“Baku Electronics”də müştərilər NECƏ ALDADILIR - ŞİKAYƏT

17, 05, 23
13:00

“Baku Electronics”də müştərilər NECƏ ALDADILIR - ŞİKAYƏT


Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi-13/6B ünvanında yaşayan Məmmədov Xəyal Allahverdi oğlu Azad İstehlakçılar Birliyinin sədri Əyyub Hüseynova göndərdiyi şikayətində yazır:

- Mən Məmmədov Xəyal Allahverdi oğlu, 18.03.2023-cü tarixində “Baku Electronics”in Bakı şəhərinin Nərimanov filialının Təbriz küç.-98 ünvanında yerləşən mağazasından bir neçə məişət avadanlığı, o cümlədən qiyməti 1600 manat olan iri ekranlı (55 ekranlı) televizor aldım. 31.03.2023-cü il tarixində həmin avadanlıqlar “Baku Electronics”in əməkdaşı tərəfindən ünvanıma çatdırılmışdır.

Avadanlıqlar gətirilikdə avdanlığı təhvil verən nümayəndəyə öncədən televizorun quraşdırıması üçün nəzərdə tutduğum otağa keçirib orada açmasını və yoxlamasını xahiş etsəm də, həmin şəxs televizoru eləcə evin girişində (mətbəxdə) yoxlayacağını bildirdi və televizoru qutusunun baş hissəsindən açaraq (sonradan bildim ki, zavod təlimatı üzrə uyğun olmayan yerindən və qeyri-peşəkarcasına açaraq çıxarmışdır) iri həcimli televizoru təkbaşına qutudan çıxartdı və özü də birbaşa cərəyana qoşdu.

Nəzərinizə çatdırmaq istərdim ki, istehsalçı zavodun təlimatı üzrə televizorun qutusu üzərində qeyd edilmış yan hissədən açılmalıdır. Sonradan şikayət ücün mağazaya getdiyim zaman mağazanın menecerlərinin də etiraf etdiyi kimi, 50 ekrandan böyük televizoru qutudan təkbaşina çıxarmaq qətiyyən olmazmış. Mənim aldığım televizor isə 55 ekrandır və onu hökmən iki nəfərin çıxarması vacib imiş. Daha sonra “Baku Electronics”in əməkdaşı televizorun işlədiyinin təsdiqini məndən soruşdu və yenə tələsik qaytarıb qutuya qoydu. Bundan sonra həmin əməkdaş təqdim etdiyi müvafiq sənədi mənə imzaladıb çıxıb getdi.

Nəzərinizə çatdırmaq istərdim ki, istər “Baku Electronics”in mağazasında və istərsə də məhsulu təhvil verən şəxs televizorun düzgün istismara verilməsi barəsində və eləcə də onun ekranının olduqca incə və qırılmaya həssas olması barədə heç bir məlumat vermədilər. Hətta onlar mənə “Baku Electronics”ə məxsus servisin əməkdaşının gəlib televizoru quraşdira biləcəyi barədə də təklif irəli sürmədilər.

Göründüyü kimi, “Baku Electronics”in nümayəndəsi özü bütün təlimatları səriştəsizcəsinə pozdu. Və həmin nümayəndə çıxıb getdikdən dərhal sonra biz özümüz televizoru quraşdırmaq üçün nəzərdə tutduğumuz otağa apararaq “Baku Electronics”in nümayəndəsinin qutudan çıxardığı şəkildə və olduqca ehmalca cıxardıq, zədə almaması üçün məhsulu yumşaq penaplas məhsulun üzərinə qoyaraq ayaqlarını taxdıq və televizoru cərəyana qoşduq.

Bu vaxt ekranda catın olduğunu aşkar etdik və həmin dəqiqə “Baku Electronics”in qaynar xətti ilə əlaqə saxladım. Oradan cavab olaraq məhsulu aldığım mağazaya yaxınlaşıb ərizə yazmalı olduğumu və problemin həlli üçün onların yardımçı olacağını bildirdilər, mən elə həmin gün mağazaya yaxınlaşıb ərizə yazdım. Daha sonra “Baku Electronics”in servisindən mənimlə əlaqə saxlayıb televizorun şəklini çəkib atmağımı istədilər və mən televizorun zədəli şəkillərini göndərdim.

Bir həftə sonra servis xidmətindən cavab olaraq burada onların məsuliyyət daşımadıqlarını və televizorun yalnız 1100 azn ödəyəcəyim təqdirdə təmir edəcəklərini bildirdilər. Daha sonra mənim əsaslı arqumentlərimə dayanan iradlarımın qarşısında cavabsız qalsalar da öz məsuliyyətlərini üzərlərindən atdılar və istəyəcəyim yerə şikayət edə biləcəyimi bildirdilər.

Bundan sonra təkidlərimə rəğmən yalnız təmir xərcinin yarısını ödəyəcəyim təqdirdə təmir edəcəklərini bildirdilər və mən haqlı olaraq bu təkliflə razılaşmadım. Etiraz olaraq “Baku Electronics”in Nərimanov mağazasına dəfələrlə yaxınlaşmışam. Mağazanın idarə heyyətindən Ceyhun bəy və Samira xanımla görüşərək iradlarımı bildirmişəm və onlar əsaslı arqumentlərimə rəğmən haqlı olduğumu etiraf etmişlər.

Lakin problemin həllinin onların ixtiyarı xaricində olduğunu və yalnız əsas idarəçilərin qərar verə biləcəyini, bunun ücün də iradlarımı müvafiq şəxslərə çatdıracaqlarını bildirdilər. Orada çalışan Qərənfil adlı xanımın xidməti əlaqə nömrəsini verərək ara-sıra onunla əlaqə saxlayıb ondan cavab gözləməyimi xahiş etdilər.

Bundan başqa, iki dəfə də “Baku Electronics”in baş ofisinə yaxınlaşmışam və oradakı hər hansısa bir şirkət üzrə cavabdeh şəxslərdən biriylə görüş tələb etmişəm. Hər dəfəsində məni oradakı Leyla adlı bir xanıma yönləndiriblər. Zəng etmişəm, hansı kı, o xanım orada sadəcə vasitəçilik rolu oynadığını etiraf etdi və mənimlə cavabdeh şəxslərdən heç birisi görüşmədi.

Həmin xanım da digərləri kimi onlardan cavab zəngi gözləməyimi xahiş etdi. Yalnız 04.05.2023-cü il tarixində “Baku Electronics”dən mənə zəng edərək xeyrimə müsbət rəy verilmədiyini bildirdilər. Aydın olan budur ki, 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən və deyilənlərə əsasən, İranlı tanınmış iş adamı Rza Zərrabın yaxın qohumu olan Bəhram Oromiyə məxsus “NAB Holdinq”in tərkibində fəaliyyət göstərən “Baku Electronics”in sahibləri Azərbaycanın hüquqi dövlət olduğunu unutmuşlar.

Və beləliklə, nə Azərbaycan Respublikasının qanunvericiliyinə, nə də Azərbaycan vətəndaşlarına hörmət göstərmirlər. Azərbaycan vətəndaşlarının istehlakçı hüquqlarını kobudcına pozurlar (Bunu da qeyd etmək vacibdir ki, “Baku Electronics”in satdığı məhsulların heç birinin təlimat kitabçasında Azərbaycanca təlimatlar qeyd edilməyib və bu da Azərbaycan qanunvericiliyinə ziddir).

Hörmətli Eyyub müəllim! Yazıb sizdən xahiş edirəm ki, mövcud problemin ortadan qaldırılmasına köməklik göstərəsiniz, mənim istehlakçı hüququmu qoruyasınız və ödədiyim 1600 manat pulun mənə geri qaytarılmasına dəstək olasınız! Bildiyim qədər bu şirkət tərəfindən istehlakçı hüquqları pozulmuş vətəndaşlarımız çoxdur. Bu səbəbdən vətəndaşların pulunu aldıqdan sonra ona qüsurlu mal verib sonra vətəndaşı dinləməkdən boyun qaçıran şirkətin bu kimi əməlləri barəsində müvafiq dövlət orqanlarına və mediyaya məlumat verilsin ki, vətəndaşlarımız aldadılmasınlar!”.

Redaksiyadan: Əlavə şərhə ehtiyac görmürük və problemə aydınlıq gətirilməsi üçün “Baku Electronics”in məsul şəxsləri ilə əlaqə saxladıq... Bu barədə əlavə bəhs ediləcək. İnanırıq ki, problem ədalətli həllini tapacaq. (Tezadlar.az)

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə WhatsApp (055) 8288841

Bizimlə əlaqə saxlayın