bu “iPhone”ları düşünə-düşünə də ailələr dağılır, iki sevgilinin arasında böyük maneələr yaranır. Məhz “İPhone”ları düşünə-düşünə “sabah arvad saxlaya bilməyəcək”  düşüncəsi də ortaya çıxır. Yəqin ki, mənimlə razılaşarsınız ki, belə düşünənlər kifayət qədər çoxdur...” 

"Azərbaycan Reallığı" xəbər verir ki, Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Aytən Ələkbərova deyib. Psixoloq qeyd edib ki, müxtəlif tələblər və maddiyat üzərində qurulan münasibətlər pozulmağa məhkumdur: 

“Belə şeylər münasibətlərdə boşluqlara, gələcək ailələrin dağılmasına gətirib çıxarır. Amma bu gün bizim maarifləndirmə işlərimiz düzgün formada gedərsə,  psixoloji yanaşmanı düzgün formada apararsaq bunun qarşısını ala bilərik. 

Bəzən elə ailələr görürəm ki, təəccübümü gizlədə bilmirəm. Məsələn, gəlib deyir ki, Aytən xanım, biz ailə quranda 1 otaqda kirayə qalırdıq, indi villamız da, bağ evimiz də var. Çünki iki sevən insanın bir arada qalması, iki ruhun birləşməsi, bir-birinə olan dəyər, hörmət maddiyyat üzərində qurulmayıb, deməli, sevgi budur. Bu, ailəni qorumaq, özləri kimi xanım-xatın övlad böyütməkdir. 

Digər tərəfdən isə vaxtından əvvəl edilən tələblər ailədən asılıdır. Bu gün bu tələbləri edənlər acgöz böyüdülən övladlardır. Hansı ki, onlar yaxınlarının təsiri altına düşürlər”. 

A.Ələkbərova hazırda nişanlılıq dönəminin mənasının dəyişdiyini bildirib və bu dönəmi keçmişlə müqayisə edib: 

“Bilirsiniz, sevgili başqa bir şeydir, ailə quracağım insan başqa şey. İnsanlar bunu anlamalıdır. Əvvəla, məşuqə ilə, ailə quracağın şəxsi ayırmağı bacarmalıyıq. Bu gün 2-3 günlük münasibət quran insanlar bir-birindən müxtəlif tələblər etməyə başlayır. Hələ normal ailə həyatı qurulmayıb, amma ortaya “məşuqə tələbləri” çıxır. Bu da insanın acgözlüyünü göstərir, bu, özünü, bədənini satmaq deməkdir. Əvvəllər qız evinə xonçalar gələrdi, qızlar o xonçadan adicə dodaq boyasını da götürüb yoxlamağa çəkinərdilər.

Mən demirəm, hər kəsi özümlə müqayisə edim, amma bizim dövrün nişanlı qızlarına baxsaq, içi mən qarışıq, heç bir xonçamızdan nəyisə götürmürdük, həvəslə gözləyirdik ki, onları gedib ər evində istifadə edəcəyik. İndi bu adət-ənənə ölüb. Vaxtından əvvəl bir-birlərinin evində olmaq, hisslərini bölüşmək və s. bu da gətirib ailələrin tez dağılmasına çıxarır.

Nişanlılıq dövrü bir-birini tanıma dövrüdür, deyilmir ki, bu dövrdə hər şeyini bölüş, toya heç nə saxlama. Bunun qarşılığında da təbii ki, belə tələblər ortaya çıxır. İstər qız, istərsə, oğlan anaları normal tərbiyə üslubunu seçməlidirlər. Biz Avropada yaşamırıq, mental dəyərlərimiz var. Bu gün qarşı tərəfdən müxtəlif tələblər etməklə, özümüzü satılmağa öyrəşdiririk. Bu gedişlə uçuruma doğru gedirik.

Nişanlılıq dövrü bir-birini tanımaq üçündür. Ona görə heç kəs nişanı qayıtmış qızı almaq istəmir, çünki fikirləşir ki, nişanlı olubsa, artıq aralarında hər şey olub. Öncə bu fikri insanların beynindən uzaqlaşdırmaq lazımdır. Bunun üçün də övladlarımıza dəyər verib, söhbət edib, düzgün tərbiyə verməliyik”. 

Əsmətxanım Rzazadə 

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841 
 
 

Bizimlə əlaqə saxlayın